Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb
02 İyul 2026
İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.
Məlumata görə, Ukrayna paytaxtının Darnitski rayonunda dağılmış binanın səkkiz sakini itkin düşüb.
"Xilasedicilər dağıntılar tam təmizlənənədək fasiləsiz işi davam etdirəcəklər", - o, qurbanların sayının artmasını istisna etməyərək bildirib.
19:59
İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəisi Timur Tkaçenko bildirib.
"Kiyevdə Rusiya zərbələrinin qurbanlarının sayı artaraq 22-yə çatıb", - o qeyd edib.
Paytaxt polisinin məlumatına görə, zərərçəkənlərin sayı 100 nəfərə çatıb.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, raketlərdən birinin Darnitski rayonundakı binaya düşməsi nəticəsində 64 mənzil dağılıb, dağıntıların təmizlənməsi davam edir. Kiyevdə ümumilikdə 130-dan çox ev zərər görüb.
16:29
Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.
Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqramda bildirib.
"Təəssüf ki, bugünkü hücumun qurbanlarının sayı artıb. Hazırda 20 nəfərin öldüyü məlumdur", - o yazıb.
Daha əvvəl bildirilmişdi ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları 74 raket və müxtəlif tipli 496 pilotsuz uçuş aparatı daxil olmaqla, 570 hava hücumu vasitəsi ilə Ukraynaya zərbə endirib. Zərbənin əsas istiqaməti Kiyev olub.
Ukrayna tərəfinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 48 raket və 476 pilotsuz uçuş aparatı da daxil olmaqla, 524 hava hədəfini məhv edib.
13:14
Cümə axşamına keçən gecə Rusiya tərəfindən Kiyevə endirilən kütləvi hava zərbəsi nəticəsində həlak olanların sayı 17 nəfərə yüksəlib.
Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat verib.
"Kiyevdə həlak olanların sayı 17 nəfərə yüksəlib. Rusiya zərbəsinin endirdiyi ərazidə qəza-xilasetmə işləri davam edir", – qurumun teleqram kanalında yayımlanan məlumatda deyilir.
Əvvəllər Kiyevdə 13 nəfərin həlak olduğu və 86 nəfərin xəsarət aldığı, onlardan 70-nin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Həmçinin Kiyevdə iyulun 3-ü matəm günü elan edilib.
11:18
Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında kütləvi zərbəsi nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan edilib.
Bu barədə Kiyev meri Vitali Kliçko teleqram kanalında bildirib.
"İyulun 3-ü Kiyevdə düşmənin kütləvi hücumunun qurbanlarının xatirəsinə həsr olunaraq matəm günü elan edilib. Həmin gün şəhərin bütün kommunal binalarında bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda, dövlət binalarında da bayraqların yarıya qədər endirilməsi tövsiyə olunur", - o yazıb.
V.Kliçko, həmçinin bildirib ki, hücum nəticəsində xəsarət alanların sayı 86-ya çatıb, azı 13 nəfər ölüb: "Paytaxtın Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatı davam edir, orada dağıntılar altında insanlar qalmış ola bilər".
08:32
Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində 10 nəfər ölüb, daha 34 şəxs yaralanıb.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və Ukrayna paytaxtının meri Vitali Kliçkoy bildiriblər ki, xilasetmə işləri davam edir.
Daha əvvəl iki nəfərin öldüyü və 20 sakinin xəsarət aldığı bildirilib, lakin axtarış-xilasetmə əməliyyatının gedişində qurbanların və xəsarət alanların sayı artıb.
06:54
Rusiyanın Kiyevə endirdiyi hava zərbəsi nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Ukrayna mediası xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko məlumat yayıb.
Onun sözlərinə görə, saat 05:10-a olan vəziyyətə əsasən 20 nəfərin xəsarət aldığı barədə məlumat təsdiqlənib.
T. Tkaçenko bildirib ki, atəş nəticəsində bütün Kiyev üzrə 28 yerdə zədələnmələr qeydə alınıb: "Əsasən yaşayış binaları və mülki infrastruktur obyektləri ziyan görüb".
05:00
Rusiya qoşunları iyulun 2-nə keçən gecə pilotsuz uçuş aparatları (PUA) və raketlərdən istifadə edərək Kiyevə zərbə endirib.
Ukrayna mediası xəbər verir ki, hücum nəticəsində beş nəfər yaralanıb.
"Hava həyəcanı elan edildikdən sonra hava hücumundan müdafiə (HHM) bölmələri paytaxta bir neçə istiqamətdən yaxınlaşan hədəflərə atəş açıblar", - məlumatda bildirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi Timur Tkaçenko çoxmərhələli kombinəedilmiş hücum ehtimalı barədə xəbərdarlıq edib və sakinləri sığınacaqlarda qalmağa çağırıb. Daha sonra o, ballistik raketlərin tətbiqi təhlükəsi barədə məlumat verib, bundan sonra Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) şimaldan Kiyevə doğru uçan raketlər barədə məlumat yayıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Desnyan rayonunda PUA qalıqları yanğına səbəb olmadan fərdi evin yaxınlığına düşüb. Bundan əlavə, raket zərbəsi nəticəsində insanların köməksiz vəziyyətdə qaldığı doqquzmərtəbəli yaşayış binasına ziyan dəyib.
Şevçenko rayonunda dron qalıqları qeyri-yaşayış binasının ərazisinə düşüb. Daha sonra orada üçmərtəbəli binanın damı yanıb, həmçinin mehmanxanada yanğın baş verib. Bundan əlavə, tibb müəssisəsi qismən dağılıb.
Bundan əlavə, iyulun 2-nə keçən gecə Rusiya qoşunları Xarkovda yaşayış binasına zərbə endirib. Hücumun nəticələri barədə məlumat dəqiqləşdirilir.