Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya dünyanı fəlakətə sürükləyir - Zaporojye AES-i atəşə tutulub

Rusiya hərbçiləri gecə saatlarında Avropanın ən böyük atom elektrik stansiyasına atəş açıblar. Atəş nəticəsində Zaporojye AES-də yanğın başlayıb.

UNİAN xəbər verir ki, atom elektrik stansiyasının işçiləri SOS elan ediblər.

“Diqqət! Rusiyanın texnikası Zaporojye AES-ə atəş açır. Avropanın ən böyük atom elektrik stansiyasında real nüvə təhlükəsi var. Biz Zaporojye AES-i ağır texnikadan atəş açılmasının dayandırılmasını tələb edirik!”- o, videomüraciətdə deyilib.

AES-in yerləşdiyi Enerqodar şəhərinin meri Dmitri Orlov da faktı təsdiq edib.

“Dünya təhlükəsizliyinə təhdid! Düşmənin Avropanın ən böyük atom elektrik stansiyasının bina və bölmələrini davamlı atəşə tutması nəticəsində Zaporojye AES-i yanır!”, - mer bildirib.

Rusiya qoşunları atəşi dayandırmadığından, uzun müddət yanğınsöndürənlərin əraziyə daxil olması mümkün olmayıb. Ancaq səhər saatlarına yaxın razılı əldə olunub, əvvəlcə yanğın lokallaşdırılıb, sonra isə söndürülüb.

Qeyd olunub ki, itki yoxdur.

Ukrayna Prezidenti Volodimir Zelenski martın 4-nə keçən gecə Rusiya ordusu tərəfindən Enerqodardakı Zaporojye atom elektrik stansiyasının atəşə tutulmasından və ardınca AES ərazisində baş verən yanğından danışıb.

Prezident bu cür hücumların Çernobıl faciəsinin təkrarı ilə yekunlaşa biləcəyi barədə xəbərdarlıq edib və dünya dövlətlərini təcavüzkarların əməllərinə təcili cavab verməyə çağırıb:

“Avropa indi oyanmalıdır! Hazırda Avropanın ən böyük atom elektrik stansiyası yanır və Rusiya tankları nüvə bölmələrini atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni hara atəş açdıqlarını bilirlər. Onlar buna hazırlaşırdılar. Burada 6 enerji bloku var. Çernobılda cəmi 1 blok partlamışdı. Ukraynada 15 atom enerji bloku var. Burada partlayış Avropanın sonu ola bilər”, - deyə Ukrayna lideri bildirib.

Zelenski hadisə ilə əlaqədar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniyanın kansleri Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Böyük Britaniyanın Baş naziri Boris Conson və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə əlaqə saxlayıb.