Rusiya Dövlət Dumasına seçkilərdən sonra Ukrayna ilə danışıqlara hazır olacaq
08 Sentyabr 2026
Rusiya sentyabrın 18-20-də keçiriləcək Dövlət Dumasına seçkilərdən sonra Ukrayna ilə danışıqların bərpasına hazır ola bilər.
Fransa mediasının məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfərlərindən sonra bildiriblər.
Yelisey Sarayının açıqlamasına görə isə, amerikalı nümayəndələr Kiyevdə Avropa tərəfi ilə görüş zamanı Rusiyanın danışıqlara münasibətində yeni yanaşmanın olduğunu çatdırıblar.
“Amerikalılar bizə bildirdilər ki, Dövlət Dumasına seçkilərdən sonra Rusiya danışıqlara yenidən hazır olacaq və bu kontekstdə danışıqlar prosesinin bərpasına hazırlaşmaq lazımdır”, – Fransa Prezident Administrasiyasından bildirilib.
Qeyd edək ki, Uitkoff və Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Kiyevə gedərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparıblar.
Uitkoff tərəflər arasında gələcək üçtərəfli danışıqların təşkili istiqamətində “əhəmiyyətli irəliləyiş” əldə edildiyini açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiya-Ukrayna-ABŞ formatında danışıqların bərpasını istisna etmədiklərini, lakin konkret tarix və məkan barədə danışmağın hələ tez olduğunu bildirib.