Rusiya dizeli əvvəlki alıcılarına gedir
21 Oktyabr 2026
ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın dizel yanacağı ixracına qoyulan qadağa qaldırıldıqdan sonra Rusiya dizelinin əvvəlki əsas alıcılara yenidən göndərilməsinə başlanıb. "Reuters" agentliyi bu barədə "Kpler" və "LSEG" şirkətlərinin gəmi daşımalarına dair məlumatlarına istinadən xəbər verir. Son günlər azı iki tankerin Türkiyə və Braziliyaya yola düşəcəyi açıqlanıb.
ABŞ-dən sonra dünyanın ikinci ən böyük dizel yanacağı ixracatçısı olan Rusiya hələ yay aylarında ixracı azaltmışdı. Ukraynanın bu ölkədəki neft emalı zavodlarına etdiyi genişmiqyaslı hücumlar səbəbindən Moskva dizel yanacağının xaricə satışına qadağa qoymuşdu.
2023-cü ildən bəri Türkiyə və Braziliya Rusiya dizelinin ən böyük iki alıcısı olub. Qərb Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalına cavab olaraq sanksiyalar tətbiq etdikdən sonra Moskva neft ixracı marşrutlarını dəyişmişdi.
Oktyabrın 16-da Rusiyanın Baltik dənizindəki Primorsk limanından yola düşən "Leruo" tankerinin təyinat məntəqəsi kimi Braziliyanın Manaus şəhəri göstərilir. Oktyabrın 14-də Primorsk limanından çıxan "Dolunay" tankeri isə Türkiyənin Alanya şəhərinə istiqamətlənib.
"Kpler" şirkətinin məlumatlarına görə, bu il Rusiyadan ixrac edilən dizel yanacağının təxminən 34 faizi Türkiyənin payına düşüb ki, bu da gündəlik 95 min barel deməkdir. Braziliyanın payı isə 24 faiz, yaxud gündəlik 66 min barel təşkil edib.