Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rus silahı: ehtiyacımız varmı?

"Azərbaycan Rusiyadan yeni silah və hərbi texnika növləri almaq üçün müraciət edib". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya Oborona" (Milli Müdafiə) jurnalına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Rusiya prezidenti ilə onu çox böyük etimada əsaslanan münasibətlər bağlayır. "Siyasətçilər arasında, xüsusən qonşu ölkələrin siyasətçiləri arasında bir-birinə bu cür etimadın olması çox vacibdir. Bizim aramızda məhz bu cür münasibətlər mövcuddur. Bir də, əlbəttə, dərin qarşılıqlı hörmət hissi. Bizim məqsədlərimiz tamamilə üst-üstə düşür", – İ. Əliyev deyib.

Azərbaycan son 10 ildə müdafiə və təhlükəsizlik sektoruna milyardlarla manat vəsait xərcləyir. Dövlət büdcəsində bu sektor stabil olaraq ən böyük vəsait alan istiqamətdir. Məsələn, Müdafiə Nazirliyinin məlumatına görə, 2021-ci ilin I yarısında büdcədən müdafiə və təhlükəsizlik üçün 2,533,4 milyon manat xərclənib. Yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə də ən çox artım (73,9 faiz) müdafiə və milli təhlükəsizlik xərcləri üzrə olub.

Azərbaycanın ənənəvi silah partnyorlarının başında Rusiya hərbi sənaye kompleksi gəlir. Müxtəlif mənbələrin yaydığı məlumata görə, Bakı bu ölkədən ümumilikdə 5 milyard dollar dəyərində silah-sursat alıb. Bu fakt Ermənistanı ciddi şəkildə narahat edib, iki ölkə rəsmiləri arasında polemikalarda da bu narazlıq açıq mətnlə ifadə olunub. Kreml isə açıq bəyan edib ki, Azərbaycan yaxşı pullar ödəyən müştəridir, Ermənistan isə həmişə silahı bizdən güzəştli şərtlərlə alır. 

2016-cı ilə baş vermiş 5 günlük aprel müharibəsində Azərbaycan Ordusunun öz arsenalını kifayət qədər zənginləşdirdiyi üzə çıxdı. Həmin ildə prezident İham Əliyev Azərbaycanın İsraildən 4,85 milyard dollar dəyərində silah aldığını bildirib. O ərəfədə Bakının İsraildən ''Dəmir qübbə'' hava və raket hücumundan müdafiə kompleksi aldığı barədə də məlumatlar yayılıb. Sonrakı illərdə Azərbaycan İsrail və Türkiyə texnologiyasına əsaslanaraq öz hərbi sənayesini inkişaf etdirməyə başladı. Bununla bərabər, adıçəkilən ölkələrin yeni nəsil silahlarını da ordunun arsenalına cəlb etdi.  

44 günlük müharibə bu strategiyanın uğurunu təsdiqlədi, Azərbaycan Ordusu yeni silah sistemləri, pilotsuz uçuş aparatları, zərbə dronları hesabına Ermənistan ordusuna ağır zərbə vurdu. Bu hadisə hərb tarixində yeni səhifə açdı, hətta dünyanın qüdrətli ölkələri də yeni nəsil silahların geniş tətbiq olunduğu Vətən müharibəsi təcrübəsini öyrənməyə başladılar.   

Ötən ay İsrail mediası Azərbaycanın bu ölkə ilə 2 milyard dollar dəyərində silah təchizatı ilə bağlı müqavilə imzalamaq üçün danışıqlar apardığı barədə xəbər yaydı. Tərəflərin bu xəbəri təkzib və ya təsdiq etməməsi hərbi əməkdaşlığın yüksələn xətt üzrə davam etdiyini göstərir. 

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi məhz İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi də Azərbaycana göndərilib. Paralel olaraq, Qarabağ müharibəsində populyarlıq qazanan Türkiyə hərbi sənayesi məhsullarının ilk alıcılarından bir də Azərbaycandır.

44 günlük müharibədən sonra Ermənistan ordusunun məhv edilmiş və ya qənimət kimi ələ keçirilmiş hərbi texnikası, HHM vasitələri, artilleriya qurğuları və s. silah sistemləri Bakıda yaradılmış Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Onların hamısı istisnasız olaraq Rusiya hərbi sənayesinin məhsullarıdır. Hərbi ekspertlər Rusiya silahının İsrail və Türkiyənin yeni nəsil silahları qarşısında rəqabətə davamsız olduğunu, bu səbəbdən silah bazarında sürətlə nüfuzunu itirdiyini bildirirlər. 

Maraqlıdır, bütün bunlar məlum olduğu halda, Azərbaycan hansı səbəbdən yenə Rusiyadan silah alacaq?



Hərbi ekspert Azad İsazadə "Pressklub.az"a bildirdi ki, hazırda Azərbaycan Ordusunda kifayət qədər Rusiya hərbi texnikası istifadə olunur. O, əlavə edib ki, müharibə vaxtı da bu texnikaların imkanlarından yararlanmışıq. "Bu texnikaların sursatını, ehtiyat hissələri Rusiya hərbi sənayesindən almalıyıq, habelə təmir məsələsi də ora ilə bağlıdır", - deyə ekspert qeyd etdi. 

A.İsazadənin sözlərinə görə, məsələn, artilleriya sistemlərində topun lüləsi həddindən artıq istifadə olunanda dəyişdirilməlidir: "Yaxud, yeni döyüş topları almaq lazımdır. Bundan başqa, döyüş texnikasının sıradan çıxanlarını yeniləmək lazımdır. Ona görə də çatışmayan silah-sursatı, hərbi texnikanı, onların ehtiyat hissələrini Rusiyadan almalıyıq". 

Hərbi ekspert deyir ki, Azərbaycan hazırda bir neçə mənbədən silah alır: "Bu, bizim yalnız bir mənbədən asılı olmadığımızı göstərir. Biz İsrail, Türkiyə, Belarus və Ukrayna ilə silah ticarəti aparırıq. O cümlədən, hələlik Rusiyadan da silahlar alırıq". 

Azad İsazadə təsdiq edir ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya silahının nüfuzu azalıb:

"Müharibə göstərdi ki, bu silahlar o qədər də effektli deyil. Onu da yaddan çıxarmayaq ki, Rusiya Ermənistana sonuncu nəsil texnikalarını satmayıb. Biz isə pulla bu ölkədən müasir silahlar əldə etmişik, yəqin ki, yaxın illərdə onlardan istifadə etməli olacağıq". 



Hərbi ekspert Ədalət Verdiyev də "Pressklub.az"a bildirdi ki, Azərbaycan Ordusunun demək olar, zirehli texnika parkı və reaktiv atəş sistemlərinin bir çoxu tamamilə Rusiya istehsalıdır: 

"Müharibə zamanı istifadə etdiyimiz silah-sursatların yerini doldurmaq üçün Azərbaycanın Rusiyadan yeni hərbi texnika və onların sursatlarını alacağı gözlənilir. Məsələn, "T-72", "T-90" tankları və onların ehtiyat hissələri, zirehli transportyorlar, "BMP-2" və "BMP-3" və onların sursatları "Qrad", "Smerç" kimi reaktiv atəş sistemlərinin alınması müqaviləyə daxil ola bilər".

Turqut