Rubrika: Bir anın düşüncəsi
Demokratiya da avtoritarizm qədər təhlükəli ola bilər
09 Mart 2026
İki prezident: Tramp və Putin. Biri dünyanın ən güclü, demokratik ölkəsinin rəhbəridir. Digəri isə ən böyük dövlətin başçısıdır – avtoritarlığın ən sərt forması ilə idarə olunan ölkənin.
Tramp hakimiyyətə demokratik seçkilərin nəticəsində gəldi. O, müharibələri bitirəcəyinə söz verirdi və bildirirdi ki, əgər dalbadal ikinci müddətə prezident seçilsəydi, bu vaxta qədər ən böyük və ən qanlı silahlı münaqişə olan Rusiya–Ukrayna müharibəsi ümumiyyətlə baş verməzdi. O, tezliklə qayda-qanun yaradacağını və hamıya sülh gətirəcəyini vəd edirdi.
Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından bir ildən bir qədər çox vaxt keçib. O, nəinki Rusiya–Ukrayna müharibəsini dayandıra bilməyib, əksinə, özü İrana hücum edib və dünyanın ən təhlükəli regionunu əhatə edən daha genişmiqyaslı müharibəyə başlayıb. Ən pis ssenarilər baş verərsə, bu münaqişə Cənubi Qafqazı da öz orbitinə çəkə bilər.
Əcaib vəziyyət yaranıb: bu gün artıq Rusiya prezidenti Trampı sülhə və qayda-qanuna çağırır. Onun mətbuat katibi, ABŞ və onun müttəfiqi İsrailin İrana qarşı müharibədəki hərəkətlərinə açıq şəkildə işarə edərək deyir:
“Biz hamımız beynəlxalq hüquq adlandırdığımız anlayışı itirmişik. Açığını desəm, indi kimisə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çağırmağın necə mümkün olduğunu anlamıram. O, faktiki olaraq artıq yoxdur. De-yure mövcuddur, lakin de-fakto artıq yoxdur. Açığı, indi beynəlxalq hüququn yerinə hansı hüququn gəldiyini çətin ki kimsə dəqiq ifadə edə bilər. Bu mövzu haqqında yalnız politoloji mülahizələr yürütmək olar, lakin heç kim aydın tərif verə bilməz”.
Bu sözləri kimin dediyini bir kənara qoysaq, ona etiraz etmək çətindir. Dünya bax beləcə dəyişir. Bəlkə, dünya dəyişmir, sadəcə dünyanın güclüləri yerlərini dəyişirlər?
Həyat göstərir ki, müəyyən şəraitdə demokratiya da avtoritarizm qədər təhlükəli ola bilər.
Arif Əliyev
Foto: AFP