Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

“Qumbaranı götürdüm ki, partladacam, hamımız ölək...” – İTKİNLƏR – VÜSALƏ MƏMMƏDOVA YAZIR

“İtkinlər” layihəsinin ilk sayında “Pressklub.az” oxucularına Kəlbəcərin Başlıbel sakini Ələsgər Ələsgərovun sonu məlum olmayan kədərli hekayəsini təqdim etmişdik. Bu dəfə isə həmin ailənin başqa bir istiqamətdə itkin düşən gəlini, 26 yaşlı Naibə Kazımovanı tanıyacaqsınız. Bu barədə onu sonuncu dəfə görən həyat yoldaşı Allahverdi Kazımovla elə hadisə yerində, Kəlbəcərin Nadirxanlı kəndində, Tərtər çayının sahilində söhbət etdik.

Dolanıb gedən dağ yolunun sağı ilə çay axır, solda isə sıldırım qayalıqlar ucalır. Müsahibim yaşla dolmuş gözləri ilə ətrafı diqqətlə nəzərdən keçirir. Tez-tez titrəyən əlləri ilə gözlərini silir. Mən isə onu izləyir, öz-özümə düşünürəm:

- İlahi, bir faciənin baş verdiyi yerə 28 ildən sonra qayıdarkən hər hansı bir nişanəyə rast gəlmədən o nöqtəni necə müəyyən etmək olar?

O isə qətiyyətli addımlarla sağa-sola gəzişir, dayandığı yerdən qarşıdakı qayalığa baxır, geri çevrilib çaya nəzər yetirir, yenidən qayalara çevrilib gözləri ilə çağırır, fəryad edir. Nəhayət, bir nöqtədə dayanıb, əminliklə, “bax, buradır!” deyir. Sanki fikirlərimi oxuyurmuş kimi əlavə edir:

- Dəqiq buradır! Baxmayın, ətrafda heç bir nişanə qalmayıb. Buralar çox dəyişib, heç onda yol da bu qədər geniş deyildi, bu dayandığımız yol dar bir dolanbac idi. Ancaq hadisə dəqiq burada, bu yerdə baş verib... Ona qayıdacağıma söz vermişdim. Bilmirdim ki, 28 il sonra qayıdacağam, ancaq bilirdim ki, nə vaxtsa qayıdacağam. Buna görə də hər daşın, qayanın şəklini də yaddaşıma həkk edib, xəyalımda hər gün onun arxasınca buraya qayıtmışam... Əmin olun, həmin gün həyatımın ən məşəqqətli günü olsa da, onu yaddaşımda o qədər canlı saxlamışam ki, mən bu yeri bir addım da yanılmaram... 

 Allahverdi və Vüsal Kazımovlarla Kəlbəcərdə

- Siz kəndi tərk etmək məcburiyyətində qalanda 1993-cü il aprel ayının 1-i idi. Bir gün öncə - martın 31-də Ermənistan silahlı birləşmələri Kəlbəcərə daxil olub, “tunel”in o başında amansız qırğın törətmişdi...

- Bəli, artıq tunel yolu bizim üzümüzə bağlanmışdı. Ancaq biz hələ bütün bunlardan xəbərsiz idik. Atam məni çağırıb dedi ki, Ələkbərin uşaqları böyükdür, lazım gəlsə, dağlarla çıxa biləcəklər. Sənin övladların isə lap körpədir, hələ ayaqları yer tutmur... Həmin vaxt oğlum Vüsalın 4, qızım Fərqanənin isə 3 yaşı var idi. Kəndin adamları kolxozun QAZ-52 markalı yük maşını ilə yola düşməyə hazırlaşırdı. Sürücü də əmim oğlu Ziyəddin idi. Atam belə məsləhət gördü ki, mən həyat yoldaşımla uşaqları da götürüb, kənd camaatı ilə birlikdə həmin avtomobillə gedək. Sağollaşıb – heç vaxt ağlıma gəlməzdi ki, atamla vidalaşıram, - halallaşıb, yola düşdük. Axşamüstü saat təxminən 6-7 radələrində yolda dedilər ki, “tunel bağlanıb!”. Yenə ağlımıza da gəlmədi ki, tuneldə qırğın törədilib... Geri qayıtdıq.

- Geriyə, hara? Başlıbelə?

- Yox, Murova üz tutmaq məcburiyyətində idik. Maşınla gəlib kəndlərin birində gecələdik. Səhər hava işıqlaşar-işıqlaşmaz yola düşdük. Ancaq yollar elə qarlı idi ki, yük maşını gedə bilmədi. Hamımız maşından düşüb, piyada yolumuza davam elədik. Hava soyuq, şaxta bıçaq kimi kəsir, qızımızı həyat yoldaşım yun şalla kürəyinə bağlayıb, oğlumuzu isə mən boynuma almışam... Səkinə bibim, əmim oğlanları Ziyəddinlə Qoşqar, digər kəndçilərimiz də yanımızdadır. Başqa kəndlərdən də tanımadığım xeyli adamlarla saatlarla yol gəldik... İndiki kimi deyildi, telefon yox, saat yox... Ona görə də dəqiq saatı deyə bilməyəcəm, ancaq biz Nadirxanlı kəndinə çatanda təxminən günorta vaxtı olardı... Gördük qarşıdan bir tank gəlir, ürəkləndik. Düşündük ki, yəqin bizim əsgərlərdir. Tankın üstündəki əsgərlər ermənicə danışıb, avtomatdan atəş açanda qarışıqlıq düşdü, sola çevrilib, dağlara, qayalara üz tutduq. Tank irəliləyib, çayın kənarında dayandı. Üzünü dağa tərəf çevirib başladı yuxarıdakı qayalıqları vurmağa... Səsləri təsəvvür edə bilməzsiniz, insanların fəryadı, körpələrin çığırtısı, silahların səsi, partlayıb dağılan qayaların şaqqıltısı və yuxarıdan üstümüzə tökülən daşların uğultusu...

- Və bu dəhşətin içində uşaqlarla daldalanmağa yer yoxdur. İrəliləməyə məcbursunuz...

- Dayanmaq ölüm, geri qayıtmaq girovluq, irəli getmək isə qeyri-müəyyənlik idi... Biz körpələrimizlə o qeyri-müəyyənliyə doğru qaçırdıq... Nə güllə yağışından qoruna bilirdik, nə də başımıza yağan daş yağışından... Xeyli qalxmışdıq ki, bir də gördüm, yoldaşım yıxıldı. Tez Vüsalı yaxınlıqdakı böyük bir daşın arxasında gizlətdim, dedim, arxadan açılan atəşdən daş qoruyar, qarşıdan gələn daşlardan da Allah! Sonra qaçıb Fərqanəni Naibənin kürəyindən açıb, Vüsalın yanına gətirdim. “Tərpənməyin”, dedim. Sonra əmim oğlu Qoşqarla birlikdə Naibəni sürüyüb, uşaqların yanına gətirdik... Güllə ayağından dəymişdi, ancaq hara əl atırdım, əllərim qan olurdu... Bəlkə bir neçə yerdən yaralanmışdı, bilmədim.

Mənim üstümdə “limonka” var idi, dar gün üçün özümlə gəzdirirdim. Gördüm, atəş kəsmək bilmir, yaralı qadınla üzü yuxarı qalxmaq, körpələrlə xilas olmaq ağlasığmaz görünür. Düşündüm ki, biz buradan çıxa bilməyəcəyik, ölüm girovluqdan yaxşıdır. Naibənin, uşaqların gözünə baxdım... Dedim ki, bu “limonka”nı partladacağam, hamımız bir yerdə öləcəyik, ancaq qoymayacağam heç birimiz əsir düşək. Bibim də yanımızda idi, heç kim dinmədi, ancaq Vüsal başladı ağlamağa... Əllərim əsdi... Naibə qayıtdı ki, “uşaqları buradan çıxart...” Bibim cavab verdi ki, uşaqları çıxardacağıq... Naibə yun şalını Fərqanəyə büküb, mənə bir də tapşırdı: “Allahverdi, uşaqları buradan çıxart!” Bibimə çevrildi: “Bibi, uşaqları çıxartsın!”

- Bütün bu müddəti qumbara sizin əlinizdə idi?

- Yox, elə Vüsal ağlayanda mən qumbaranı kənara atdım... Bildim ki, bacarmaram... Ancaq onun istəyini də yerinə yetirmək asan deyildi. Onu bu güllə və daş yağışının altında köməksiz qoyub, uşaqları hara çıxardım? Bibimgilə dedim ki, siz gedin, mən qalıram. Naibəni belə qoyub gedə bilmərəm. O isə israr edirdi... Ancaq bir söz deyirdi – “Uşaqları çıxart!” Bibimə döndü ki, uşaqları sizə əmanət edirəm... Nə qədər imkanınız varsa, onları buradan sağ-salamat çıxardın.

Paltosu qanın içində idi, mən öz paltomu çıxardıb onun üstünə saldım, Fərqanəni həmin yun şalla kürəyimə bağlayıb, Vüsalı qucağıma aldım. “Nigaran qalma, söz verirəm, uşaqları buradan sağ-salamat çıxardacağam. Hələ sənin də arxanca qayıdacağam. Mütləq qayıdacağam!” dedim. O isə dayanmadan eyni sözü təkrarlayırdı: “Tez ol, vaxt itirmədən uşaqları buradan çıxart! Onları xilas elə!” Sonuncu dəfə ona qayıdacağımı deyib, yola düşdüm...

Arada Fərqanəni bibimin kürəyinə bağlayırdıq, ancaq o da yaşlı qadın idi, dağlarda qarın içi ilə hərəkət etmək asan deyildi... Yanşaq kəndindəki asfalt yola çatanda balasını bağrına basıb qaçan insanlar o qədər idi ki, bu qarışıqlıqda bibimi də, əmim oğlu Qoşqarı da itirdim.

İki uşaqla tək gəlirdim. Heç vaxt unutmuram... Meşənin içində böyük bir daş gördüm, çəkilib orada oturdum. Vüsal kürəyimdə yatmışdı. Fərqanə isə qucağımda ağlayırdı... Sakitləşdirməyə çalışırdım, ancaq körpədir, ana istəyir, yemək istəyir... Adamlar yanımdan keçib getdi... Bir də başımı qaldırdım ki, lap tək qalmışam... Dağlıq, meşə, gecənin zülməti və iki körpə ilə geri qayıtmaq üçün irəli tələsən adam... Bəlkə inanmayacaqsınız, ancaq mən qabaqdakı insanların xışıltısına gəldim o yolu...

- Hara qədər gələ bildiniz?

- Murovacan. Burada artıq camaata qoşuldum. Qarşımıza hərbçilər çıxdı. Dedilər ki, kişili-qadınlı hara gedirsiniz? Kişilər geriyə qayıtsın. Mənə də dedilər ki, uşaqları ver anasına, cavan adamsan, qayıt geriyə... Özümdən asılı olmadan hönkürdüm... “Anaları orada qaldı” dedim... O vaxt orta yaşlı bir hərbçi mənim yaxamdan tutub, çəkib adamların arasından çıxartdı, bir “Niva”ya əyləşdirib, dedi bu adamı aparın, balaları yetim qalmasın... Allah ondan razı olsun. 

Sürücü məni yolun bir hissəsinə qədər gətirib sonra dedi ki, qardaş, bizim adamlarımız var, arxalarınca qayıtmalıyam, buradan o yana gedə bilməyəcəm. Qabaqda “yol evi” var, ora gedərsən... Gəldim ki, qaynatamgil “yol evi”ndədir. Hadisəni danışdım, dedim mən qayıtmalıyam. Siz uşaqların yanında qalın, mən gedim görüm Naibəni necə çıxardıram. Yaralı qoyub gəlmişəm...

Rəhmətlik qayınatam Alzaman da mənimlə gəldi. Geri qayıtmaq üçün o vaxtın pulu ilə 400 rubla maşın tutduq. Sürücü yaşlı adam idi. Sonradan biz hərbçilərlə danışanda başımıza gələni eşitdi və pul almadı. Dedi elə bilirdim heyvan, mal-qara arxasınca gedirsiniz, bilmədim yaralı gətirməyə gedirsiniz...

- Maşınla haracan gələ bildiniz?

- Murova qədər, oradan o yana ayaqla gedəcəkdim.

Bura qədər olan söhbətimizi mənə göz yaşı ilə danışan Allahverdi Kazımov bu yerə çatanda üzünü qayalara tərəf çevirib, sanki səsini gözünü zillədiyi daşın arxasına çatdırırmış kimi hündürdən davam etdi: 

- Murovda hərbçilər qarşımızı kəsdilər ki, getmək olmaz. Mən qulaq asmayıb, keçib gedirdim. Bir zabit qayınatamın yaxasından tutub dedi ki, ağsaqqal, sənin bir ayağın gora tərəf titrəyir, o isə cavandır! Onda mənim 29 yaşım var idi... Zabit dedi ki, o tərəfə düşən kimi ermənilər onu ya vuracaqlar, ya da girov götürəcəklər. Bəs o iki uşağı kim saxlayacaq? Necə olacaq onların axırı? Əmin olun, yaralınız artıq rəhmətə gedib. Yaralı adam bu qarın, şaxtanın içində nə qədər yaşaya bilər? Məcbur olub, geri qayıtdıq... Səhəri günü yenə getdik... Yenə eyni vəziyyət... Düz üç gün dalbadal getdik, hərbçilər bizi buraxmadı... Dedilər ki, başa düşün, Kəlbəcər artıq işğal olunub!

- Bəs bütün bu müddət ərzində uşaqlar elə “yol evi”ndə qalmışdı?

- Qaynım Şakirin yoldaşı Yevlaxdan idi, onlar uşaqları götürüb aparmışdılar. Bizi Şakirin qaynıgildə gözləyirdilər. Biz isə əlimiz hər tərəfdən üzüləndən sonra qayıdıb gəldik... Sonuncu dəfə aprelin 5-də Murovda hərbçi ilə mübahisəmiz oldu, keçə bilmədik... Artıq Qamışlı kəndi də işğal olunmuşdu. Allah rəhmət eləsin, Alzaman kişi o qarda, çovğunda üç gün mənimlə bərabər Murova qalxıb, qayıtdı... Məni tək qoymadı...

- Qardaşınız qızı Tacirə xanım mənə danışdı ki, biz 113 gün kahalarda yaşayandan sonra mühasirədən çıxıb gedib Yevlaxda əmimgili tapanda gördük uşaqlar analarından qalan yun şala sarılıb, onun gələcəyini gözləyirlər...

- Uşaqlar o şalı qucaqlarından yerə qoymadılar... Mən Naibənin son arzusunu həyata keçirdim. Uşaqları xilas etdim, 300 manat maaşla onları böyütdüm, oxutdum. Hər ikisi ali təhsil aldı, ailə qurdu. Bütün bu illər ərzində nə zaman övladlarımın üzünə baxdımsa, onun son sözləri qulağımda cingildədi: “Uşaqları çıxart. Uşaqları sənə tapşırıram, uşaqları çıxart!” O səs qulağımdan getmir ki, getmir... Balalarının xilası onun son arzusu idi... 

- Oğlunuz Vüsal o günlərdən yalnız ermənilərlə qarşılaşdıqları anı və anasının necə vurulmasını xatırlayır...

 Vüsal Kazımov Vətən Müharibəsində

- Həmişə bir gün anasının qisasını alacağını deyirdi. Vətən müharibəsi başlayanda könüllü müraciət etdi, dedi mən bu günü illərlə gözləmişəm. Müharibədə iştirak etdi, “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi. İndi Gəncədə uşaq həkimi kimi işinə davam edir. Mənim sizdən bir xahişim olacaq, burada onca dəqiqə gözləyin, mən dağa qalxıb o daşın arxasına, Naibəni söykədiyim yerə baxım...

- ...

- On dəqiqəyə qayıdacağam. Onca dəqiqəyə! Bəlkə heç olmasa bircə sümüyünü tapa bildim? Bəlkə bir nişanəsi qalıb... Ümiddir də... umid... Gəlirəm indi...

Mən ona necə “getmə” deyim? İllər öncə burada yaralı qoyub getdiyi sevdiyi qadına geri qayıdacağına söz verib axı...

Mən ona necə “get” deyim? O vaxt sözünü tutmağa mane olan erməni işğalının izləri hələ də bu torpaqlarda qalmaqdadır. Bizi müşahidə edən hərbi polisin “yoldan çıxmayın” xəbərdarlığını necə pozum?

Və ən çətini – mən ona necə “orada heç nə tapmayacaqsınız” deyim? “QSM-7”dən gələn səsi unutmamışam axı... 1993-cü ilin aprelin 1-də Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülən azərbaycanlıları təcili məhv edib basdırmaq tələb olunurdu. Çünki törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən və jurnalistlərdən gizlətmək istəyirdilər. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətnini 1993-cü ilin aprel ayının 6-7-də lentə almışdı...

Müsahibimin yaşlı gözlərinə baxa-baxa susmağım mənim vicdanımdan ağır bir daş kimi asılıb qaldı... Bir gün onunla həmin daşın yanına birlikdə qalxmaq ümidi ilə...

Vüsalə Məmmədova
Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İtkinlər: 4000-dən hər biri" layihəsi çərçivəsində hazırlanmışdır .

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.