Logo
news content
User
Kateqoriyalar

Xəbər

Qadınların bədəni də onundur!


Artıq bir müddətdir ki, Türkmənistanda qadınlara kirpik taxdırmaq, botoks iynəsi vurdurmaq, qaş çəkdirmək, saç boyamaq və avtomobilin ön oturacağında oturmaq qadağan edilib. Dünyanın bu ən qapalı ölkələrindən birində qadağalar çox vaxt qeyri-rəsmi xarakter daşıyır, bu isə o deməkdir ki, onlara qarşı çıxmaq mümkün deyil.





Bu yeniliklər martın 12-də atası Qurbanqulunun yerinə keçmiş 40 yaşlı dövlət başçısı Sərdar Berdıməhəmmədov əmriylə tətbiq edilir. Birinci Prezident Türkmənbaşının dövründən bu yana hakimiyyətdə qadınlara necə davranmaları olduğunu öyrətmək ənənəsi yaranıb.





"Türkmənlər ümid edirdilər ki, yeni təyin olunmuş Prezident Sərdar Berdiməhəmmədov atasından daha mütərəqqi bir yol seçəcək, amma ciddi şəkildə yanıldılar" - Beynəlxalq Planlı Valideynlik Federasiyasının (IPPF) bəyanatında belə deyilir.





Təşkilatın məlumatına görə, Türkmənistanda abortlar faktiki olaraq qadağan edilib və bundan sonra hamiləliyə son vermək üçün icazə müddəti 12 həftədən 5 həftəyə endirilib. Amma qadınların çoxu belə qısa vaxtda hamilə olduqlarını heç bilmirlər də.





İPPF xatırladır ki, “Hökumət qanunu ilk dəfə 2015-ci ildə - heç bir ictimai müzakirə olmadan, bir gecənin içində, yəni faktiki olaraq gizli şəkildə qəbul və dərc edib”.





“Ənənəyə zidd”


Qadınlar

Qadınlar deyirlər ki, mayın əvvəlindən etibarən taksi sürücüləri hansısa fərmana (türkməncə - adət) istinad edərək onların qabaq oturacaqda əyləşməsinə icazə vermirlər.





Ortada sözügedən qadağalarla bağlı hər hansı sənəd və ya sərəncam yoxdur. Bu, Türkmənistanda tez-tez rast rast gəlinən “şifahi qanun”  ənənəsidir – Prezident nəyisə şifahi şəkildə əmr edir və heç bir yerdə dərc olunmayacaq sərəncam imzalayır.





“Turkmen.news” saytının redaktoru Ruslan Myatiyev deyir ki, “Türkmənistanda 2017-ci ildən bu yana yazılı və ya şifahi heç bir səbəb göstərmədən qadınlara sürücülük vəsiqəsi verilmir, ona görə də indi tətbiq edilən məhdudiyyətlər çoxlarını təəccübləndirmir. Yəqin ki, hansısa idarədaxili qərardan söhbət gedir”.





Myatiyev əslən Türkmənistandandır, yerli hakimiyyət orqanlarının qadağalarıyla özü də üzləşib: hələ 2000-ci illərdə - şortik geyinmiş olanda  onu xalqa xidmət mərkəzlərinə buraxmırlarmış.





Myatiyevin sözlərinə görə, tanışları və oxucuları ona hazırda vəziyyətin absurd həddə çatdığını bildirirlər: “Mən beş mənbəmdən avtomobilin qabaq oturacağında əyləşməyi xahiş etmişdim. Yol polisi beş maşını da saxlayaraq onların arxa oturacağa  keçmələrini istəyib”.





Jurnalist əmindir ki, qadınlar bundan sonra hər şeyi gizli şəkildə edəcəklər: “Bütün bu təcrübələr yox olmayacaq, sadəcə “yerin altına” keçəcək”.





Cərimələr və ixtisarlar




Digər qadınlar deyirlər ki, dövlət idarələrində onlara uyğun paltar geyinməyi, dırnaqlarındakı manikürü və qaşlarındakı döyməni silməyi tövsiyə ediblər.





“Azatlık” radiosu xəbər verir ki, dodaqlarındakı gelə və qaşlarındakı tatuaja görə müxtəlif aviaşirkətlərdən 20-yə yaxın stüardessa işdən çıxarılıb.





Bəzi qadınları sadəcə cərimələyiblər, bəziləri isə guya döşlərinə implant taxdırdıqlarına və ya dodaqlarını böyütdüklərinə görə işlərini itiriblər.





Paytaxtdakı gözəllik salonlarının sahiblərinə xəbərdarlıq edilib ki, qadağan olunmuş xidmətlərə görə cərimələnəcəklər və hətta 15 sutka həbs oluna bilərlər.





Şahidlərin sözlərinə görə, polis ictimai yerlərdə reydlər keçirərək taxma dırnaqları və ya kirpikləri olan qadınların saxlayır.





"Yeni qadağalar mənə heç bir şəkildə təsir etmədi, sanki başqa bir dünyada yaşayıram" - Umida (öz xahişiylə adı dəyişdirildi) BBC-yə belə deyib.





O, paytaxt Aşqabadda yerləşən beynəlxalq şirkətlərdən birində çalışır, həmişə manikürlü və taxma kirpikli olur.





Umida işə əsasən taksiylə gedir və öz istəyilə həmişə arxa oturacaqda əyləşir, milli paltarı isə yalnız ailə bayramlarında geyinir.





Onun qənaətinə görə, qadağalar ilk növbədə dövlət idarələrində işləyənlərə şamil edilir.





Hakimiyyət nümayəndələrinin fikrincə, kosmetik prosedurlar həm ənənəvi dəyərlərə ziddir, həm də hisslərin ictimai yerlərdə təzahürüdür.





“Azatlık” radiosu yazır ki, Məryəm şəhərində ictimai yerlərdə əl-ələ tutan bir neçə cütlük həbs edilib.





Həmin şəxslər bir daha ictimai yerlərdə hisslərini nümayiş etdirməyəcəkləri barədə ərizə yazandan sonra sərbəst buraxıldıqlarını bildiriblər.





Sərt tərbiyə


Ekstravaqant atasından fərqli olaraq Sərdar Berdiməhəmmədovu “sakit siyasətçi” adlandırırlar

Təxəllüslə yazan Türkmənistan politoloqu Sərdar Aytakov deyir ki, əslində, məhdudiyyətlərlə bağlı qərar çoxdan verilib, sadəcə tətbiqi yeni Prezidentin fəaliyyətə  başlamasıyla üst-üstə düşüb.





"Türkmənistan vətəndaşlarının çoxu ölkə daxilində miqrantdır, onlar faktiki olaraq ölkənin siyasi və dövlət həyatında iştirak etmirlər. Ona görə də indiki qadağalardan xeyli əvvəl baş verənlərdən - bütün universitetlərdəki və bəzi məktəblərdəki  “türkmənlərin milli adət-ənənələri, ailənin müqəddəsliyi, uşaqların tərbiyəsi və etika" haqqında seminar və mühazirələrdən xəbərsiz olublar.





Bu seminarlar tezliklə "ictimai sağlamlıq" sahəsində vintlərin sıxılacağından xəbər verirdi. İlk zərbə qadınlara dəydi".





Politoloqun fikrincə, yeniliklər eks-Prezident Qurbanqulu Berdıməhəmmədovun “Həyatımın mənası” adlı sayca 57-ci kitabının nəticəsidir. Kitab “türkmən xalqının min illər boyu nəsildən-nəslə ötürdüyü milli mənəvi-əxlaqi dəyərlərdən” bəhs edir.





Sərdar uşaq vaxtı sərt tərbiyə alıb, qadının yalnız ana və evdar qadın olması ideyası üzərində qurulmuş ənənəvi dəyərlərin davamçısı kimi böyüyüb.





Politoloq Berdıməhəmmədovlar ailəsini tanıyan bir məmurdan sitat gətirir: "Sərdarı evdə çox sərt üsulla, tam tabeçilik ruhunda tərbiyə ediblər. Məktəbdə və universitetdə isə onu Niyazovun yaydığı ultramillətçilik və psevdo-ənənəçilik atmosferi - qadının yalnız ana və evdar qadın ola biləcəyi,  emansipasiya təzahürünün anomaliya hesab olunduğu mühit əhatə edib.





Amma qadınlara fərqli münasibətinə və dünyagörüşünün nisbətən genişliyinə görə Sərdar atasından arzuolunmaz şəkildə fərqlənir - gəncliyi diskotekalı, emansipasiyalı və kosmopolit 1970-1980-ci illərə təsadüf edib.





Bolluq içində, zərif və sosiallaşmağı sevən biri kimi böyümüş Sərdar mənəvi baxımdan daha çox Saparmurat Niyazovun oğludur, nəinki Qurbanqulu Berdıməhəmmədovun".





Eyni zamanda, politoloq qeyd edir ki, Sərdarın qanunvericilik fəaliyyətindəki “xırda repressiyalar” tendensiyası Türkmənistan hakimiyyətinin əhalini həbslər və cərimələr, qadağalar və psixoloji təzyiqlər qorxusu altında, yəni cilovda saxlamaq təcrübəsinin davamıdır.





Yeni siyasi kurs - ədəbli olmağa doğru


qadınlar

Keçmiş Türkmənistan Prezidentinin yeganə oğlu, 40 yaşlı Sərdar Berdıməhəmmədov bu ilin mart ayında keçirilmiş seçkilərdə 72 faiz səslə qalib gəlib.





Analitiklər deyirlər ki, eks-Prezident oğlunu çoxdan hakimiyyətə hazırlayırdı və onun ləkələnməmiş reputasiyası var.





Məhz Sərdarın - gənc və sanki atasından daha mütərəqqi adamın məhz qadınlarla bağlı qadağalar tətbiq edəcəyinə ölkədə çox az adam inanardı.





Türkmənistan dünyanın və regionun ən qapalı ölkələrindən biridir. Bəzi qadağalar qeyri-rəsmi xarakter daşıyır və internet məhdudiyyətləriylə birlikdə çox vaxt dünya ictimaiyyətinin xəbəri olmadan qüvvəyə minir.





Sərdar Berdiməhəmmədov qadınlara nə necə geyinməyi və öz bədənləriylə necə davranmağı əmr edən ilk Prezident deyil.





İlk cığırı Saparmurad Niyazov açmışdı.





Türkmənistanın birinci Prezidenti hesab edirdi ki, qadının yeri evdir və onu “dövlət işlərinə” yaxın buraxmaq lazım deyil. Evdə isə qadın ilahədir və ailənin rifahına cavabdehdir - 21 il hakimiyyətdə olan və Türkmənbaşı titulunu alan (bütün türkmənlərin atası) Niyazov bu ideyanı inkişaf etdirirdi. O, türkmən kimliyilə bağlı fikirlərini hazırda məktəblərdə öyrədilən “Ruhnamə”  kitabında toplamışdı.


Qadınlar




Eynilə Niyazov kimi, ata Berdıməhəmmədov da 64 yaşında “Ruhnamə” adlı kitab yazıb.





Türkmənistanın yeni “başçısı” isə (“Sərdar” adı türkmən dilindən belə tərcümə olunur)  o yaşa çatmağı gözləmədən qadınlarla bağlı qadağalar tətbiq etməyə başlayıb.