Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin Trampın elçilərinə: "Avropa nə istədiyini aydınlaşdırmalıdır – sülh, yoxsa müharibə"

Noyabrın 12-də Moskvada Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner ilə görüşüb. Görüş təxminən iki saat yarım davam edib.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, "aparılan söhbət və fikir mübadiləsi əvvəlki bütün görüşlər kimi olduqca məzmunlu, konstruktiv və faydalı olub". Uşakov bildirib ki, Moskva yeni uzunmüddətli təhlükəsizlik arxitekturasının parametrlərinin razılaşdırılması prosesində Avropa ölkələrinin nümayəndələrinin də dəstəyini gözləyir.

Donald Trampın kürəkəni Kuşner daha əvvəl Ukrayna üzrə danışıqlara Avropa tərəfinin də qoşulmasını vacib saydığını bildirmişdi. Bir çox Avropa ölkəsi Rusiya təcavüzündən müdafiə olunmaqda Ukraynaya dəstək verən əsas müttəfiqlər sırasındadır. "Məqsədimiz danışıqları çoxtərəfli formata keçirməkdir", –Kuşner vurğulamışdı.

Cümə axşamı Trampın elçiləri ilə görüşdə Rusiya prezidenti deyib ki, Moskva "amerikalıların Avropa ilə işləməsini və onların nə istədiklərini – sülh, yoxsa müharibə istədiklərini dəqiqləşdirmələrini istərdi".

Görüş zamanı Putin bəyan edib ki, Rusiya üçün Ukrayna ilə "yalnız bir təmas xətti" var – o da dövlət sərhədidir. Bu, Moskvanın bütün Donetsk vilayəti ilə yanaşı, Xerson və Zaporojye vilayətlərinin də nəzarətində olmayan hissələrini tələb etdiyinə işarə ola bilər, çünki bütün bu Ukrayna torpaqları Rusiya Konstitusiyasında Rusiya ərazisi kimi təsbit olunub. Lakin Putin dediklərinə açıq izah verməyib. O, həmçinin Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə qarşı çıxıb.

Görüşdən sonra amerikalı nümayəndələr Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Dublinə yola düşüblər. Moskvadan uçmazdan əvvəl Uitkoff jurnalistlərə deyib ki, onun fikrincə, bu gün "irəliləyiş əldə olunub".

"İnsanlar üçtərəfli danışıqları bərpa edəcəyimizi gözləmirdilər. Biz bunu bacardıq və yeni görüş təyin etdik", –o bildirib. Uitkoff danışıqlara Avropa ölkələrinin nümayəndələrinin də qoşulacağını əlavə etsə də, növbəti görüşün vaxtını açıqlamayıb.