Putin ölkədən gedən rusiyalıların əmlakının müsadirəsinə icazə verdi
12 İyun 2026
Rusiya prezidenti Vladimir Putin ölkəni tərk etmiş vətəndaşların Rusiyanın maraqlarına zidd fəaliyyətlərinə görə əmlaklarının müsadirəsinə imkan verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Sənəd xaricdə yaşayan Rusiya vətəndaşlarının inzibati məsuliyyətə cəlb oluna biləcəyi maddələrin siyahısını genişləndirir. Rusiyanın maraqlarına qarşı yönəlmiş pozuntulara "xarici agentlər" haqqında qanunvericiliyin tələblərinin pozulması, KİV azadlığından sui-istifadə, terrorçu və ya ekstremist fəaliyyətə çağırışlar, Rusiyanın ərazi bütövlüyünün pozulmasına çağırışlar, ölkəyə qarşı sanksiyaların tətbiqi tələbləri, həmçinin Rusiya ordusunun nüfuzdan salınması daxildir.
Qanuna əsasən, xaricdə yaşayan Rusiya vətəndaşlarının əmlakı və bank hesabları təminat tədbiri kimi müsadirə oluna bilər. Həbs qoyulmuş əmlak cərimə ödənilənədək saxlanılacaq. Müsadirə olunan əmlakın dəyəri cərimənin məbləği ilə məhdudlaşmır və onu xeyli üstələyə bilər.
Qanun layihəsini Rusiya Dövlət Dumasına 2024-cü ilin oktyabrında Tatarıstan Dövlət Şurası təqdim edib. Sənəd 2025-ci ilin mayında birinci oxunuşda qəbul olunub. İkinci oxunuşadək layihə yenidən işlənib – mühacirlərin inzibati məsuliyyətə cəlb olunmasını nəzərdə tutan yeni bəndlər əlavə edilib.
Mayın sonunda Rusiya Dövlət Duması qanun layihəsini eyni gündə ikinci və üçüncü oxunuşlarda qəbul edib.