Logo
news content
User
Kateqoriyalar

Xəbər

Putin nələri nəzərə almayıb, yaxud nələri səhv hesablayıb?



Qubad İbadoğlu

Son günlər hər dəfə sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərindən  yazanda bir qrup müttəfiq sevdalılar şərh verirlər ki, siz bunları bilirsinizsə, deməli Putin çoxdan bilirdi və hər şeyi nəzərə alıb. Odur ki, Rusiya iqtisadiyyatı sanksiyalara hazırdır, ciddi təsirlər olmayacaq. İndi mən sizə anladım ki, Putin nələri nəzərə almadı və nədən Rusiya iqtisadiyyatı çökəcək.

  1. Putin nəzərə almamışdı ki, müharibə 2-3 gündən çox çəkər. Bilmirdi ki, ukraynalılar bu qədər cəsurluq nümayiş etdirəcəklər, bütün dünya onları müdafiə edəcək, Rusiya təklənəcək, hava məkanı, quru və dəniz yolları onların üzünə bağlanacaq. Hazırda minlərlə rus gəmiləri limanlarda, yüzlərlə rus təyyarələri aeroportlarda qalıb.

  2. Putin Çinin mövqeyini nəzərə almamışdı. Çin Qərbin bütün sanksiyalarına dəstək olmasa da? ona əməl etmək məcburiyyətindədir. Çünki əsasən Qərb bazarı ilə işləyən Çin şirkətləri sanksiyaları pozub, milyardlarla cərimə ödəmək niyyətində deyil.

  3. Putin nəzərə almamışdı ki, Finlandiya bu ərəfədə NATO-ya, Ukrayna Avropa Birliyinə müraciət edəcək. Əgər bu gün Finlandiya parlamenti qərar versə bu ölkəni NATO-ya qəbul edəcəklər və Rusiya ətrafında təhlükəsizlik buferi yarılacaq və ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq Rusiya üçün təhlükəsizlik sahəsində status-quo dəyişəcək.

  4. Putin nəzərə almamışdı ki, Rusiyaya qarşı sanksiyaların miqyası bu qədər böyük, dərəcəsi ifrat  sərt olar. Məsələn, Putin Rusiya banklarının SWIFT-dən çıxarılmasını nəzərə alsa da, Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını nəzərə almamışdı. Çünki rus banklarından  öncə İran banklarını SWIFT-dən çıxarmışdılar, amma indiyədək heç bir ölkənin Mərkəzi Bankının aktivləri dondurulmamışdı. Putinin güvəndiyi  valyuta ehtiyatlarının 60 faizi sanksiya altına düşdü, 1 saatın içində donduruldu, ölkənin malik olduğu 132 milyard dollarıq qızılı da (təxminən 74 milyon troy unsiyası) satmaq imkanı yoxdur. Bu analoqu olmayan sanksiyadır. Ona görə də rus rublu ABŞ dolları qarşısında müharibə başlayandan rəsmi olaraq 40 faizədək dəyər itirib, indi heç 120 rubla da 1 dollar almaq mümkün deyil.

  5. Putin nəzərə almamışdı ki, 11,6 milyard dollarlıq Şimal axını-2 layihəsini Almaniya dayandırar. Çünki Trump administrasiya dövründə də təzyiqlər daha sərt olanda da Almaniya bunu etməmişdi.

  6. Putin nəzərə almamışdı ki, biznes elitasi parçalana bilər. Rusiyanın ən varlı oliqarxları – “Alfa” qrupun sahibi Mixail Fridman və “Rusal” sahibi Oleq Deripaska artıq müharibəyə qarşı mövqe qoyublar və bu barədə yayılan məlumatların doğru olduğunu Financial Time-sə də təsdiq ediblər.

  7. Putin nəzərə almamışdı, bəzi müttəfiqlər ikili oyun oynayacaq, ona görə də, Putin qalsa da, getsə də müttəfiqlərinin qara günləri başlayacaq.


Hələlik bu qədər bəs edər, baxmayaraq ki, Putinin nəzərə almadığı hələ çox şeylər var. Odur ki, bilin ki, müharibənin necə qurtarmasından asılı olmayaraq Rusiya iqtisadiyyatı batacaq. Çünki bank, valyuta-kredit münasibətləri iqtisadiyyatın qan-damar sistemidir, əgər orqanizmdə qan-damar sistemi sıradan çıxırsa insan bir gün infarkt olur.

P.S. Bilin ki, təkbaşına qərar verən, özünü hamıdan ağıllı hesab edən  diktatorların hamısını sonu belə olub, ekstremal şəraitdə ağıllarının tamam itirirlər.

P.P.S. Onu da bilin ki, müharibə bitməsi sanksiyaların ləğv edilməsi demək deyil, sanksiyaları aradan qaldırmaq uzun prosesdir.