Logo
news content
User
Kateqoriyalar

Xəbər

Prezident üçtərəfli işçi qrupun fəaliyyəti barədə

“Cənubi Qafqazda perspektivlər erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib.

Dövlət başçısı Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun fəaliyyətindən də danışıb:

“Hazırda Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu işləyir. Yəni, regionun gələcəyi ilə bağlı işlər, çətinliklə də olsa, aparılır. Erməni tərəfi ay yarım, hətta iki ay yarım taym-aut götürüb. İşçi qrupunun fəaliyyəti yalnız avqustun 17-də bərpa olunub. Biz münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyə hazırıq, lakin hələ erməni tərəfdən müsbət siqnal yoxdur. Təəssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir. Çünki onlar İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdırlar. Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq. Bundan ötrü elə həmin Zəngəzurun və elə həmin Göyçə gölü regionunun tarixi mənsubiyyəti baxımından, bizim daha çox əsasımız, ərazi iddiaları üçün daha çox tarixi zəmin vardır. Biz ki, belə iddialar təqdim etmirik. Məğlub olmuş, kapitulyasiya haqqında akt imzalamış Ermənistan nəyə görə hesab edir ki, onun Dağlıq Qarabağ üçün hansısa status - mövcud olmayan şey üçün status barədə danışmağa haqqı var? Dağlıq Qarabağ yoxdur. Qarabağ iqtisadi rayonu var, Şərqi Zəngəzur iqtisadi rayonu var. Bunlar bizim ərazidir və bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz. Buna görə düşünürəm ki, status barədə və Dağlıq Qarabağ barədə bu çeynənilmiş sözlər Ermənistan üçün böyük təhlükə mənbəyidir və yaxşı olar ki, bizi qəzəbləndirməsinlər, qıcıqlandırmasınlar, nə qədər ki, bizim təklifimiz masa üzərindədir, onunla razılaşsınlar. Əks halda, müharibə dövründə olanlar təkrarlana bilər. Axı, biz vaxtında dayanmağı təklif edirdik. Biz könüllü şəkildə çıxmalarını təklif edirdik, lakin onlar razılaşmadılar və indi nəticəsini görürlər. Eyni vəziyyət bu dəfə də yarana bilər.

Mənim fikrimcə, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər də müsbət istiqamətə - əməkdaşlığa yönəlib. Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur. Əgər bu müsbət mövqe olsa, bu istiqamətdə işə başlamaq olar. Bu isə öz növbəsində həm regionda sabitləşməyə və təhlükəsizlik risklərini minimallaşdırmağa kömək edəcək, həm də şərait yaradacaq ki, region ölkələrinin qarşılıqlı fəaliyyətini onlar özləri müəyyən etsinlər, necə yaşayacaqlarını özləri həll etsinlər. Region hansısa kənar təsirdən xilas olacaq. Bizim mövqeyimiz belədir. Biz onu nümayiş etdiririk və təkcə nümayiş etdirmirik, biz bu istiqamətdə iş aparırıq. Ermənistan istisna olmaqla bütün qonşularımızla yaxşı, demək olar ki, yaxın dostluq münasibətlərimiz var, biz bu münasibətləri qiymətləndiririk. Buna görə, əgər Ermənistan bu formata qoşulsa, hamının xeyrinə olacaq. Biz bu əzmdəyik. Lakin ola bilsin, onlara vaxt lazımdır. Ola bilsin, onların keçirdiyi psixoloji şok hələlik onların mühüm addımlar atmasına imkan vermir. Çünki onların bütün ideologiyası ekspansionizm, işğalçılıq, saxta tarix əsasında qurulub. Onlar özlərini inandırıblar ki, haqlıdırlar. Onların faciəsi budur. İndi onlar yeni tərzdə yaşamalıdırlar. Tamamilə başqa reallıqlarda yaşamalı və başa düşməlidirlər ki, olub keçənlər daha heç vaxt olmayacaq. Onlar qüvvələr nisbətini, geosiyasi şəraiti, qüvvələr nisbətinin perspektivini sayıq qiymətləndirməlidirlər. Yenə illüziyalara, hansısa mifoloji təmsillərə uymamalı, vəziyyəti sayıq qiymətləndirməlidirlər. Lakin hələlik bunu görmürük. Görmürük. Yəqin ki, hələ vaxt yetişməyib. Necə deyərlər, sonuncu ölən ümid olur. Gəlin, ümid edək”.