Paşinyan ondan öncəki Ermənistan-Azərbaycan danışıqlarının detallarını ictimaiyyətlə bölüşə bilər
09 Yanvar 2025
Ermənistan hökuməti indiyədək ABŞ, Rusiya və Fransanın Qarabağ münaqişəsiylə bağlı irəli sürdükləri bütün sülh təkliflərini ictimaiyyətlə bölüşə bilər. Baş nazir Nikol Paşinyanın ofisi hökuməti tənqid edənlərə belə cavab verib.
Ötən ay N.Paşinyan demişdi ki, Ermənistanın keçmiş hökumətlərinin gözdən keçirdikləri bütün sülh planları Dağlıq Qarabağın Azərbaycana qaytarılmasını nəzərdə tutub.
Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən sonra bu gerçəyi ermənilərə anlatmamasını özünün böyük yanlışı sayıb.
Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan ABŞ, Rusiya və Fransanın vasitəçiliyi ilə onillərcə sürən Ermənistan-Azərbaycan danışıqlarının gedişini Paşinyanın təhrif etdiyini bildiriblər.
Paşinyanın teledebat təklifi ciddiyə alınmayıb
Buna cavab olaraq, Paşinyan onları məsələylə bağlı televiziya debatları keçirməyə dəvət etsə də, sabiq prezidentlər bu təklifi ciddiyə almayıblar.
Ter-Petrosyan Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrlərinin 1994-cü ildə irəli sürdükləri sülh təkliflərini və rəsmi Yerevanın onlara verdiyi cavabı da ictimaiyyətə açıqlamağa çağırıb. "Bu, faktlara əsaslanan gerçək debatlar olardı", - 79 yaşlı sabiq prezident dekabrın 25-də belə deyib və davam edib: "Bunu etməsəniz, həqiqətdən və tarixi məsuliyyətdən qorxaqcasına qaçdığınızı bir daha sübuta yetirmiş olacaqsınız".
Baş nazirin ofisi AzadlıqRadiosunun erməni xidmətinin sualına cavab olaraq bildirib ki, sülh təkliflərinin və Ermənistanın cavablarının mümkün dərciylə bağlı XİN-ə danışıqlara aid sənədlərin inventarizasiyasının aparılması tapşırığı verilib: "Məsələ Ermənistanın milli maraqları baxımından qiymətləndiriləndən sonra sənədlərin dərc edilib-edilməməsinə dair qərar veriləcək".
Ermənistanın bir sıra ictimai xadimləri də sənədlərin dərc edilməsinə çağırıb.
İlk dəfə 2007-ci ildə ATƏT Minsk qrupunun irəli sürdüyü "Madrid prinsipləri"nə əsasən, ilk mərhələdə Qarabağa daxil olmayan beş rayon geri qaytarılmalı, bölgədəki bütün kommunikasiyalar açılmalı, sülhməramlılar yerləşdirilməli, köçkünlər evlərinə qaytarılmalıydı. Sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları tam azad edilməli, azərbaycanlı icma Qarabağa qayıtmalı, ardınca Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın hüquqi statusu müəyyənləşdirilməliydi.
Paşinyan İkinci Qarabağ savaşından sonra dəfələrlə "Madrid prinsipləri"ni tənqid edib. O, 1994-cü ildən bəri vasitəçilərin hazırladığı bütün sülh planlarında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının nəzərdə tutulduğuna diqqət çəkmişdi.
Paşinyanın ofisi AzadlıqRadiosuna verdiyi yazılı şərhdə "Madrid prinsipləri"nə deyil, ATƏT-nın o vaxt fəaliyyətdə olan sədrinin açıqlamalarına eyham vurub. Orada "Qarabağın Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə səviyyəsi olmalıdır" qeydi var.
Ofisin bilgisinə görə, baş nazirin bu məsələni yenə gündəmə gətirməkdə məqsədi odur ki, "bəzi xarici qüvvələr və onların daxili müttəfiqləri" Ermənistanın gerçəkdən müstəqil dövlət olmasının önünü kəsməkdən ötrü Qarabağ məsələsini bir daha istismar edirlər. Di gəl, ofis konkret adları açıqlamaqdan boyun qaçırıb.
Ermənistanın müxalifət liderləri deyirlər ki, belə davranan Paşinyan Dağlıq Qarabağla bağlı məsuliyyəti öz üzərindən atmaq istəyir. Onların iddiasına görə, Paşinyan "Madrid prinsipləri"nin 2019-cu ildə hazırlanan son variantını rədd etməklə fəlakətli nəticələrə gətirən savaşı qaçılmaz edib.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycanla Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və civarındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir bölümünə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı. Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.