Paşinyan: Moskva ilə Gümrüdəki hərbi baza məsələsini müzakirə etməyə hazırıq
17 Sentyabr 2026
İrəvan Moskva ilə Ermənistan ərazisində (Gümrüdə) Rusiyanın 102-ci hərbi bazasının saxlanılması məsələsini müzakirə etməyə hazırdır.
Ermənistan mediası xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.
"Əgər Rusiya hərbi bazanın qalmasını istəyirsə, Ermənistan bu məsələni müzakirə etməyə hazırdır", - N.Paşinyan deyib.
O qeyd edib ki, Ermənistan heç vaxt Rusiyanın 102-ci hərbi bazasının ölkədən çıxarılması məsələsini qaldırmayıb.
Bununla belə, N.Paşinyanın sözlərinə görə, əgər Rusiya özü bazanı çıxarmaq qərarına gələrsə, Ermənistan buna etiraz etməyəcək, çünki onun ölkədə mövcudluğu həyati əhəmiyyət kəsb etmir.
16:32
Ermənistan Rusiyanın 102-ci hərbi bazasının ölkə ərazisindən çıxarılmasının zəruriliyi barədə bəyanatlar verməyib.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə bildirib.
"Hərbi baza ilə bağlı bəyanatlar Rusiya tərəfindən gəlir, biz onlara bir kəlmə də deməmişik. Baş nazir Nikol Paşinyanın ifadə etdiyi kimi, istəyirlər qalsınlar, istəyirlər getsinlər", - Simonyan deyib.
O qeyd edib ki, əgər bu məsələ üzrə danışıqlar başlayarsa, Ermənistan öz mövqeyini bildirəcək.
Rusiyadan tədarük olunan qazın qiymətinin mümkün artırılmasına toxunan A.Simonyan vurğulayıb ki, Ermənistan alternativ variantların axtarışını davam etdirəcək:
"İqtisadi təhlükəsizliyin bütün mümkün məsələlərində Ermənistan alternativi, balansı seçib və seçəcək, bu taktika davam etdiriləcək. Biz bir ölkədən asılılığı digərindən asılılıqla əvəz etmək niyyətində deyilik. Biz qazı mümkün olan hər yerdən almaq niyyətindəyik. Əgər Rusiya bizə qaz tədarük edəcəksə - qazı Rusiyadan, Azərbaycan tədarük edəcəksə - Azərbaycandan, İran – İrandan alacağıq. Əgər Türkiyənin hər hansı bir yerindən qaz almaq imkanı yaranarsa, eyni zamanda ondan da alacağıq. Kim deyib ki, bir cibdən çıxıb digərinə tullanmaq lazımdır?".
Rusiya qazının Ermənistana daha ucuz başa gəldiyi barədə iddiaları şərh edən A.Simonyan bəyan edib: "Bəs kim deyib ki, qazın qiyməti daha ucuzdur? Bəs kim deyib ki, qazın qiyməti yalnız dollarla ölçülür? Siz görürsünüz ki, qazdan siyasi valyuta kimi istifadə olunur".
"İctimaiyyətin reaksiyasına və səsləndirilən fikirlərə əsasən, bu məsələ gündəmdədir", - Rusiya və Ermənistanın Rusiya qazının qiymətindəki mümkün dəyişikliyi rəsmi olaraq müzakirə edib-etmədikləri ilə bağlı sualı cavablandıran A.Simonyan deyib.