Oğurlanan “Yarım gilə”miz qaytarılacaq - VİDEO
“Yarım gilə”ni oğurlayan erməninin videoları sosial şəbəkələrdən qaldırılacaq…
02 Avqust 2024
Ötən yazılarımızdan birində Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı tərəfindən mənimsənilməsi ilə bağlı məlumat vermişdik. Əqli Mülkiyyət Agentliyi isə Pressklub.az-ın sorğusuna cavab olaraq məsələnin araşdırılacağını bildirmişdi.
Bu gün Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli həmin araşdırmanın nəticəsini Pressklub.az-la bölüşüb.
Məlumatda qeyd olunur ki, musiqisi Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” adlı mahnının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən ifa edilməsi, “Facebook”-da və “Tik-Tok”da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılır: “Bununla bağlı C.Quliyev 2024-cü il 31 iyul tarixində Agentliyə dəvət olunub. Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov tərəfindən qəbul edilərək, mahnının erməni ifaçı tərəfindən oğurlanması faktı onunla müzakirə edilib. C.Quliyev erməni ifaçı Minas Ovanesyan tərəfindən pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilməsi barədə Agentliyə ərizə ilə müraciət edib”.
Agentliyin ekspertləri, Azərbaycan Respublikasının xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğu ilə bağlı bildiriblər ki, ümumiyyətlə, Azərbaycan bəstəkarlarının bəstələdiyi musiqi əsərləri - operaları, simfoniyaları, mahnıları muğamın segah, bayatı-şiraz, şur, çahargah və digər muğamlar əsasında yazılır. Bu mahnı da şüştər muğamının əsasında yazılıb və erməni ifaçının səsləndirdiyi mahnı ilə tam üst-üstə düşür.
Mahnı 1991-ci ildə bəstələnib və ilk dəfə 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti Brilliant Dadaşova və C.Quliyev tərəfindən duet şəklində Azərbaycan Televiziyasında yayımlanıb. YouTube səhifəsində (https://www.youtube.com/watch?v=mxlHDNR806E) mahnının studiya çəkilişləri də yerləşdirilib. Qeyd edək ki, mahnı C.Quliyevin ən məşhur bəstələrindən biridir.
Agentlik bildirib ki, C.Quliyev 2004-cü ildən başlayaraq Agentlikdə 41 musiqi əsərini qeydiyyatdan keçirib. Onlardan dördü böyük simfonik orkestr üçün yazılmış əsərdir. Mahnı 2006-cı il 27 iyul tarixində qeydiyyatdan keçirilib və ona əsərin qeydiyyatı haqqında 3089 nömrəli şəhadətnamə verilib. Mahnı Gülay Zeynallı, Samirə Əfəndi, türk müğənnisi Ezgi Mert və digər məşhur ifaçılar tərəfindən ifa edilibdir: “Mahnı erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən mənimsənilib, yəni C.Quliyevdən icazə almadan sözləri dəyişdirilərək ifa edilib və bəstəkarın adı göstərilməyib. Bununla da erməni ifaçı Minas Ovanisyan (Mino) tərəfindən C.Quliyevin şəxsi (qeyri-əmlak) hüquqları və əmlak (iqtisadi) hüquqları pozulub”.
Agentliyin məlumatına görə, mahnının sözləri (bayatılar) Azərbaycan xalqına məxsus olan folklor nümunəsidir. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız Agentliyin icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Bununla yanaşı, dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və ya mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir: “Bu hal milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduğu “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının 5-ci maddəsində təsbit edilmiş təməl prinsiplərindən biri olan “milli rejim” prinsipinin və tərəf olduğu digər beynəlxalq müqavilələrin, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır”.
Agentlik qeyd edib ki, C.Quliyev rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini bu sahədə fəaliyyət göstərən “Mikpro” MMC-yə verib. Məsələ ilə bağlı “Mikpro” MMC-nin rəhbərliyi ilə əlaqə saxlanılıb. MMC bildirib ki, erməni ifaçı Minas Ovanisyanın (Mino) ifasında olan mahnının bütün platformalardan silinməsi ilə bağlı bildirişlər göndərilib.
Agentlik “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyi (RAYS) - https://rays.az/ ilə birgə daha əvvəlki təcrübəni nəzərə almaqla C.Quliyevin pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı öz səlahiyyətləri çərçivəsində köməkliyini davam etdirəcək və nəticə barədə əlavə məlumat verəcəkdir.
Günay Elşən