Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nüvə silahı: hansı ölkənin nəyi var?

Ukraynada işğalçı müharibə aparan Rusiya fevralın 27-dən nüvə qüvvələrini xüsusi döyüş növbəsinə keçirib. Ekspertlərin əksəri bunu sadəcə hədə-qorxu kimi qiymətləndirir. Ancaq Rusiyanın nüvə təhdidini ciddi qarşılayanlar da var.

Nüvə silahları ilə bağlı hesabatlar hazırlayan xarici mənbələr dünyada 13 min 80 ədəd nüvə başlığı olduğunu xəbər verir.

Ən çox nüvə başlığı Rusiyadadır: 6257 ədəd. Bunların 1458-i açıq vəziyyətdədir, 3039-u ehtiyatda saxlanır.

1760 ədəd nüvə başlığının istismar müddəti bitib.

ABŞ-ın arsenalında 5550 nüvə başlığı var. 1389-u açıq vəziyyətdə, 2361-i ehtiyatdadır.

1800 nüvə başlığı istismar müddətini başa vurub.

Başqa nüvə ölkələrinə gəlincə, Çinin 350, Fransanın 290, Böyük Britaniyanın 225, Pakistanın 165, Hindistanın 156, İsrailin 90, Şimali Koreyanın təxminən 50 nüvə başlığına sahib olduğu bildirilir.

Rusiya ilə ABŞ-ın imzaladığı strateji hücum silahlarının məhdudlaşdırılması müqaviləsi nüvə başlıqlarının açıq vəziyyətdə saxlanmasına müəyyən məhdudiyyətlər qoyur.

Nüvə başlığının açıq vəziyyətdə saxlanması onun sualtı qayıqlardakı və bombardmançı təyyarələrdəki ballistik raketlərə bərkidilməsi, yaxud operativ qüvvələrdə yerləşdirilməsi deməkdir.

Məlumatlara görə, 1945-2018-ci illər arasında ABŞ 1032, Rusiya (SSRİ-ni nəzərə almaqla) 715, Fransa 210, Çin və Böyük Britaniya hərəyə 45, Şimali Koreya 6, Hindistan 3, Pakistan 2 nüvə sınağı həyata keçirib.

CNN kanalının məlumatına görə, ABŞ-ın 100-ə yaxın nüvə başlığı NATO-nun İtaliya, Almaniya, Türkiyə, Belçika və Niderlanddakı bazalarında saxlanır. Həmin başlıqların açıq vəziyyətdə olmadığı deyilir. (Novator)