Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbsxanada sağlıq problemləri var

İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həbsxanada səhhəti xeyli pisləşib. Bu barədə onun əri Tağı Rəhmani açıqlama verib. O, aprelin 1-də Parisdən telefonla AzadlıqRadiosunun fars xidmətinə danışıb.

Məhəmmədi hazırda Zəncan həbsxanasında saxlanılır. Rəhmani deyib ki, onun həbsxanadan kənarda ixtisaslaşmış tibbi yardıma ehtiyacı var, amma hakimiyyət onu buraxmır. Ərinin sözlərinə görə, Məhəmmədi ağciyər və ürək problemlərindən əziyyət çəkir, güclü başağrısı, ürəkbulanma, göz problemləri yaşayır.

Görüş zamanı solğun, zəif görünür

Martın 31-də "Nərgizi Azad Et" Koalisiyası fəalın vəziyyəti və müstəqil tibbi yardımdan məhrum edilməsi ilə bağlı ciddi narahatlıq bildirib. Məlumata görə, Məhəmmədinin hüququnu müdafiə edən komanda onun bir ailə üzvü ilə birlikdə martın 29-da Zəncanda fəalla görüşüb. Bu görüşdən ötrü həftələrlə müraciətlər edilib.

Məhəmmədinin ümumi səhhətinin çox ağır olduğu deyilir. Onu görüş otağına həbsxananın tibb bacısı gətirib, solğun, zəif və xeyli arıqlamış kimi görünüb. Rəhmani bildirib ki, xanımı 2025-ci ilin dekabrında Məşhəddə həbs olunandan səhhətində problemlər var. Onun sözlərinə görə, Məhəmmədi saxlanılarkən təhlükəsizlik qüvvələri onu döyüb, zorakılıq nəticəsində bədənində uzun müddət göyərtilər qalıb.

"Amnesty International" insan haqları qurumu isə martın 24-də məlumatlı mənbəyə istinadla xəbər verib ki, Məhəmmədi Zəncanda huşsuz vəziyyətdə, əl-ayağı soyumuş, keyləşmiş və gözləri çevrilmiş halda tapılıb. Həbsxana həkimi onun ürəktutması keçirdiyini ehtimal edib. Amma rəsmilər onu xəstəxanaya köçürməkdən imtina ediblər. Londonda yerləşən qurum fəalın təcili tibbi yardım alması üçün dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıb.