Logo
news content
User
Kateqoriyalar

Xəbər

Niyə susuz qalmışıq?

Şamaxı rayonunun Kərkənc kəndində sakinlər bir maşın suya 35 manat ödədiklərini bildirirlər. (kəndə ayda beş-altı dəfə belə su maşınları gəlir) Susuzluq, onların sözlərinə görə, imkanlarını, səliqə-sahmanlarını və təsərrüfatlarını sınağa çəkir.

"Cəmi 40 ailə qalıb. Həftədə bir dəfə su verilir, o da 120 litr. Onunla çiməsənmi, paltar yuyasanmı, içəsənmi? Allaha yalvarırıq ki, yağış yağsın baklarımızı dolduraq", - sakinlərdən biri AzadlıqRadiosuna deyir və iddia edir ki, elə bu sınaqlara tab gətirməyənlər kəndi tərk edir.

Şamaxı Azərbaycanın nisbətən dağlıq rayonu sayılır. Hələ bu yerlərdə susuzluq problemdirsə, bəs aran rayonlarında susuzluqdan dad deyən adamlar nə edir? AzadlıqRadiosuna gələn şikayətlərdən, üz tutulan aran rayonlarının sakinlərinin söhbətlərindən belə çıxır ki, onlar da həm içmək, həm də təsərrüfatları üçün su tapmağa çətinlik çəkirlər. Sabirabad rayonunun Qalağayın kənd sakini: "Bu il ağaclardan meyvə yığa bilmədik. Kənddə təbii su yoxdur. Aldığımız suyu həm içirik, həm texniki məqsədlə istifadə edirik, həm də toyuq-cücəyə veririk. Bilmirik, o suyu ağaca verək, yoxsa özümüz içək?".

Hökumət ölkədə su qıtlığını, əsasən, qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirir, necə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) "Turan"a açıqlamasında bunu səbəb göstərib və su ehtiyatlarının azalmaqda olduğu vurğulanıb.

Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 faiz azalıb, 23.4 milyard kubmetrdən (2000-ci il) 17.8 milyard kubmetrə (2023-cü il) düşüb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazdakı su ehtiyatının təxminən 15 faizini təşkil edir.

ETSN isə bildirir ki, su itkilərinin qarşısını almaq üçün bir çox tədbirlər, suvarma kanallarının yenidən qurulması və bərpası, içməli su mənbələrinin yaradılması, həmçinin su ehtiyatlarının artırılması üçün yeni su anbarlarının yaradılması istiqamətində işlər görülür.

Elə bu tədbirlər aşağı-yuxarı oktyabrın 10-da Prezident Əliyevin imzaladığı "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"da da yer alıb. Orada Azərbaycanda su təhlükəsizliyinin qorunması, dayanıqlığının artırılması və bu sahədə müasir idarəetmənin qurulması məqsədindən də bəhs edilir. Milli strategiyada göstərilən bir çox sahələr üzrə də ölkədə illərdir milyonlarla manat vəsait ayrılır. Amma dövlət qurumları maliyyə məsələlərində bir elə də hesabatlı deyillər, bu baxımdan, bəzi layihə və rəqəmlər də diqqət çəkir.

Layihə

Məbləğ (manatla)

Tarix

Məqsəd

Dövlət Neft Fondu/ "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması"

1 mlrd. 469.6 mln.    

2006-2018

 

Dövlət Neft Fondu/ Oğuz-Qəbələ-Bakı su kəməri

779.6 mln.

2010

 

Şəmkirçay su anbarının inşası

700 mln.         

2014

 

Dövlət İnvestisiya Proqramı

Açıqlanmır

2022

Balaxanı qəsəbəsi yaxınlığında 10 min kubmetr tutumu olan su anbarının inşası

Dövlət büdcəsi

499.8 mln.

2024

Meliorasiya

Dövlət büdcəsi

3.4 mln.

2024

Su təsərrüfatı

Yerli qurumlar açıqlamasa da, bu ilin sentyabrında Dünya Bankının su və sanitariya xidmətləri üzrə baş mütəxəssisi Smita Misra Bakıda "Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv institutlara və proqramlara keçid" mövzusundakı tədbirdə deyib ki, son 10 ildə Azərbaycan su sektoruna 8 milyard manat vəsait qoyub. Onun sözlərinə görə, növbəti 10 ildə 6 milyard manat vəsaitin tələb olunacağı gözlənilir.

Şəffaflıq bir yana, üstəlik, onlarla layihə oxşar sahələrdə, oxşar işlərin həyata keçirilməsi üçün təsdiq edilir. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kimi... Məlum olur ki, son 10-15 ildə onunla bağlı bir sıra layihələr həyata keçirilib. Məsələn, 2013-cü ildə Salyan rayonunun Xıdırlı kəndində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksi inşa edilib. Rəsmi məlumata görə, oradan əldə edilən sudan Salyan rayonu ərazisində salınan 700 hektar yaşıllığın və "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin balansındakı tinglik sahələrinin suvarılmasında istifadə olunur.

Bəs bu layihələr yerli sakinlərin, kiçik fermerlərin dərdinə dəva olurmu?