Neft bahalaşdı, ÜDM artmadı – iqtisadçılar böhrandan danışır
11 İyun 2026
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783.8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməyib.
Son bir ildə ölkənin neft-qaz sektoru üzrə ÜDM 1 faiz azalaraq 16 milyard 125.4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-i isə 0.4 faiz artaraq 35 milyard 658.4 milyon manata çatıb.
Azərbaycan ixracının təqribən 85 faizi neft və qazın payına düşür. Bu ilin əvvəlindən Yaxın Şərqdə gərginliyin artması səbəbindən dünya bazarında neft 60 dollar civarında bahalaşıb.
Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, Azərbaycanın ÜDM-də artım qeydə alınmaması böhran siqnalı kimi dəyərləndirilməlidir. Belə ki, ölkədə neft hasilatı son illər ardıcıl olaraq azalır. Digər tərəfdən, ÜDM-in artım tempinə görə Azərbaycan qonşu ölkələrdən geri qalır.