Logo
news content
User
Kateqoriyalar

Xəbər

Moskvadan İrəvana xatırlatma: Vaşinqton və Brüsselin Qafqazda olmasının əleyhinəyik

Rusiya Ermənistan, Azərbaycan və Gürcüstanın iştirakı ilə üçtərəfli dialoqu alqışlaya bilər, o halda ki bu, Qafqazda ziddiyyətlərin yoluna qoyulmasına, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə versin. Bu barədə cümə günü brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bildirib.

Moskva hər ölkənin onların öz maraqlarına cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən beynəlxalq formatlarda iştirak etmək hüququnu tanıyır, həmçinin yaranmış güc balansını nəzərə alır, o qeyd edib.

"Əgər bu təşəbbüsün arxasında Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsini pozmağa çalışan Vaşinqton və Brüsselin konturları çizilirsə, o zaman bu, tamamilə başqa bir əhvalatdır", – RİA – Novosti Zaxarovadan sitat gətirir.

O qeyd edib ki, məhz üçtərəfli razılaşmalar Yerevan və Bakı münasibətlərinin normallaşması üçün əsasdır. 2020-ci ildən  bu format çərçivəsində kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin hazırlanması, habelə ictimaiyyət, ekspert və parlament dairələri nümayəndələri arasında əlaqələrin qurulması üzrə mühüm proseslər başlayıb.

Zaqafqaziyadakı formatlara gəlincə, o, Zaqafqaziyanın üç dövlətini, həmçinin Rusiya, Türkiyə və İranı əhatə edən "3+3" məşvərət- regional platformasını qeyd edib.

Moskvada əmindirlər ki, Brüsselin məqsədi regionda təhlükəsizlik sistemini dəyişdirməkdir və ümid edirlər ki, Yerevanda bunu başa düşürlər və nəzərə alırlar, Zaxarova sözlərinə davam edib.

O, Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidə missiyasının sabitliyə töhfə verəcəyilə bağlı Paşinyanın fikri ilə razılaşmayıb.

Onun sözlərinə görə, Rusiya sülhməramlıları Dağlıq Qarabağda sülhü təmin edirlər, rusiyalı sərhədçilər Ermənistan ərazisində, o cümlədən Ermənistan-Azərbaycan sərhədində işləyirlər.

Brüsselin məqsədi regionda yaranmış təhlükəsizlik sistemini dəyişdirməkdir. Onun təməl daşı Rusiya hərbçilərinin və sərhədçilərinin olması, həmçinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyüdür.

"Biz Zaqafqaziyada sabitliyin qorunması tədbirlərinin təkmilləşdirilməsilə bağlı həm ikitərəfli, həm də çoxtərəfli formatlarda, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində erməni tərəfdaşlarımızla dialoqa açığıq", - Zaxarova deyib.

Xatırladaq ki, yanvarın 23-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Ermənistana ikiillik mandatla göndərilmək üçün yeni mülki vətəndaş missiyasının formalaşdırılmasını təsdiqləyiblər. Avropa İttifaqının Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də olmaqla, 100-ə yaxın adam daxil olacaq.

Missiyada məqsəd Ermənistanın sərhədyanı rayonlarında sabitliyə töhfə vermək, yerlərdə etimadı möhkəmləndirmək və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə səylərə xidmət edən şəraiti təmin etməkdir.