Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Moskva Maduroya kömək edərmi, bunu bacararmı?

2019-cu ildə ABŞ Venesuelada Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq üçün müxalifət liderini dəstəklədi. Amma Rusiya buna qarşı çıxdı, Maduroya diplomatik, hərbi dəstək verdi.

Xuan Quaydonun hərbi üsyana çağırışı iflas etdi. Bu, Rusiyanı rahatladı, Birləşmiş Ştatlara zərbə vurdu.

Vaşinqton Maduronu qeyri-legitim sayır. O zaman prezidentliyinin birinci dönəmində olan Donald Tramp Quaydonu Venesuelanın aralıq prezidenti kimi tanıyıb.

AzadlıqRadiosunun redaktoru Stiv Qatterman yenidən oxşar ssenarinin təkrarlana biləcəyini yazır.

İndi şərait çox fərqlidir, amma ABŞ yenə də Maduroya təzyiqi artırır. Karib dənizində hərbi iştirakını gücləndirir, oraya dünyanın ən böyük hərbi gəmisi sayılan "USS Gerald R Ford"u göndərir, narkotik daşıdığı iddia olunan gəmiləri vurur, onlarla insan həlak olur.

ABŞ rəsmiləri Maduroya qarşı 2020-ci ildə narkotik cinayətləri ilə bağlı ittiham aktını yada salırlar. Onun tutulmasına aparacaq informasiyaya görə 50 milyon dollarlıq mükafat vəd olunub.

Tramp noyabrın 2-də CBS-ə müsahibəsində ABŞ-nin Venesuela ilə müharibə edəcəyinə dair narahatlığı azaltmağa çalışıb. Amma Maduronun sayılı günləri qalmasına dair suala "Məncə, hə" cavabını verib.

Maduronun artıq dəstək üçün Rusiyaya üz tutduğu deyilir. Amma təhlilçilərin fikrincə, Vaşinqton səylərini onu devirməyə yönəltsə, Moskvanın buna qarşı durmaq imkanları məhduddur.

"Düzünü desək, ABŞ Maduro hökumətini devirməkdə qərarlıdırsa, Rusiyanın diplomatik gedişlərdən başqa edə biləcəyi çox şey qalmayıb", – Rusiya üzrə analitik, London Universitet Kollecinin Slavyan və Şərqi Avropa Araşdırmaları Məktəbinin fəxri professoru Mark Qaleotti bildirib.

Dəstək lazımdır?

"The Washington Post" oktyabrın 31-də əldə etdiyi sənədlərə əsasən yazıb ki, Maduro Rusiya prezidenti Vladimir Putinə məktub göndərərək Moskvanı Venesuelanın hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb. O, daha öncə alınmış "Suxoy" qırıcılarının bərpasını, Karakasa mühərrik və radar sistemlərinin yenilənməsində, raketlərin alınmasında, logistik dəstəyin təmin edilməsində kömək istəyib.

Məktubun Venesuelanın nəqliyyat nazirinin çatdırmalı olduğu yazılıb. Rusiya bildirir ki, həmin nazir oktyabrın ortalarında Moskvaya səfər edib. Qəzet Maduronun Çindən və İrandan da dəstək istədiyini yazıb.

Məktubun Kremlə çatdırılması, qəbul edilib-edilmədiyi bəlli deyil. Rəsmilər bu barədə şərh verməyib, Maduro hökumətinə yeni dəstək barədə açıq bəyanat eşidilməyib.

"FlightData4" uçuş izləmə saytının məlumatına görə, oktyabrın sonlarında Rusiyanın böyük "İl-76" hərbi-nəqliyyat təyyarəsi bir neçə dayanacaqdan keçərək dolaşıq marşrutla Karakasa enib. Təyyarənin nə daşıdığı bəlli deyil.

Noyabrın 1-də Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib ki, Moskva narkotiklərlə mübarizə əməliyyatları zamanı aşırı hərbi güc tətbiqini pisləyir və "Venesuela rəhbərliyinin milli suverenliyini müdafiə etmək səylərinə dəstəyini təsdiqləyir".

Maduronin mayda Moskvaya səfəri zamanı iki ölkə yeni strateji tərəfdaşlıq sazişini müzakirə edib. Rusiya dövlət mediasının oktyabrın 27-də yazdığına görə, Putin sənədi imzaladıqdan sonra o qüvvəyə minib. Amma detalları açıqlanmır.

Altı il öncə ilə indinin fərqi

Ekspertlər Rusiyanın Qərb yarımkürəsində hərbi əməliyyatlarının, əsasən, şou xarakterli olduğunu deyirlər. 2018-ci ildə Rusiyanın nüvə silahı daşımağa qadir iki bombardmançı təyyarəsi Karakasda hərbi aerodroma enib. 2024-cü ilin iyulunda seçkilər öncəsi Rusiyanın iki donanma gəmisi Venesuelaya yan alıb. Bu addımı ABŞ pisləyib. Həmin il Maduro hakimiyyətini uzadıb.

S.Qatterman 2019-cu illə müqayisədə indi Rusiyanın maliyyə və hərbi resurslarının daha çox təzyiq altında olduğunu yazır. Dörd ilə yaxındır Moskva Ukraynada işğalçı müharibə aparır.

"Düşünürəm ki, ABŞ Venesuelada rejim güc yolu ilə dəyişməyə qərarlıdırsa, Rusiya heç bir şəkildə kömək edə bilməyəcək. Bu, Ukrayna müharibəsindən əvvəl də, sonra da mümkün deyildi. Burada sadə coğrafi və logistik məhdudiyyətlər rol oynayır", –Beynəlxalq Böhran Qrupunun Rusiya üzrə aparıcı analitiki Oleq İqnatov AzadlıqRadiosuna bildirib.

Tramp isə ABŞ-nin Venesuela daxilində narkotiklərlə bağlı hədəflərə zərbələr endirmək planı barədə ziddiyyətli danışıb. O, oktyabrın 23-də qayıqlara zərbələr haqda danışarkən "növbəti hədəf quru olacaq" deyib. Amma oktyabrın 31-də Venesuela daxilinə mümkün zərbələrlə bağlı suala "xeyr" cavabını verib.

Moskva Maduronun devrilməsindən də faydalana bilər

Maduronun devrilməsi Moskvaya ciddi zərbə olardı. Bu halda Rusiya Latın Amerikasındakı əsas dayağından məhrum olar. 2024-cü ilin dekabrında Suriyada Bəşər Əsədin devrilməsi ilə Kremlin Yaxın Şərqdəki nüfuzu zəifləyib, indi də oxşar durum yarana bilər.

Rusiya həm də Venesuelanın neft sənayesinə böyük sərmayə qoyub. Venesuela dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malikdir. Amma ABŞ-nin sanksiyaları Rusiya və Venesuelanı nefti Çin kimi alıcılara satmağa vadar edir.

Karakas keçmişdə Rusiya silahlarının əhəmiyyətli alıcısı idi. Ukrayna müharibəsi isə Moskvanın özünün silah almasıyla nəticələnib.

Bütün bunlara baxmayaraq, ABŞ-nin Venesuelaya təzyiqi artırması onun Ukraynadan diqqətini yayınması ehtimalına yol açır deyə, Rusiya Maduronun hakimiyyətdən kənarlaşdırılmasından faydalana da bilər.

"Qəribə görünsə də… belə bir əməliyyat Moskvanın xeyrinə olardı, çünki bu halda onun iddiası güclənərdi: Qlobal Cənubun düşməni Rusiya deyil, Qərbdir: təkəbbürlü, zorakı və imperialist Qərb", – Qaleotti AzadlıqRadiosuna e-mail-lə göndərdiyi şərhdə yazıb.

"Rusiya hələ də Qlobal Cənubda... müttəfiqlər və tərəfdaşlar tapa bilir, Qərbin hər bir avantürasından yararlanaraq öz ölkəsində liberal qlobal nizamın sadəcə Qərbin maraqlarına xidmət edən bir sxem olduğunu iddia edir", – təhlilçi əlavə edir