Moldovada prezident seçkiləri və referendum keçirilib: Sandu liderdir, Aİ-yə "yox" deyildi
21 Oktyabr 2024
Moldovada Avropa İttifaqına üzvlüklə bağlı referendum və prezident seçkilərində səsvermə keçirilib.
Seçki məntəqələri saat 21:00-da (Bakı vaxtı ilə 22:00) bağlanıb.
Seçkilər yüksək seçici fəallığı şəraitində keçib. Saat 21:00-a olan məlumata görə, seçici fəallığı 51,3% olub və səsvermənin etibarlı sayılması üçün 33,3%-lik həddi keçib. Bu vaxta qədər MSK və müşahidəçilər seçkinin nəticələrinə təsir edə biləcək hər hansı əhəmiyyətli pozuntu qeydə almayıblar.
Mərkəzi Seçki Komissiyasının açıqladlığı ilkin məlumata görə, Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.
Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir.
Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.