Logo
news content
User
Kateqoriyalar

Xəbər

Milli Elmlər Akademiyasında mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb

Azərbaycan Milli Elmlər Akademiyasında baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi başlanıb.

Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, Azərbaycan Hesablama Palatasından daxil olmuş material əsasında Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

"Sözügedən qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", deyə Baş Prokuroluğun Mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd edilən dövrdə, 23 oktyabr 2019-cu ildən 19 fevral 2022-ci ilədək AMEA-nin Prezidenti Ramiz Mehdiyev olub. Ramiz Mehdiyev bundan öncə, 7 fevral 1995-ci ildən 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri olub. O, hakimiyyətin əsas siyasai strateqlərindən biri kimi tanınıb.