Maşınla yolu bağlayan iş adamına 8, atasına 6 il həbs istənildi... - FOTO
24 Sentyabr 2024
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) etiraz olaraq Bakıda yolu bağlayan TIR sürücülərindən biri, eyni zamanda TIR-ların məxsus olduğu daşıma şirkətinin rəhbəri Rəmiş Cəfərov və atası Zəkrəm Cəfərovun məhkəmə istintaqı tamamlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Rəmiş Cəfərovun 8, atası Zəkrəm Cəfərovun isə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Z.Cəfərovun məhkəmə zalında həbs edilməli olduğu qeyd edilib.
Xatırladaq ki, "R Group Azerbaijan" şirkətinin sürücüləri Heydər Əliyev prospektində yolu bağlamış və nəticədə saatlarla süni tıxac yaranmışdı. Onlar DANX tərəfindən müvafiq icazə vərəqələrinin verilmədiyini iddia edirdilər.
Yükdaşıma xidmətləri ilə məşğul olan "R Group Azerbaijan" şirkətinin rəhbəri Rəmiş Cəfərov Belarus vətəndaşı Yuriy Qnoyanikə məxsus 37 min dollarlıq yükü ələ keçirməkdə ittiham olunur. Bundan əlavə, o, dörd sahibkara məxsus ümumilikdə 68 min dollarlıq məhsulun daşınması üzrə də onlara maddi ziyan vurduğu üzə çıxıb. Sonradan onun atası da cinayət məsuliyyətinə cəlb edilib. (Qafqazinfo)