Logo
news content
User
Kateqoriyalar

Xəbər

Maşın almaq da çətinləşib, saxlamaq da – "Qiyməti soruşub yoxa çıxırlar"

Bakıda yaşayan Elçin Abdullayev üç aydır avtomobilini satmağa çalışır. O, 2012-ci il istehsalı olan maşınına əvvəlcə 18 min 500 manat qiymət qoyub, alıcı tapa bilmədiyi üçün sonradan məbləği 17 min manata endirib. Amma bu da nəticə verməyib. "Əvvəllər maşını satışa qoyanda bir neçə günə ciddi alıcı çıxırdı. İndi zəng edənlər qiyməti soruşub yoxa çıxırlar. Gəlib baxanlar da qiyməti bir neçə min manat aşağı salmaq istəyirlər. Mən də bu maşını satıb yerinə başqa avtomobil almalıyam. İstədikləri qiymətə versəm, özüm ziyana düşəcəyəm", –Elçin bildirir.

Avtomobil almaq istəyən digər müsahibimiz isə bir ilə yaxındır pul yığmasına baxmayaraq, büdcəsinə uyğun maşın tapa bilmədiyini deyir. Onun sözlərinə görə, 12-15 min manata təklif olunan avtomobillərin bir hissəsi köhnədir, digərləri isə əlavə təmir xərcləri tələb edir: "Bir az yaxşı vəziyyətdə olan maşına 17-18 min manat istəyirlər. Kredit götürsəm, hər ay maaşımdan ödəniş etməliyəm. Maşını alandan sonra yanacağı, sığortası, təmiri də var. Ona görə hələlik gözləyirəm".

Elanlar azalır, qiymətlər isə yüksəlir

Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, oktyabrda satışa çıxarılan avtomobillərin sayı əvvəlki ayla müqayisədə 7 faiz azalaraq 37 min 531-ə düşüb. Buna baxmayaraq, avtomobillərin median qiyməti 700 manat artaraq 19 min 500 manata çatıb. Palata bu artımı maşınların ümumi bahalaşması ilə deyil, bazarda daha bahalı avtomobillərin payının çoxalması ilə izah edir. Məsələn, 20 min manatdan ucuz avtomobillərin payı 53.3 faizdən 51.2 faizə enib.

Ancaq qiyməti düşən avtomobillər də var. Hətta sentyabr və oktyabr aylarında satışda qalan 7 min 156 avtomobilin təxminən 40 faizində qiymət aşağı salınıb. Bu avtomobillərin orta qiyməti də 1.5 faiz azalıb. Bazarda seçim imkanları da məhduddur. Satışa çıxarılan avtomobillərin yarıdan çoxu 13 yaş və daha köhnədir. Yeni avtomobillərin median qiyməti isə 44 min 300 manata çatır.

Bahalaşma, yoxsa bazarın dəyişən mənzərəsi?

Avtomobilin elanda göstərilən qiymətə satılacağına zəmanət yoxdur və elanların sayının azalması da mütləq daha çox avtomobilin satılması demək deyil. Bunu Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyir. O vurğulayır ki, oktyabrda median qiymət 3.7 faiz artsa da, eyni marka və modellər üzrə sabit struktur indeksi cəmi 0.4 faiz yüksəlib. Ekspertin fikrincə, bu fərq ümumi qiymət artımının əsasən satışa çıxarılan avtomobillərin tərkibinin dəyişməsi ilə bağlı olduğunu göstərir.

İ.Hüseynli qiymətlərə təsir edən amillər arasında avtomobil idxalını da önə çəkir. Onun sözlərinə görə, ölkəyə gətirilən maşınların istehsal ili, mühərrik növü və qiymət kateqoriyası dəyişdikcə bazardakı təklif də yenilənir: "Fikrimcə, burada idxalın həcmi qədər onun keyfiyyət və qiymət baxımından strukturu da əhəmiyyətlidir. Lakin yalnız bu hesabat əsasında idxalın artdığını və ya azaldığını iddia etmək düzgün olmaz. Bunun üçün gömrük statistikasına ayrıca baxılmalıdır".

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 57 min 275 avtomobil gətirilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32.8 faiz azdır. İdxal olunan avtomobillərin ümumi dəyəri də 29.3 faiz azalaraq 1 milyard 132 milyon dollara düşüb. Minik avtomobillərinin idxalında isə 34.9 faizlik azalma baş verib. Hibrid və elektrik avtomobillərinin idxalı daha kəskin azalıb. Belə ki, adi hibridlərin gətirilməsi 58.8 faiz, elektrik enerjisi ilə doldurulan (plug-in) hibridlərin idxalı 63.5 faiz, elektromobillərin idxalı isə 56,4 faiz azalıb.

Hüseynli avtomobilin qiymətini müəyyən edən digər amilin onun texniki vəziyyəti olduğunu bildirir. Ekspertin fikrincə, eyni modeldən olan maşınlar arasında belə yürüş məsafəsinə, qəza tarixçəsinə və təmir ehtiyacına görə ciddi qiymət fərqi yarana bilər. O hesab edir ki, hazırda avtomobil bazarında alıcılarla satıcılar arasında yeni qiymət balansı formalaşır.

Maşın saxlamağın xərcləri

İqtisadçı Asif İbrahimov deyir ki, avtomobil bazarındakı vəziyyətə yalnız qiymətlərin artması və ya azalması baxımından yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, əsas problemlərdən biri əhalinin alıcılıq qabiliyyətidir. Ekspert vurğulayır ki, ortagəlirli insanların avtomobil almaq imkanı daraldıqca, bazarda daha çox yüksəkgəlirli alıcıların seçdiyi maşınlara maraq artır.

A.İbrahimovun fikrincə, alıcıların daha ehtiyatlı davranması satıcıların da planlarını dəyişir. O bildirir ki, maşınını istədiyi qiymətə sata bilməyənlər güzəştə getməli, ilkin qiymət gözləntilərini yenidən nəzərdən keçirməli olurlar. İqtisadçı bunu bazarda tələb və təklif arasında müəyyən uyğunsuzluğun yaranması ilə əlaqələndirir: "Onlar qiymətlə yanaşı, yanacaq sərfiyyatına, texniki vəziyyətə, ehtiyat hissələrinin əlçatanlığına və gələcək istismar xərclərinə də diqqət yetirirlər. Kredit faizləri və ailə büdcəsinə düşən maliyyə yükü də avtomobillərə olan real tələbə təsir göstərir".

Avtomobilin istismar xərcləri ilə bağlı hesablamalar da bu maliyyə yükünü təsdiqləyir. Məsələn, ayda min kilometr yol gedən və hər 100 kilometrə səkkiz litr Aİ-92 benzin sərf edən avtomobilin təkcə yanacaq xərci ayda 92 manat, ildə isə 1104 manat təşkil edir. Bu hesablama Tarif Şurasının 2026-cı il yanvarın 1-dən qüvvəyə minmiş qiymətinə – benzinin bir litri üçün 1.15 manata əsaslanır. Müqayisə üçün, Aİ-92 benzininin litri 1 manat olduğu dövrdə eyni avtomobilin illik yanacaq xərci 960 manat idi, sonrakı qiymət artımları nəticəsində isə bu məbləğ 144 manat yüksəlib.

Yanacaqdan əlavə, avtomobil sahibi icbari sığorta, texniki baxış və dövri texniki xidmət xərcləri ilə də üzləşir. Texniki baxış üçün dövlət rüsumu 30 manatdır. Avtomobilin yaşından asılı olaraq buna 10-40 manat, 10 ildən 20 ilədək yaşı olan avtomobillər üçün isə 20 manat utilizasiya haqqı əlavə edilir. İcbari sığorta haqqı mühərrik həcmi, avtomobilin yaşı və digər risk göstəriciləri əsasında hesablanır. İllik sığortaya 75-100 manat, ildə iki dəfə yağ və filtr dəyişdirilməsinə isə 180-220 manat ayrıldığını fərz etsək, 10 ildən 20 ilədək yaşı olan avtomobilin illik baza istismar xərci təxminən 1400-1500 manata çatır.

Bu, sadəcə ortalama hesablamadır və məbləğə gözlənilməz nasazlıqlar, ehtiyat hissələrinin dəyişdirilməsi və digər əlavə xərclər daxil deyil. Məsələn, Dövlət Statistika Komitəsinin 2026-cı ilin fevralına aid məlumatlarına görə, ölkədə dörd avtomobil şinindən ibarət dəstin orta istehlak qiyməti 432.74 manat, akkumulyatorun qiyməti 121.94 manat, bir amortizatorun qiyməti isə 86.97 manat olub. Amortizatorların adətən cüt dəyişdirildiyini, bunun üzərinə işçilik haqqının və digər detalların qiymətinin də əlavə olunduğunu nəzərə alanda, hətta birdəfəlik təmir avtomobil sahibinə yüzlərlə manata başa gələ bilər. Azərbaycanda rəsmi göstəricilərin real bazar qiymətlərindən aşağı göstərilməsi də zaman-zaman müstəqil iqtisadçıların tənqid hədəfi olur.