Kütləvi köçdən bir il sonra - Qarabağ ermənilərinin 3%-dən azı Ermənistan vətəndaşlığı əldə edib
28 Sentyabr 2024
Qarabağdan bütün erməni əhalisinin təşkil olunmuş köçündən bir il sonra, bölgənin keçmiş erməni sakinlərinin yalnız 2,6%-i Ermənistan vətəndaşlığını əldə edib. Ermənistanın Miqrasiya Xidmətinin məlumatına görə, təxminən 120 min məcburi köçkün arasından yalnız 3 226 nəfər Ermənistan pasportu alıb.
2020-ci il müharibəsindən əvvəl Qarabağ erməniləri, onların Azərbaycanda yaşadıqlarını göstərən "070" kodu ilə xüsusi Ermənistan pasportlarına sahib olublar. İndi isə Ermənistanda qalmaq istəyən köçkünlər həmin sənədləri xüsusi işarələr olmadan tam hüquqlu Ermənistan pasportları ilə əvəz etmək imkanına malikdirlər.
Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti rəis müavini Nelli Davtyan vətəndaşlıq əldə edənlərin az olmasını, bir çoxlarının daimi yaşamaq üçün digər ölkələrə köçmək və ya qaçqın statusunu qoruyaraq yardımlar almaq istəyi ilə əlaqələndirib. “Çoxları statuslarını saxlamağa və gələcəkdə Avropa və ya Şimali Amerikaya köçmək imkanını əldə etməyə üstünlük verir”, — deyə Davtyan bildirib.
“Sputnik Armenia” da daxil olmaqla, erməni KİV-lərinin məlumatına görə, köçkünlərin əksəriyyəti Ermənistanı tərk edərək daimi yaşayış üçün Rusiyaya üz tutur. Rusiya dünyada ən böyük erməni diasporasının yerləşdiyi ölkədir.