Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Ukraynanın ilhaq edilmiş vilayətlərində hərbi vəziyyət elan edib. Bu, nə deməkdir?


Vladimir Putin artan təzyiq altındadır. Onun "xüsusi hərbi əməliyyatı" plana uyğun getmədi. Ukraynanın əks hücumu nəticəsində Rusiya işğal etdiyi ərazilərini itirir.





Bu arada Rusiyanın Ukrayna ilə həmsərhəd bölgələri davamlı atəşə məruz qalır.





Üstəlik, Kremlin ötən ay "qismən səfərbərlik" elan etməsi Rusiya cəmiyyətində geniş həyəcan təbili çaldı. Prezident Putinin buna cavabı isə "Bağışlayın, mən Ukraynanı işğal etməklə böyük səhv etdim" deyil. Daha sərt təhlükəsizlikdir. Təkcə işğal olunmuş Ukraynada deyil, bütün Rusiyada.


Vladimir Putinin fərmanı ilə Kremlin ilhaq etdiyini iddia etdiyi Ukraynanın dörd bölgəsində: Luhansk, Donetsk, Zaporojye və Xerson vilayətlərində hərbi vəziyyət tətbiq edilib.




Bu qərarın orada hansı fərq yaradacağı - təbii ki, əgər yaradacaqsa, bəlli deyil. Qərarın Ukrayna qoşunlarını silahlarını yerə qoymağa inandırmayacağı dəqiqdir. Kiyev itirdiyi əraziləri geri almağa qərarlıdır.





Lakin Kreml lideri üç fərqli təhlükəsizlik səviyyəsinin tətbiqi ilə Rusiya daxilindəki təhlükəsizliyi də gücləndirib.





Ukrayna ilə sərhədə yaxın Belqorod, Bryansk, Krasnodar və Rostov vilayətləri kimi bölgələrdə, eləcə də ilhaq edilmiş Krımda "orta səviyyəli cavab tədbirləri" elan edilib. Tədbirlərə təhlükəsizliyin və ictimai asayişin gücləndirilməsi daxildir. Fərmanda həmçinin, nəqliyyatın hərəkətinə, habelə bu rayonlara giriş-çıxışa məhdudiyyətlər nəzərdə tutulub.





Növbəti səviyyə "yüksək hazırlıq"dır. Bu, Rusiyanın mərkəzi və cənub bölgələrinə, o cümlədən, Moskvaya aiddir. Prezidentin sərəncamında "nəqliyyat vasitələrinin axtarışı və hərəkətin məhdudlaşdırılması", habelə "ictimai asayişin mühafizəsinin gücləndirilməsi" qeyd olunur.





Moskvanın meri Sergey Sobyanin sosial şəbəkədəki mesajında moskvalıları "həyatın normal ritmini məhdudlaşdıran heç bir tədbir olmayacağına" inandırmağa çalışıb. Bunu yaşayıb, görmək qalır.





Ən aşağı təhlükəsizlik səviyyəsi isə ölkənin qalan hissəsinə aiddir (faktiki olaraq, Rusiyanın şimalı, Sibir və Rusiyanın uzaq şərqi).











Rusiya-Ukrayna





Belqorod ən yüksək təhlükəsizlik səviyyəsində olan ərazilərdən biridir





Prezident Putinin fərmanını yerinə yetirmək üçün bütün bölgə qubernatorlarına "əməliyyat qərargahları" yaratmaq tapşırılıb. Bunlara hər bir rayonun başçısları, ordu və polis nümayəndələri daxil olacaq.




Regionların qubernatorlarına həmçinin, "Rusiya Federasiyası Silahlı Qüvvələrinin, digər qoşunların və qoşun birləşmələrinin ehtiyaclarını ödəmək" əmri verilib. Bu, görünür, Rusiya ordusuna daha böyük səlahiyyətlər verir.Bütün bunlar təcrübədə necə işləyəcək? Bunun aydın olması üçün bir az vaxt lazım ola bilər.





Aydın olan odur ki, Prezident Putinin tətbiq etdiyi təhlükəsizlik sistemindən hakimiyyət bütün Rusiyada azadlıqları məhdudlaşdırmaq və "xüsusi hərbi əməliyyat" üçün səyləri səfərbər etmək üçün istifadə edilə bilər.





Əgər Rusiyada təhlükəsizlik vəziyyəti pisləşərsə, regionların səfərbərlik də daxil olmaqla, daha yüksək təhlükəsizlik səviyyəsi ilə "yenilənməsinə" heç nə mane ola bilməz.





Bu Rusiya Prezidenti haqda bizə nə deyir? Burada Vladimir Putinin böhrandan çıxış yolu axtardığını gösətərən heç bir işarə yoxdur.





Bizim bu fərmanla gördüyümüz odur ki, Kreml lideri nəzarəti saxlamaqda qərarlıdır.