“Kosmik Vətən”ə doğru ilk addım
14 Aprel 2026
Bakıda “Kosmik Vətən” adlı ilk Aerokosmik konfrans keçirilib. INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi-də Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin təşəbbüsü ilə baş tutmuş konfransın əsas məqsədi ölkədə aerokosmik sahədə fəaliyyət göstərən federasiyalar, ictimai birliklər, cəmiyyətlər, inkişaf mərkəzləri, klublar və komandaları bir araya gətirərək mövcud vəziyyəti təhlil etmək, eləcə də gələcək inkişaf istiqamətlərini birgə müzakirə etmək olub.
İştirakçı təşkilatların hər biriöz fəaliyyət istiqamətləri və bu günə qədər həyata keçirdiyi layihələr barədə məlumat verib. Daha sonra ortaq problemlərin həlli yolları üzərində fikir mübadiləsi aparılıb, qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Konfrans çərçivəsində cari ildə Azərbaycanda keçiriləcək IV Aerokosmik Modelçilik Festivalı barədə də məlumat verilib. Bildirilib ki, 12 aprel tarixindən etibarən tədbir üçün qeydiyyat artıq başlayıb. Qeyd olunub ki, festival bu il Qarabağ iqtisadi rayonunda təşkil ediləcək və ötən ildən fərqli olaraq yarışların sayı artırılaraq 12 kateqoriya üzrə keçirilməsi planlaşdırılır.
Tədbirdə bu il ilk dəfə keçiriləcək “Naqilsiz Rabitə” yarışına da xüsusi diqqət ayrılıb. Vurğulanıb ki, bu istiqamət radiohəvəskarları və radio-modelistləri bir araya gətirərək sahənin inkişafına yeni təkan verəcək.
Festival çərçivəsində radiohəvəskarlar tərəfindən xüsusi çağırış siqnalı ilə beynəlxalq efirə çıxışın həyata keçirilməsi və qısa dalğa radiostansiyaları, anten sistemləri vasitəsilə dünyanın müxtəlif ölkələrindəki radiohəvəskarlarla birbaşa əlaqə yaradılması təklif olunub. Qeyd olunub ki, ziyarətçilər də peşəkar operatorların dəstəyi ilə canlı efirə qoşularaq, qlobal rabitənin bir hissəsinə çevrilə bilcəklər. Regionlarda yaşayan gənclərin aerokosmik sahəyə cəlb olunmasının və maarifləndirilməsinin gələcəkdə yerli kadr potensialının formalaşmasına mühüm töhfə verəcəyi bildirilib.
Konfransda “Kosmik Vətən” anlayışının əhəmiyyətindən danışılıb. Bu anlayış yalnız emosional çağırış deyil, milli təhlükəsizlik və funksional suverenliyin təmin olunması baxımından strateji zərurətdir. Müasir geosiyasi reallıqlar göstərir ki, kosmik sahədə passiv mövqe tutan dövlətlər gələcəkdə başqalarının strateji qərarlarına tabe olmaq riski ilə üz-üzə qalır.
Tədbirdə zərbaycan Respublikası Səmt Müəyyənetmə İdman İctimai Birliyi, Aerospace İctimai Birliyi, Həvəskar Astronomlar Cəmiyyəti, Azərbaycan Radiohəvəskar Cəmiyyəti, “Ulduz” İnformasiya-Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə İctimai Birliyi, AzST klubu, Orbyte klubu və Barattson Kids mərkəzinin nümayəndələri iştirak ediblər.