Körfəz ölkələri və İran Hörmüzlə bağlı danışıqlar planlaşdırır
12 Sentyabr 2026
Fars körfəzinin ərəb dövlətlərinin xarici işlər nazirlərinin gələn həftə Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü gözlənilir. "The Financial Times" qəzetinin yazdığına görə, region ölkələri Hörmüz boğazından kommersiya gəmiçiliyinin bərpası üzrə müvəqqəti razılaşmaya dəstək qazanmaq istəyirlər.
FT məsələdən agah iki mənbəyə istinadla xəbər verir ki, Omanın təşəbbüsü ilə görüşün sentyabrın 14-də Salala sahil şəhərində keçirilməsi planlaşdırılıb. Mənbələrdən biri detalların hələ dəqiqləşdirildiyini, amma bir sıra dövlətlərin iştirakının artıq təsdiqləndiyini bildirib.
Oman və İranın müzakirə etdiyi müvəqqəti razılaşma gəmilərin boğaza İran su ilə daxil olmasını, əsasən Oman suları vasitəsilə çıxmasını nəzərdə tutur. Diplomatlar su yolunun tam açılması üçün ABŞ ilə İran arasında razılaşmanın vacibliyini vurğulayırlar.
Danışıqlar barədə informasiyalı mənbələrdən biri FT-yə deyib ki, İran və Oman Körfəz Əməkdaşlıq Şurasının dəstəyini almağa ümid edir. Məqsəd bundan Vaşinqtona təzyiq göstərmək və İran limanlarının blokadasını aradan qaldırmasına nail olmaqdır. Körfəz ölkələrinin niyyəti isə müvəqqəti razılaşma əldə etmək, gəmilərin boğaza həm daxil olmasına, həm də oradan çıxmasına imkan yaratmaqdır.
ABŞ və İran iyunda qısamüddətli anlaşma memorandumu imzalamışdı. Ancaq Hörmüz boğazından gəmiçiliklə bağlı fikir ayrılıqları bu sənədi qüvvədən salıb.
FT-nin məlumatına görə, Vaşinqton vasitəçilərə bildirib ki, istənilən yeni razılaşma İranın nüvə proqramını da əhatə etməlidir. Tehran isə blokadanın aradan qaldırılması, neft ixracının bərpasına icazə verilməsi də daxil, güzəştlər tələb edir.
Hazırda ABŞ ilə İran arasında birbaşa danışıqlar aparılmır. Regional vasitəçilər diplomatik təmasları qeyri-rəsmi kanallarla davam etdirirlər.