-19.jpg)
İsraildə hərbi senzura KİV və sosial şəbəkədə necə işləyir?
19 İyun 2025
Mənbə: Euronews
İsraildə hərbi senzura demək olar ki, yəhudi dövləti yaranandan bəri mövcuddur – daim müharibə vəziyyətində olan bu ölkədə bəziləri senzuranı söz azadlığının məhdudlaşdırılması hesab edir, digərləri isə təhlükəsizliyin təminatı üçün zəruri sayır.
Hadisələri ehtiyatla işıqlandırmaq, təhlükəsizlik riskləri yaratmamaq, hücumların detalları və qoşunların yerləşməsi barədə məlumat yaymamaq – İsrail mediası ölkə növbəti münaqişəyə cəlb olunan və ya hərbi əməliyyatlar apardığı zaman bu qaydalara ciddi şəkildə əməl edir.
Adətən, ölkə daxilində qoşunların hərəkəti, zərbələrin dəqiqliyi, hətta hökumətin bəzi iclaslarının nəticələri barədə məlumat açıqlanmır. Jurnalistlərə, hökumətin düşmən üçün koordinat və ya kəşfiyyat informasiyası rolunu oynaya və beləliklə, ölkənin təhlükəsizliyinə təhdid yarada biləcəyini hesab etdiyi məlumatları dərc etməyə icazə verilmir.
Bir qisim bu qədər sərt yanaşmanın demokratik prinsiplərlə ziddiyyət təşkil etdiyini düşünür, digərləri isə bu siyasətin ölkənin güclü dövlət imicinin qorunmasına və xarici xüsusi xidmət orqanlarının işini çətinləşdirməyə yardım etdiyini deyir.
Tehranla qarşıdurmanın başlandığı vaxtdan etibarən hərbi senzura orqanları mütəmadi olaraq vətəndaşlara raket düşən ərazilərin videogörüntülərini yaymamağı və strateji, hərbi obyektlər yaxınlığında müşahidə kameralarını söndürməyi tövsiyə edir.
Məsələn, yerli KİV-lərin məlumatına görə, İran tərəfindən atəşə tutulmuş iki obyektin çəkilişinə qadağa qoyulub.
Buna baxmayaraq, informasiya sızmaları yenə baş verir. İsrail vətəndaşlarının və “yaşıl xətt” daxilindəki ərəb sakinlərinin çəkdiyi fotolar və videolar “Yediot Aharonot”, “Times of Israel”, “Israel Hayom” kimi nəşrlərə və hətta Binyamin Netanyahu hökumətinə müxalif mövqe tutan liberal “Haaretz” qəzetinə sızsa da, onlar bu barədə susurlar.
Xarici KİV-lərin fəaliyyəti üzrə rəhbər prinsiplər
“Israel Hayom” qəzeti bəzi ərəb mediasını, o cümlədən Qətərin “Al Jazeera” kanalını İsrail ərazisindəki fəaliyyətinə görə tənqid edib. Bildirilib ki, onlar təhlükəsizlik qaydalarını pozaraq raketlərin düşdüyü ərazilərdən canlı yayım aparırlar.
Ölkənin rabitə və milli təhlükəsizlik nazirləri birgə bəyanatla çıxış edərək, İran raketlərinin düşdüyü yerlərdən görüntülərin tirajlanması ilə bağlı ittihamlar üzrə araşdırma başladıldığını açıqlayıblar.
Nazirlik rəhbərlərinin bildirdiyinə görə, inspektorlar həmin fotomüxbir və operatorların nə “Al Jazeera”, nə də “Al Mayadeen” əməkdaşları deyil, digər xarici KİV-lərin nümayəndələri olduqlarını təsdiqləyib. Bəyanatda həmçinin qeyd olunub ki, əgər çəkilişlər hərbi senzuranın təlimatlarına uyğun aparılırsa və qayda pozuntusu yoxdursa, tam qadağa tətbiq edilmir.
Rabitə naziri isə xarici media nümayəndələrinin dövlət təhlükəsizliyinə təhdid yarada biləcək hallarda senzura qaydalarının tətbiqi və prosedurlarını müzakirə etmək üçün hərbi senzura ilə təcili görüş çağırıb.
İsrail Müdafiə Ordusunda (CAXAL) hərbi senzura orqanı
1953-cü ildə İsraildə ordu ilə media arasındakı münasibətləri tənzimləmək üçün Redaktorlar Komitəsi yaradılıb. Onun təşəbbüsü ilə jurnalistlər öz yazılarına özləri senzura tətbiq etməyə başlayıblar. O vaxtdan bəri həssas mövzulu materialların dərc edilməsi üçün hərbi qurumlardan icazə alınması tələb olunur. Əks halda müəlliflər məhkəmə təqibi və digər hüquqi sanksiyalarla üzləşə bilərlər.
İsrail senzurası 1945-ci ildə Britaniya mandatı dövründə qəbul olunmuş Fövqəladə Hallar Qanunlarına əsaslanır. Bu qanunlara görə, milli arxivlərdəki istənilən məxfi materialın azı 25 il ərzində açıqlanması qadağandır.
Əsas Qanunun 44-cü maddəsində deyilir:
“təhlükəsizlik məsələləri ilə bağlı hökumətin bütün qərarları və nazirlərin müşavirələrinin nəticələri məxfi hesab olunur və yalnız baş nazirin və ya səlahiyyətli şəxsin icazəsi ilə açıqlana bilər”.
Bundan əlavə, İsrail qanunları 1988-ci ildən tam döyüş hazırlığı vəziyyətində olan ordudakı senzorlara jurnalist materiallarını nəşrdən əvvəl yoxlamaq və dövlət təhlükəsizliyi ilə bağlı materiallara nəzarət etmək səlahiyyəti verir.
Senzura sosial şəbəkələrə də yayılıb
Fərqli media platformalarının və internet resurslarının inkişafı ilə İsraildə hərbi senzura veb-saytlara və sosial şəbəkələrə də tətbiq olunmağa başlayıb. Hakimiyyət “Facebook” və “Twitter” (indiki “X”) kimi iri platformalarla İsrail üçün təhlükəli hesab edilən istənilən məzmunun silinməsi və ya bloklanması barədə razılaşma əldə edib. Bundan əlavə, hətta “Telegram”-dakı bəzi kanalların bağlanması tələbi ilə çıxış edildiyi barədə məlumatlar da var.