İsrail kəşfiyyatından görünməmiş əməliyyat - Eyni anda 4 min "Hizbullah" döyüşçüsü yaralandı - YENİLƏNİB
18 Sentyabr 2024
Livanda rabitə cihazı olan peycerin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə “Al Jadeed” telekanalı Yaxın Şərq ölkəsinin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyada istinadən bildirib.
Məlumata görə, 11 nəfərin ölümü ilə yanaşı 4 mindən çox insanın yaralanması qeydə alınıb.
Daha sonra nazir 400 yaralının ağır vəziyyətdə olduğunu açıqlayıb.
***
İsrail kəşfiyatı Livanda "Hizbullah" döyüşçülərinə qarşı kiberhücum həyata keçirib. Qruplaşmanın üzvlərinin istifadə etdiyi portativ rabitə qurğularının partlaması nəticəsində 3 minə yaxın adam yaralanıb.
Livanın səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən Firas Abyadın verdiyi məlumata görə, partlayışlar nəticəsində ən azı 8 nəfər ölüb, 2,8 min adam yaralanıb.
Bildirilib ki, qurğuların partlaması yarım saat davam edib.
Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.
Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.
“Hizbullah” hərəkatının teleqram kanalında verdiyi açıqlamada bildirilir ki, rabitə cihazlarının partlamasının səbəblərinın müəyyənləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparılır.