Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsrail “Hizbullah”a qarşı quru əməliyyatına başlayıb, ordu Livana daxil olub

İsrailin müdafiə naziri Yoav Qalant Livan “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyatın növbəti mərhələsinin tezliklə başladığını açıqlayıb.

O, bu barədə  “X” sosial şəbəkəsində yazıb.

Qalantın sözlərinə görə, bu, “Hizbullah” bölmələrinin Livan ərazisindən davamlı atəşə tutulması nəticəsində təxliyə edilmiş İsrailin şimalındakı sərhəd yaşayış məntəqələrinin sakinlərinin geri qayıtması üçün şəraitin yaradılmasında mühüm rol oynamalıdır.

“Qarşıdurma xəttindəki (Livanla həmsərhəd ərazilərdəki - red.) yaşayış məntəqələrinin şuralarının rəhbərləri ilə görüşdə vurğuladım ki, tezliklə “Hizbullah”a qarşı müharibənin növbəti mərhələsi başlayacaq və bu, müharibənin aparılmasındakı məqsədə çatmaqda - şimalın sakinlərinin öz evlərinə qayıtmasında mühüm amil olacaq", - Qalant əlavə edib.

Artıq İsrail ordusu Livan ərazisinə daxil olduğu bildirilir. Yeerli mətbuat İsrailin zirehli texnikasının Metula bölgəsində Livanla sərhədi keçdiyini yazıb.

İsrail ordusu sərhəddə 20 kilometrlik bufer zona yaratmağı planlaşdırıdığı bildirilir.

Yerli media baş verənləri Üçüncü Livan Müharibəsi adlandırıb. Hazırda İsrail ordusunun istehkamçıları Livanın cənubunda maneələri aradan qaldırır.

Livanlı mənbələrin “Reuters“ agentliyinə verdiyi məlumata görə, Livan qoşunları Livanın cənub sərhədi boyunca İsraillə sərhədin beş kilometr şimalındakı mövqelərdən geri çəkilib.

Geri çəkilmə İsrailin Livanın cənubuna qaçılmaz quru işğalının əlamətlərinin artması fonunda baş verir. Eyni şəkildə, Livan ordusunun rəsmisi “AFP”yə bildirib ki, Livan ordusu geri çəkilmir, lakin cənub sərhədində yerləşdirilmiş qoşunları hərəkətə gətirir və yenidən qruplaşdırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İsrail Livanda bir sıra məhdud quru əməliyyatları barədə ABŞ-ı məlumatlandırıb.