Logo
news content
User
Kateqoriyalar

Xəbər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Mayın 4-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evində Müsavat Partiyasının XI Qurultayı açılıb. Qurultayda 300-dən çox nümayəndə iştirak edib.

XI Qurultay partiyanın yeni başqanını, Mərkəzi Nəzarət Təftiş Komissiyasını (MNTK) və Məclisini seçib.

Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbər ölkədə demokratik dəyişikliyə keçid üçün iqtidarla ictimai saziş təklifi ilə çıxış edib.  

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin başqanı Cəmil Ünal təbrik nitqində deyib ki, Azərbaycan prezidenti Əbülfəz Elçibəy Azərbaycan Xalq Cəbhəsinin sədri olarkən Müsavat bayrağını Azadlıq meydanında qaldırıb.

“Müsavat Partiyası dəyərlərini reallaşdırmaq üçün yüz minlərlə şəhid verən bir siyasi qurumdur. Müsavat Partiyası 72 il mühacirətdə yaşamağa məcbur edilmiş böyük bir siyasi təşəkküldür”, o qeyd edib.

Cəmil Ünal Müsavat Partiyasına seçkilərdə uğurlar diləyib.

“Seçkilər bir partiyanın amacı olaraq iqtidarda qalması üçün keçirilməməlidir. Seçkilər bir partiyanın iqtidardan getməməsi üçün vasitə edilməməlidir. Çünki demokratik ölkələrdə dövlətlə hökumət ayrıdır. Dövlət başdır, dövlət millətdir. O daim qala bilir. Amma hökumətlər millət istəyəndə gedir. Bu baxımdan seçimlər iqtidarın seçilməsində əsas olmalıdır. Seçkilər iqtidarın əbədi olaraq işğalına amac olmamalıdır”, o qeyd edib.

Partiyanın lideri Arif Hacılı hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, bütün mübarizə tarixində partiya müsavatçılıq yolunu davam etdirib.

Partiya başqanlığına namizəd İsa Qəmbər bildirib ki, ölkədə vəziyyət kifayət qədər ağırdır.

“İqtisadi böhranın nəticələri davam edir. Ölkədəki rüşvətxorluq, korrupsiya, monopoliyalar davam edir. Xalqımızın həyat şəraiti arzuladığımız şəkildə deyil, çox bərbad vəziyyətdədir. Siyasi repressiyalar, həbslər davam edir. Böyük sayda dustaqlar var. Vəziyyət kifayət qədər ağırdır”, - o qeyd edib.

İsa Qəmbər hesab edir ki, ölkədəki problemləri həll etmək elə də asan olmayacaq.

“Ancaq bu mümkündür. İnanıram ki, birgə səylərlə hədəflərə çata bilərik, problemləri həll edə bilərik. Çünki biz millət olaraq çox böyük hədəflərə çatmağı bacarmışıq. Biz 80-ci illərdə hərəkata başlayanda əsas üç hədəfi qarşımıza məqsəd qoymuşduq. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü və demokratiya, haqq-ədalət, xalqın xoşbəxtliyi. İstiqlal hədəfinə Elçibəyin liderliyi ilə xalqın, milyonların iştirakı ilə çatdıq. İstiqlalı biz əldə etdik. Ərazi bütövlüyü məsələsi indiki dövrdə, indiki hakimiyyətin zamanında həll olundu. Əlbəttə bu xalqımızın, qəhrəman ordumuzun qələbəsidir. Düzgün yolun nəticəsidir. Bu yol ki, Rəsulzadə zamanında müəyyənləşdirilmişdi, Elçibəy davam etdirmişdi. O yola dönməyin nəticəsidir. Azərbaycan-Türkiyə birliyi deyirik. Bu yol Rəsulzadənin, Elçibəyin müəyyənləşdirdiyi yoldur. Amma, fakt budur ki, torpaqlarımızın azad edilməsi indiki hakimiyyətin dönəmində baş verib və biz bunu reallıq kimi qəbul edirik”.

Onun fikrincə, demokratiya, haqq-ədalət, xalqın xoşbəxtliyi hədəfi qalır.

“Bu hədəf böyük və mürəkkəb bir hədəfdir. Bu mütləq olacaq. İki səbəbdən olacaq. Birincisi xalqımızın iradəsi, azad və ədalətli yaşamağa haqqı olmasıdır. İkincisi isə dünyada gedən proseslərdir. Dünya dəyişir, bölgə dəyişir. Azərbaycan da dəyişməyə məhkumdur. Bu dəyişimin qarşısını heç bir qüvvə ala bilməz. Bunu hakimiyyətdəkilər də dərk etməlidir və hər bir insan başa düşməlidir. Bu olacaq. Amma, nə şəkildə olacaq, hansı zaman çərçivəsində baş tutacaq, bunu demək çox çətindir”.

O demokratik dəyişikliklərin dinc yolla baş verməsinin tərəfdarı olduğunu bildirib.

“Nəzəri cəhətdən iki yol var. Ya hakimiyyətdəkilər yanlış yoldan çəkilib, haqq-ədalət yoluna dönməlidirlər. Ölkədə iqtisadi və siyasi azadlıqların təmin edilməsini bərqərar etməlidirlər. Mətbuata, vətəndaş cəmiyyətinə, siyasi partiyalara fəaliyyət azadlığı verməlidirlər. Məhkəmələr müstəqil olmalıdır. Qanunun aliliyi təmin edilməlidir. Normal seçkilər keçirlməlidir. Hakimiyyət özü bunu edərmi? Indiki hakimiyyət öz xoşu ilə bunu edənə oxşamır. Hakimiyyət bunu etməyəndə də bu artıq xalqın üzərinə düşür. Zamana buraxılır. O zaman da dəyişikliklər daha ağır şəkildə, sosial partlayışlar və başqa formalarda həyata keçir. Bu artıq qarşısıalınmaz bir məsələ olur. Elə hal olur ki, onu nə hakimiyyət durdura bilər, nə də müxalifət partiyaları onu dəyişə bilərlər”.

O dinc demokratik keçid üçün ictimai saziş təklifi ilə çıxış edib.

“Hakimiyyətlə cəmiyyət arasında, hakimiyyətlə müxalifət arasında ictimai saziş olmalıdır. Eyni zamanda demokratik birliyin içində bir ictimai birlik olmalıdır. Media, vətəndaş cəmiyyəti, siyasi qüvvələr, ziyalılar birgə iradə ortaya qoymağı bacarmalıdır”, o qeyd edib.

Qurultay İsa Qəmbəri yenidən Müsavat partiyasının başqanı seçib.

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Bakıda yaradılıb.

Müsavat Partiyasının ilk qurultayı 1917-ci il oktyabrın 26–31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası (30 nəfər sayla) bir neçə azsaylı partiya ilə birgə Azərbaycan İstiqlalını elan edib.

1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub. Rusiya imperiyası Azərbaycanı işğal edəndən sonra partiya 1922-1989-cu illərdə mühacirətdə fəaliyyətini davam etdirib.

1992-ci ildə Müsavat Partiyasının yenidən təşkili ilə bağlı Bərpa mərkəzi yaradılıb. Azərbaycan Milli Məclisinin o vaxtkı sədri İsa Qəmbər partiyanın başqanı seçilib. 1993-cü ildən partiya müxalifətdədir. 2014-cü ilə kimi partiyaya İsa Qəmbər rəhbərlik edib. 2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı başqan postuna seçilib.