İranlı iki qadın futbolçu "təhlükəsiz sığınacaq" üçün Avstraliyaya təşəkkür edib
18 Aprel 2026
Aprelin 17-də İranın iki qadın futbolçusu Avstraliya hökumətinə onlara təhlükəsiz sığınacaq verdiyi üçün təşəkkür edib, idman karyeralarını bərpa etmək istədiklərini bildiriblər.
Fatimə Pəsəndidə və Atifə Ramazanizadə humanitar viza alandan bəri ilk dəfə ictimai açıqlama veriblər. Bəyanatda deyilir ki, onlara göstərilən dəstək təhlükəsiz şəraitdə yaşayıb yarışa biləcəkləri gələcəyə ümid yaradıb.
"Bizə humanitar qoruma və bu gözəl ölkədə təhlükəsiz sığınacaq verdiyi üçün Avstraliya hökumətinə, xüsusilə də daxili işlər naziri Toni Börkə dərin təşəkkürümüzü bildiririk", – qadın futbolçular qeyd ediblər.
Martda İran qadın futbol yığmasının yeddi üzvü Avstraliyada sığınacaq istəmişdi. Onlar Asiya Kuboku oyunu öncəsi İranın dövlət himnini oxumaqdan imtina etmiş, İran dövlət mediası buna sərt reaksiya vermişdi.
Futbolçulardan beşi sonradan sığınacaq müraciətlərini geri götürüb, komandanın qalan üzvlərinə qoşularaq Malayziya üzərindən İrana qayıdıb.
Pəsəndidə və Ramazanizadə isə Avstraliyada qalıb. Hüquq müdafiəçiləri bəzi oyunçuların hökumətin güclü təzyiqi altında geri qayıtması ilə bağlı narahatlıq səsləndirib.
Hər iki futbolçu Avstraliyanın A-Liqa qadınlar liqasında çıxış edən "Brisbane Roar" komandası ilə məşq edərkən görüntülənib.
Bu hadisələr ABŞ və İsrailin fevralın 28-də İrana hava zərbələri ilə başlayan müharibə fonunda baş verib.

Avstraliyadan sığınacaq istəyən İran qadın futbolçuların beşi müraciətini geri götürüb
İranın qadın futbol komandasının kapitanı Zəhra Qənbəri Avstraliyada sığınacaq müraciətini geri götürüb və İrana qayıdacaq. Xəbəri İranın dövlət mediası yayıb. O, milli komanda sığınacaq üçün müraciətini geri götürən beşinci üzvüdür.
Qadın futbolçular Asiya Kuboku zamanı İslam Respublikasının dövlət himnini oxumamışdılar. İranda onlara "xain" damğası vurulandan sonra yeddi oyunçu və heyət üzvü sığınacaq istəmişdi.
İran hakimiyyəti Qənbərinin qərarını vətənpərvərlik adlandırıb. Müxalifət mediası, digərlərinin fikrincə, ailələrini təhdid etməklə oyunçulara təzyiq göstərilib.
Avstraliya rəsmilərinin bildirdiyinə görə, komanda üzvlərinə sığınacaq almaq üçün imkan yaradılıb, ancaq onlar "inanılmaz çətin" qərarlarla üzləşiblər.
Bir neçə nəfər artıq İrana getmək üçün Malayziyaya yola düşüb, nümayəndə heyətinin yalnız iki üzvünün Avstraliyada qalacağı gözlənilir.