İranda son bir həftədə ikinci sünni ruhani öldürülüb
16 Sentyabr 2026
Sentyabrın 14-də naməlum şəxslər sünni bəluc ruhani Yusif Qorqici İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanının inzibati mərkəzi Zahidan şəhərində, evinin qarşısında güllələyərək öldürüblər.
Bu, İranda bir həftədən də az müddətdə öldürülən ikinci sünni ruhanidir.
Sentyabrın 9-da sünni kürd din xadimi Məhəmməd Nəzhəti İranın şimal-qərbindəki Qərbi Azərbaycan ostanında öldürülüb.
İranın dövlət mediasına görə, iyulun 20-də Sistan və Bəlucistanda digər bir sünni ruhani - Məhəmməd Ənvər Riqi də naməlum silahlılar tərəfindən qətlə yetirilib.
Hər üç din xadiminin İran hökumətinin tərəfdarı olduğu bildirilir. Qətllərə görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
Dövlətə məxsus "Mehr" xəbər agentliyi Qorqici "hökumətyönlü sünni ruhani" kimi təqdim edib, heç bir sübut və ya detal vermədən onun qətlində "sionist muzdluları" günahlandırıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH isə yaydığı bəyanatda Nəzhətinin Qərbi Azərbaycan ostanındakı qətlinə görə "sionist-amerikayönümlü kürd separatçı qrupları" ittiham edib.
Pakistan və Əfqanıstanla həmsərhəd Sistan və Bəlucistan, eləcə də İranın Türkiyə və İraqla sərhədləri yaxınlığında yerləşən Qərbi Azərbaycan ostanında çoxsaylı etnik və dini azlıqlar yaşayır.
Hər iki bölgədə uzun illərdir silahlı qiyamlar baş verir, İran dövləti ilə əlaqəli şəxslər hədəfə alınır.