Logo
news content
User
Kateqoriyalar

Xəbər

İranda edamlar son 10 ilin rekord həddinə çatıb

"Amnesty International" təşkilatının son hesabatına görə, İran dünyada illik edam sayına görə ikinci yerdə qalmağa davam edir. Edamların sayı 2020-ci ildən bəri davamlı şəkildə artıb, əsas səbəb isə narkotiklə bağlı cinayətlərdir. Fəallar iddia edirlər ki, İran İslam Respublikası ölüm cəzasından həm də fərqli düşüncələri susdurmaq və siyasi müxalifəti boğmaq aləti kimi istifadə edir.

"Amnesty International" bildirir ki, İranda edamlar 2024-cü ildə son illərin ən yüksək səviyyəsinə çatıb, azı 972 nəfərin edamı qeydə alınıb. Bu artım dünyada ölüm cəzasının icrasındakı ümumi yüksəlişə də təsir edib. İran, İraq və Səudiyyə Ərəbistanındakı edamlar birlikdə ötən il qeydə alınan edamların 91 faizini təşkil edib.

"Amnesty International"ın baş katibi Anyes Kallamar bildirib ki, İran və Səudiyyə Ərəbistanı ölüm cəzasından hakimiyyətə etiraz etmək üçün "kifayət qədər cəsarəti olanları susdurmaq üçün" istifadə edir. O, edamların kəskin artmasına səbəb olan əsas amillərdən biri kimi narkotiklə bağlı cinayətləri də xüsusi vurğulayıb.

Hüquq-müdafiə təşkilatları bildirirlər ki, İranın ədliyyə sistemi şəffaflığın və hüquqi prosedurların ciddi çatışmazlığı ilə xarakterizə olunur.

Edam olunanların çoxu beynəlxalq hüquq normalarına uyğun gəlməyən məhkəmə proseslərində məhkum edilir. Bu proseslərdə məcburi etiraflar, vəkilə çıxış imkanının məhdudlaşdırılması və "Allaha düşmənçilik" kimi qeyri-müəyyən ittihamlardan geniş istifadə olunur.

"Amnesty International"ın sözçüsü və insan haqları üzrə hüquqşünas Raha Bahreyni bildirib ki, İranda gerçək edam sayı rəsmi rəqəmlərdən xeyli yüksək ola bilər. O, AzadlıqRadiosunun "Fərda" xidmətinə deyib ki, İran hökumətin şəffaf olmadığı üçün "Amnesty International"ın edamlarla bağlı məlumatları, əsasən, insan hüquqlarının pozulmasını izləyən monitorinq qruplarının sənədləşdirilmiş hesabatlarına əsaslanır.

"İran İslam Respublikasının hakimiyyət orqanları ölüm hökmündən terror və qorxu mühiti yaratmaq üçün bir vasitə kimi istifadə edirlər", - Bahreyni əlavə edib.