İran subsidiyalı çörək satışını 'səssizcə' azaldır
21 Noyabr 2026
İran hakimiyyəti azı üç əyalətdə ailələrin güzəştli qiymətə aldığı çörəyin sayını məhdudlaşdırmağa başlayıb. Aylıq limit bitdikdən sonra alıcılar məhsulu 5.5 dəfə baha qiymətə əldə etməli olurlar.
AzadlıqRadiosunun fars xidməti rəsmilərin bu haqda ziddiyyətli açıqlamalar verdiklərini yazır. İqtisadçılar, hətta hakimiyyətə yaxın mühafizəkar media qurumları da bu addımı tənqid ediblər.
Daxili İşlər Nazirliyi yeni sistemi "çörək alışının idarə edilməsi" adlandırır. Mexanizm Mərkəzi, Xuzistan və Zəncan əyalətlərindəki çörək sexlərinin kartoxuyan cihazları vasitəsilə işləyir. Media isə bununla bağlı ictimaiyyətə heç bir rəsmi məlumat verilmədiyini bildirir.
Plana əsasən, hər kəsə ayda təxminən 8 kiloqram subsidiyalı un ayrılır. Unun kiloqramı 23 min rialdır ki, bu da 1 ABŞ sentindən az məbləğdir. Limiti keçəndən sonra çörəyin qiyməti sərbəst bazar tarifi ilə hesablanır – kiloqramı 126 min 500 rial, yəni təxminən 5 sent.
Hazırda sərbəst bazarda 1 dollar təxminən 2.7 milyon rial dəyərindədir. Aylıq minimum əməkhaqqı isə təxminən 166 milyon riala, yəni 61 dollara bərabərdir.
Bəzi media qurumları yeni planı "ərzağın norma ilə bölüşdürülməsi" adlandırsa da, bu ifadə ilə razılaşmayanlar da var.
"Kasıblıq göstəricisi"
Mühafizəkar "Keyhan" qəzetinin baş redaktorunu İranın ali dini lideri təyin edir. Nəşr noyabrın 16-da prezident Məsud Pezeşkian hökumətini çörəyi "gizli və şübhəli şəkildə" norma ilə bölüşdürməkdə ittiham edib. Qəzet bu addımın insanların çörək sexlərinə axışmasına yol açdığını yazır.
İslahatçı "Şərq" qəzeti də hökumətin yeni sistemi "səssizcə" işə salmasını tənqid atəşinə tutub.
Mühafizəkar "Tabnak" saytı isə "daha çox çörək istehlak etmək sui-istifadənin deyil, yoxsulluğun göstəricisidir" fikrini irəli sürüb. Saytın yazdığına görə, aztəminatlı ailələr başqa ərzaq məhsullarını almağa imkanları çatmadıqda əsasən çörəklə qidalanırlar.
Pezeşkian noyabrın 18-də nəzarətin sərtləşdirilməsini müdafiə edib, ucuz enerji və əsas ərzaq məhsulları ilə bağlı genişmiqyaslı sui-istifadə hallarının olduğunu vurğulayıb.
Prezident bir gün ərzində yanacaqdoldurma məntəqələrindən dəfələrlə yanacaq vurulduğunu, güzəştli elektrik enerjisindən istifadə edən kriptovalyuta istehsalçılarının və "ayda 18 tona qədər subsidiyalı çörək alan" adamların olduğunu deyib.
Nəzarət üçün "ən asan nöqtə"
İsveçdə yaşayan iranlı iqtisadçı Əhməd Ələvi isə "Radio Fərda"ya müsahibəsində çörəyə məhdudiyyətlərin artıq tanış sxem üzrə qoyulduğunu deyib. Onun fikrincə, İranın dənizdən, qurudan və havadan blokadaya alınması neft və ixrac gəlirlərini azaldır, iqtisadi tənəzzül isə vergiləri artırmağı mümkünsüz edir: "Əvvəlcə məhsullar norma ilə bölüşdürülür, sonra bu hədd azaldılır və istehlakçı sərbəst bazara yönləndirilir".
Ələvinin fikrincə, adambaşına eyni miqdarda çörək ayrılması sovet tipli mərkəzləşdirilmiş planlaşdırmadır və "tərs bölgü" vəziyyəti yaradır. Yəni subsidiyaya ehtiyacı olmayanlar ondan bəhrələnir, gerçək ehtiyacı olanlar isə kənarda qalırlar.
İqtisadçı 2010-cu ildən tətbiq olunan nağd pul yardımlarının da oxşar nəticələrə gətirib çıxardığını xatırladır.
"Çörək ictimai nemətdir. Hər kəs onu tez və ucuz əldə edə bilməlidir. Bu məsələdə heç bir ayrıseçkilik olmamalıdır", – deyən Ələvi dövlətin təchizat zəncirinin son mərhələsini hədəfə aldığını bildirir. Onun sözlərinə görə, qeyri-rəsmi iqtisadiyyatın geniş yayıldığı ölkədə nəzarət üçün ən asan nöqtə məhz budur.
Ələvi xəbərdarlıq edib ki, bu siyasətin mənfi fəsadları sonradan özünü sosial kapitalın azalması, yoxsulluğun dərinləşməsi və qidalanma çatışmazlığı şəklində büruzə verəcək. Nəticədə dövlət səhiyyə xərcləri vasitəsilə bunun əvəzini ödəməli olacaq.