İran rialı dollar qarşısında yeni minimuma düşüb
10 Sentyabr 2026
İran rialı əsas xarici valyutalar qarşısında yeni minimuma düşüb. Bu, ABŞ-nin Tehrana hərbi və iqtisadi təzyiqi artırması fonunda baş verir.
Valyuta bazarını izləyən saytların məlumatına görə, günün ikinci yarısında 1 ABŞ dolları 2.4 milyon riala yüksəlib. Avronun məzənnəsi 2.7 milyon rialı keçib, Britaniya funt sterlinqi isə 3.1 milyon riala çatıb.
Bu ucuzlaşma ABŞ qüvvələrinin Fars və Oman körfəzində İranın beş neft tankerini məhv etdiyini açıqlamasından sonra baş verib. Vaşinqtonun bildirdiyinə görə, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ hərbi gəmisini iki dəfə ballistik raketlərlə hədəfə alıb.
Vaşinqton sentyabrın 8-də İranın aviasiya sektoruna yeni sanksiyalar da elan edib. "İqtisadi təcrid əməliyyatı" çərçivəsində 36 hədəf sanksiya siyahısına salınıb. İranın indiyədək sanksiyalardan kənarda qalan bütün aviaşirkətlərinə məhdudiyyətlər tətbiq olunub.
ABŞ maliyyə naziri Skot Bessent İran aviaşirkətləri ilə əlaqələri kəsməyən şirkətlərin qlobal maliyyə sistemindən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.
İranda inflyasiya yüksək həddə qalır. İran Statistika Mərkəzinin məlumatına görə, avqustda illik inflyasiya 89 faizə çatıb, ərzaq və içkilərin qiyməti isə ötən ilin eyni dövrü ilə müqayisədə 127.5 faiz artıb.
İranlı deputatlar avqustun 31-də valyuta, qızıl və sikkə bazarlarındakı dəyişkənliyin iqtisadi qeyri-müəyyənliyi artırdığını bildiriblər.