Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran müharibəsi Avropada müdafiə şirkətlərinə marağı azaldır, dronlar...

İnvestorların Avropa müdafiə şirkətlərinin səhmlərinə marağı azalıb. İran münaqişəsi ucuz dronların müasir müharibədəki effektivliyini önə çıxarıb.

Avropa Aerokosmik və Müdafiə İndeksi (.MIEUMAD00PUS) martda 9.2 faiz geriləyib. "Reuters" bunun son beş ildə ən böyük aylıq düşüş olduğunu yazır.

Agentlik qeyd edir ki, adətən müharibə başlayanda müdafiə sektorunun səhmləri kəskin yüksəlir. Həm 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu zamanı, həm də ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərini hərbi xərcləri artırmağa çağırdığı dövrdə bu tendensiya müşahidə olunmuşdu.

İtkinin miqyası

Di gəl, fevralın 28-də İran münaqişəsi başlayanda mənzərə tamamilə fərqli oldu.

"Maliyyə institutları və fərdi investorlar artan qeyri-müəyyənlik fonunda riskləri azaltmaq üçün mövqelərində xeyli dəyişiklik ediblər", – "Principal Asset Management" şirkətinin portfel meneceri Martin Frandsen deyib.

Çexiyanın silah istehsalçısı CSG-nin səhmləri münaqişə başlayandan bəri dəyərinin 1/3-ni itirib. Almaniyanın 'Rheinmetall' və 'Renk' şirkətlərinin səhmlərində 10 faiz, İsveçin 'Saab' şirkətində isə 12 faiz ucuzlaşma qeydə alınıb.

Müqayisə üçün, Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Avropanın müdafiə şirkətlərinin səhmlərində 450 faizdən çox artım müşahidə olunmuşdu. Həmin dövrdə müdafiə sektorunu izləyən MIEU00000PUS indeksi isə təxminən 40 faiz yüksəlmişdi.

Dronlara maraq

İndiki düşüşün səbəblərinə gəlincə, İran müharibəsindən sonra enerjinin kəskin bahalanması, təchizat zəncirindəki pozuntular göstərilir.

İran müharibəsi eyni zamanda müasir müharibənin yüksək xərclərini də üzə çıxarıb. Körfəz ölkələri yüzlərlə ABŞ istehsalı "Patriot" raketlərindən istifadə edib ki, hər birinin qiyməti təxminən 4 milyon dollardır. Bu isə diqqəti Ukrayna müharibəsində populyarlaşan daha ucuz hərbi həllərə — dronlara və antidron sistemlərinə yönəldib.

Artıq Avropa müdafiə şirkətləri bu sahəyə böyük investisiyalar qoyur. Məsələn, Rheinmetall ötən il ABŞ-nin "Anduril" şirkəti ilə "Barracuda" və "Fury" dronlarının Avropa versiyalarını birgə hazırlamaq barədə razılaşma əldə edib. "Rheinmetall" tanklar, sursat, havadan müdafiə sistemləri istehsal edir.