Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran İsfahandakı etirazlarla bağlı daha iki nəfəri edam edib

İsfahandakı "Əlixani meydanı işi" üzrə təqsirləndirilən daha iki şəxsin oktyabrın 5-də səhər tezdən şəhərin Dəstgerd həbsxanasında edam edildiyi bildirilir. Əlirza Sepahi və Əlirza Rəisi 2026-cı ilin yanvar etirazları zamanı saxlanılmışdılar.

Bundan əvvəl İranın insan haqları təşkilatları 25 yaşlı Sepahinin edam hökmünün icrasının yaxınlaşması ilə bağlı narahatlıq ifadə etmişdilər. "İran İnsan Haqları" təşkilatı və Vaşinqtonda yerləşən İnsan Haqları Fəallarının Xəbər Agentliyi (HRANA) Sepahinin təkadamlıq kameraya köçürüldüyünü, ailəsinin isə son görüş üçün həbsxanaya çağırıldığını xəbər vermişdi. Bu addımlar onun tezliklə edam ediləcəyi qorxusunu artırmışdı.

Oktyabrın 4-də axşam "İran İnsan Haqları" təşkilatı Sepahinin hər an edam edilə biləcəyini bildirmişdi. Oktyabrın 5-də isə artıq edam xəbəri yayılıb. Rəisinin yaxınları da onun edam edildiyini sosial şəbəkələrdə təsdiqləyiblər.

"Əlixani meydanı işi" yanvarın 8-də İsfahanda ölkəboyu kütləvi etirazlar fonunda İran təhlükəsizlik qüvvələrinin dörd əməkdaşının ölümü ilə bağlı açılıb. İranın dövlət mediası bəzi təqsirləndirilən şəxslərin etirafları kimi təqdim olunan videoları, dindirmələrin görüntülərini yayıb. İnsan haqları təşkilatları isə bu etirafların etibarlılığını şübhə altına alıblar. Təqsirləndirilən şəxslər buna məcbur edildiklərini, pis rəftara məruz qaldıqlarını bildiriblər.

Sepahi və Rəisidən əvvəl həmin iş üzrə beş nəfər edam olunub: İrfan İsfəndiyari, Gülməhəmməd Məhəmmədi, Əbülfəzl Sepahi Badcani, Əmirhüseyn Səfəri Hüseynabadi və Qaim Hüseyni.

İnsan haqları təşkilatları və xarici ölkələr İranı etirazçılara ölüm cəzası verdiyinə görə dəfələrlə kəskin tənqid ediblər. Onlar bu edamların cəmiyyətdə qorxu yaratmaq və yeni etiraz dalğalarının qarşısını almaq məqsədi daşıdığını vurğulayırlar.

"Amnesty International"in məlumatına görə, İran 2025-ci ildə azı 2 min 159 nəfəri edam edib. Bu, təşkilatın son 40 ildə İranda qeydə aldığı ən yüksək illik göstəricidir.