Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran hakimiyyəti ev heyvanlarına qarşı - Çünki onlar “Qərbin simvollarıdır”


“O, gözəl məsum gözləri ilə mənə baxır və onu gəzdirməyə çıxarmağımı istəyir. Amma mən ürək etmirəm, çünki həbs oluna bilərik", - balaca bir itin sahibi Məhsa deyir.





O, paytaxt Tehranda bu yaxınlarda həbslər dalğasının başladığını əlavə edir.




Yerli polis parklarda it gəzdirməyi cinayət əməli hesab edir, ona görə də onların sahibləri saxlanılır.





Hakimiyyət it gəzdirməyə qadağanı “ictimai təhlükəsizliyin qorunması” ilə izah edir.





Bu arada İran parlamenti ev heyvanlarına sahiblik haqqının yalnız xüsusi icazə əsasında verilməsini nəzərdə tutan qanun layihəsini hazırlayıb.




"Qərbləşmə" simvolları




Qanun layihəsində qeyd edildiyi kimi, iranlılar it və ya pişik almaq üçün xüsusi hökumət qurumuna müraciət etməlidirlər.





Eyni zamanda, dovşandan tutmuş tısbağaya qədər hər hansı ev heyvanının “idxalına, alqı-satqısına və saxlanmasına” görə 800 dollara yaxın cərimə nəzərdə tutulur.





İran Baytarlar Assosiasiyasının prezidenti və qanun layihəsinin əleyhdarı doktor Payam Mühəbinin sözlərinə əsasən, bu məsələ ilə bağlı müzakirələr on ildən çoxdur ki, aparılır.





Hətta bir qrup deputat itləri sahiblərindən müsadirə edərək zooparklara təhvil verməyi və ya səhrada buraxmağı təklif edib.










Baytarın qəbulunda





İran Baytarlar Assosiasiyasının prezidenti Dr. Payam Mühəbi yeni qanun layihəsinə qarşı çıxır




İranda bəzi kənd sakinləri həmişə it saxlayıblar, lakin 20-ci əsrdə ev heyvanları şəhərləşmə simvoluna çevrilib.





İran Yaxın Şərqdə heyvanların mühafizəsi qanunlarını qəbul edən ilk ölkələrdən biri olub.





1948-ci ildə bu qaydalara nəzarət edən ilk dövlət qurumu da yaranıb. İtlərə hətta şah ailəsinin üzvləri də sahib olub.





Lakin hər şeyi Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə başa çatan 1979-cu ildəki İslam İnqilabı dəyişdi. O, İranda həyatın bir çox sahəsinə təsir etdi.










İranın şah ailəsində it və başqa ev heyvanları saxlanılıb





İranın monarx ailəsində it və başqa ev heyvanları saxlanılıb




İslam ənənəsində itlər "natəmiz" heyvanlar hesab edilir. Onlar həmçinin yeni rejimin gözündə Qərbi və onun həyat tərzini də simvolizə edirlər.





“İt sahibliyini tənzimləyən dəqiq qaydalar yoxdur", tehranlı baytar Dr Aşqan Şemirani BBC-yə deyir.





"Polis insanları it gəzdirməyə və ya onları sadəcə maşında aparmağa görə saxlayır. Və bu, yalnız ona görə edilir ki, itləri qərbləşmə simvolu kimi görürlər", - Şemirani əlavə edir.





Onun sözlərinə görə, hakimiyyət müsadirə etdiyi ev heyvanları üçün “həbsxana” da yaradıb.





"Biz bu yer haqqında çoxlu dəhşətli hekayələr eşitmişik", - o, əlavə edir.





"Heyvanlar lazımi qida və su olmadan açıq havada saxlanılır və onların sahibləri xeyli hüquqi problemlərlə üzləşir."










Oğlan qadın və it





Bəzi iranlılar itləri "qərbləşmə" simvolu kimi görür




Ev heyvanlarının sahibliyi ilə bağlı yeni qanun layihəsi həm də Qərbin illərlə tətbiq etdiyi sanksiyalara görə İran iqtisadiyyatında yaşanan çətinliklərlə əlaqələndirilir.





Üç il əvvəl İran hakimiyyəti xaricdə istehsal olunan heyvan yeminin idxalına qadağa qoyub - bu, valyutaya qənaətlə izah olunur.





Xarici məhsulların piştaxtalarda üstünlük təşkil etdiyi bir şəraitdə hər şey çox bahalaşdı - xüsusən də qara bazar yaranandan sonra.





"Biz qaçaqmalçılıq yolu ilə yem gətirən insanlardan çox asılıyıq. Cəmi bir neçə ay ərzində qiymətlər 5 dəfə artıb", - Məşhəd şəhərindəki baytarlıq klinikasının sahibi gileylənir.





Onun sözlərinə görə yerli yemlərin keyfiyyəti çox aşağıdır və standartlara cavab vermir. Çünki tez-tez aşağı keyfiyyətli ət və ya balıqdan, bəzən istifadə müddəti keçmiş inqrediyentlərdən istifadə olunur.





Fars pişiklərinin problemləri




Yeni qanun layihəsi təkcə itlərə deyil, həm də pişiklərə və digər ev heyvanlarına (orada hətta timsahlar da qeyd olunur) aiddir.





Bunların hamısı dünyanın ən məşhur cinslərindən biri olan fars pişiyinin vətənində baş verir.










Pişik





İran dünyaca məşhur fars pişiyinin vətənidir




"Necə təsəvvür edə bilərsiniz ki, fars pişikləri indi öz vətənlərində təhlükəsiz olmayacaqlar?" - BBC müxbiri ilə danışan Tehrandakı klinikanın baytarı deyir.





“Bu qanunun heç bir məntiqi yoxdur”, – o əlavə edir.





“Onlar sadəcə olaraq insanlara dəmir yumruqlarını göstərmək istəyirlər”.





İran Baytarlıq Assosiasiyasının prezidenti dr. Mühəbi bu layihəni utancverici hesab edir.





"Parlament bu qanunu təsdiqləsə, gələcək nəsillər bizi itləri it, pişiklər isə pişik olduğu üçün qadağan edən insanlar kimi xatırlayacaq".





İranda ev heyvanlarının sahibləri onların gələcəyindən narahatdırlar.





"Oğlum" üçün icazə almağa cəhd etməyəcəyəm, - Məhsa deyir. - Onlar imtina etsələr necə? Mən onu küçəyə ata bilmərəm ki".