Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran hakimiyyəti daha bir yeniyetmə qızı öldürdü - "Eyvandan yıxılıb" dedilər

Tehranda keçirilən etirazlar zamanı hökumət qüvvələrinin başına vurduqları dəyənək zərbələri nəticəsində komaya düşən və xəstəxananın reanimasiya bölməsinə yerləşdirilən Arnika Qaim Məqami adlı gənc qız oktyabrın 22-də həyatını itirib.

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, başından ağır zədələr alan yeniyetmə qız repressiv qüvvələr tərəfindən aparılıb və sonradan onun orduya məxsus xəstəxanada reanimasiya şöbəsində huşsuz vəziyyətdə olduğu məlum olub.

Məsələnin ictimailəşməsindən sonra hökumət rəsmiləri gənc qızın yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılaraq öldüyünü iddia ediblər.

Xatırladaq ki, İranın məhkəmə hakimiyyəti və təhlükəsizlik orqanları son həftələrdə öldürülən onlarla insanın hündürlükdən yıxılma, zəhərlənmə və başqa bu kimi səbəblərdən öldükləri barədə cəfəng iddialar səsləndiriblər.