Logo
news content
User
Kateqoriyalar

Xəbər

İnsanlar yerdə ölür, morqlar meyitlə doludur, evlərdə də ölənlər çoxdur...

Dünya iki ildən artıqdır ki, koronavirus pandemiyasının dağıdıcı təsirlərindən əziyyət çəkir - milyonlarla adam bu virusdan həyatını itirib və ölümlər davam edir. Lakin Sakit Okeandakı Solomon adaları 2020 və 2021-ci il ərzində koronavirusa yoluxmanın qeydə alınmadığı nadir ölkələrdən biri idi. Bu cənnətməkan ada dövlətinə virus iki ilə yaxın ayaq aça bilməmişdi. İndi isə təxminən 700 minə yaxın əhalisi olan ölkə hazırda koronavirus pandemiyasının öhtəsindən gəlməyə çalışır.

Yanvarın ikinci yarısında ölkədə 6 min yoluxma qeydə alınıb, 70 nəfər ölüb. Bununla belə yoluxmaların daha da artacağı barədə narahatlıqlar var. Solomon adalarında hətta adi tibb işçiləri də virusla mübarizəyə qatıldığı üçün səhiyyə sisteminin çökmək üzrə olduğu ilə bağlı xəbərdarlıq edilib.



Solomon adalarının paytaxtı olan Honiarada yerləşən Milli Referans Xəstəxanası koronaviruslu xəstələrlə doludur. Xəstəxananın həkimi və iki tibb bacısı bildirib ki, koronaviruslu xəstələr üçün çarpayı çatışmır, xəstələr döşəmədə yatır və bu da onların yerdə ölməsinə səbəb olur. Tibb işçiləri çatışmadığından analizin nəticəsi pozitiv çıxan əməkdaşlar da işə geri çağırılıblar.

Xəstəxananın həkimlərindən biri  bildirib ki, insanlar yerdə ölürlər, xəstəxana həddindən artıq dolub.

“Hər yerdə xəstələr və cəsədlər var. Morq doludur. Çox kədərli mənzərədir, indiyədək belə hadisə ilə qarşılaşmamışam”, - həkim deyib. Adının açıqlanmasını istəməyən həkim əlavə edib ki, ölənlərin sayı təqdim edilən göstəricidən bir neçə dəfə çoxdur: “Evdə vəfat edənlər var. Xəstəxanaya gətirilən cəsədlərdən götürülən nümunələr pozitiv çıxır. Ölənlərin yaxınları küçəyə çıxa bilməyəcəklərindən qorxduqları üçün cəsədləri xəstəxanaya gətirmirlər. Yəni bəzən cəsədlər evlərdə saxlanılır, bu kədərli və qorxuludur”.



Həkim  56 çarpayılıq mərkəzi səhra xəstəxanasının xəstələrlə dolduğunu, gələnlərin qəbulu üçün yetərli tibb məntəqələrinin olmadığını da deyib. Bildirib ki, koronaviruslu xəstələrin müalicəsi üçün küçələrdə çadırlar hazırlanır, lakin çadırlarda tualetlər, duş kabinetləri və ya kondisionerlər quraşdırılmır. Hökümət belə bir sağlıq böhranına hazır deyil: “Hökumətin vətəndaşlarını köməksiz qoyduğunu söyləyə bilərəm”.

Xəstəxananın ortopediya şöbəsi oksigenə ehtiyacı olan ağır xəstələrin müalicə olunduğu, "qırmızı zona" adlandırılan kovid palatasına çevrilib. Həkim və tibb bacısı digər şöbələrdə də çoxlu sayda koronaviruslu xəstələrin yerləşdirildiyini təsdiqləyiblər. Tibb əməkdaşları xəstə sayının artmasından çıxılmaz duruma düşüblər. Həkim deyib ki, tibb bacıları çatışmır, buna görə də xəstələrin vəziyyətini izləyə bilmirlər.



Adını söyləmək istəməyən tibb bacısı da yerli mətbuata analizi pozitiv çıxan tibb işçilərinin işə çağrıldığını təsdiqləyib: “Bu həftələr ərzində testləri pozitiv çıxan, ancaq xəstəliyi yüngül keçirənlərin işə çağrılmasından başqa əlacımız qalmadı. Yoluxanların sayı hər gün artır, öhtəsindən gələ bilmirik”.

Xəstəxanada təcrübə keçən tələbələrdən biri isə qeyd edib ki, tibb bacısı çatmır, təcrübələri olmasa da, onlar da təkbaşına ağır xəstələrə baxırlar: “Yeni məzun olduq, təcrübəyə ehtiyacımız var. Çox riskli vəziyyətdir, ancaq ağır xəstələrə təkbaşına baxırıq”.



Həkim isə xərçəng, şəkərli-diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkən, eləcə də əməliyyata ehtiyacı olan və ya əməliyyat edilmiş xəstələrin müalicə, dərmanla təminatında problemlər yarandığını deyib. Nəticədə belə xəstələr arasında ölüm ehtimalı ilə bağlı xəbərdarlıq edib.

“Koronavirus qorxusu ilə nəzarətdə olmayan və bir çox xəstəlikdən əziyyət çəkənlər var. Onlar xəstəxanaya gəlməkdən qorxurlar. Bu bəzilərinin evdə ölməsinə səbəb olur, təcili yardımla ağır vəziyyətdə gələnlər isə xəstəxanada ölürlər”, - həkim bildirib.

Ölkədə həmçinin testlər də yetərli qədər yoxdur. Hökümət ötən həftə açıqlayıb ki, koronavirusun sürətlə yayılması nəticəsində səhiyyə qurumlarının analiz imkanları məhdudlaşıb,  bu da yoluxanların sayının az göstərilməsinə səbəb olub.

Səhiyyə naziri Culvick Togamana da ötən həftə səhiyyə sisteminin test nəticəsi pozitiv olan və ya koronavirus simptomları göstərən bütün vətəndaşlara xidmət göstərə bilməyəcəklərini bildirib.

“Yüngül simptomları olanlar evdə müalicə olunsunlar. Yalnız orta və ağır xəstələrin səhiyyə müəssisələrinə müraciət etmələrini tövsiyə edirik”, - nazir əlavə edib.

Solomon adalarında 2021-ci ilin sonunadək  vaksin edilənlərin sayı olduqca az olub, cəmi 20 faiz hər iki dozanı qəbul edib. Ötən il boş qalan vaksin mərkəzləri indi tələbata cavab verə bilmir. Səhiyyə naziri deyib ki, bəzi həkimlərin insanlara vaksin satdığına dair məlumatlar eşidirlər. (virtualaz)