Logo
news content
User
Kateqoriyalar

Xəbər

"İnsan həyatına vergi": Rusiyada biznes səfərbərliyi necə maliyyələşdirir?


Rusiyada səfərbərlik biznesə ciddi zərbə vurur. Şirkətlərdə işçilərin sayı azalır, istehsal axsayır və bəzən tamamilə dayanır. BBC Rusiya xidməti kiçik və orta biznes nümayəndələrindən qismən səfərbərliyin onların işinə necə təsir etdiyini soruşub.





"Kuryerlər orduda, müştərilər xaricdə! Etmək istədikləri şey bu idi? Dalandayıq!" - "Hot Fish" balıq şirkətinin təsisçisi Aleksey Qoryaçov oktyabrın əvvəlində "Facebook"-da belə yazıb.





İş adamı statuslarının birində özünün apolitik olduğunu qeyd edib: "Siyasətdən kənar adamam - o dərəcədə məşğulam ki, çatlara və kanallara sərf edəcək vaxtım yoxdur".





Amma bəzi şərhlərindən və statuslarından aydın görünür ki, o, siyasi mövqeyi olan adamdır. Məsələn, avqust ayında Qoryaçov həyatın davam etdiyini yazaraq üzərində "…… (Tüpürüm) sizin sanksiyalarınıza " yazısı olan köynək geydiyi şəklini paylaşıb.




Hər gün paylaşım edən Qoryaçovun yazıları son həftələrdə pessimist xarakter almağa başlayıb. "Gedirik - keçən illə müqayisədə -28%. Hər yerdə hər şeyi azaltmışıq!" - Qoryaçov statuslarından birində belə yazıb.





Bu yaxınlarda isə o qeyd edib ki, Saxalində kürü istehsalıyla məşğul olan iş ortağını səfərbərliyə cəlb ediblər: "Onsuz nə edəcəyimi bilmirəm. [...] Şirkətimizin gələcəyi sual altına düşdü, ticarətin indiki vəziyyətinə görə noyabrın əvvəllərində bağlanacaq. Hamı şokdadır".





BBC biznesdəki problemlərin fikirlərini dəyişib-dəyişmədiyini Qoryaçovdan soruşmaq istəyib, amma o, danışmaqdan imtina edib. Qoryaçovun vəziyyəti bütün Rusiya biznesi üçün xarakterikdir: şirkətlər satışların aşağı düşdüyünü bildirir və önəmli işçilərinin səfərbər ediləcəyindən qorxurlar.





Biznes depressiyadadır




"Hurma" şirkətlər qrupunun təsisçisi, restorançı Dmitri Levitski deyir ki, səfərbərlik kollektivlərdəki emosional vəziyyəti kəskin dəyişib.





"İşçilər arasında çaxnaşma var: çoxunun yaşı 35-dən azdır və təbii ki, kiməsə artıq çağırış vərəqəsi gəlib, kimsə qorxur ki, onu da çağıracaqlar, kimsə ölkədən gedib, kimsə işdən çıxıb və indi də xahiş edir ki, onu ştata götürmədən, müqaviləylə işə qaytaraq. Çaxnaşmaya görə kollektivlərdə işin keyfiyyəti də aşağı düşüb - insanların fikri bir az işdən uzaqlaşıb" - Levitski vəziyyəti belə təsvir edir.





Rusiya Zərgərlər Gildiyasının baş direktoru Eduard Utkinin sözlərinə görə, zərgərlik sənayesi dərin depressiyadadır. İşçi sayının azalmasıyla yanaşı, satışlarda da kəskin azalma müşahidə olunur.





Utkin deyir ki, səfərbərlik xüsusilə kiçik istehsal müəssisələrinə təsir edib. Adətən, bu müəssisələrdə hər sahədə (məsələn, tökmə, cilalama və vulkanizasiya) cəmi bir ixtisaslaşmış əməkdaş işləyir: "Təkcə birini də aparsalar, bütün istehsal dayanır. Bu, saatdan hansısa detalı çıxarmağa bənzəyir - elementlərin çoxu qalıb, amma mexanizm artıq işləmir. İxtisaslaşmış kadrları əvəz etmək çətindir, ona görə də istehsal tamamilə dayanır ".





"Mr.Doors" mebel şirkətinin həmtəsisçisi Maksim Valetski deyir ki, müəssisənin 1800-ə yaxın işçisindən 30-u cəbhəyə gedib. Bunlar əsasən əyalətlərdəki şöbələrin işçiləridir.





"Gedəcək yerləri yoxdur. Uzaqdan işləməyəcəklər, ölkədən getməyəcəklər - ailələri, valideynləri, alimentləri, istehlak kreditləri var. Bu gün səfərbərlik sinfi xarakter daşıyır: orduya əsasən aztəminatlılar gedir. Üstəlik, bu insanlar qanunların əksinə gedən deyillər; əmindirlər ki, çağırılıblarsa, getməlidirlər".





Biznesmen həmçinin qeyd edir ki, hələlik vəziyyət biznes üçün kritik deyil, amma işçilərin sayı azalmağa davam edərsə, istehsalın həcmi azalacaq. Xüsusi bacarıqlara malik işçilərin orduya getməsi isə daha ciddi nəticələr doğuracaq. Şirkət yerli administrasiyalar vasitəsilə belələrinə bron almağa çalışır, çünki onları əvəz etmək çox çətindir.










Rusiya-Ukrayna müharibəsi





Zərgərlik sektorunda çalışanlar qorxurlar ki, səfərbərliyə mütəxəssisləri də cəlb edəcəklər




"Infoline-Analitika" şirkətinin baş direktoru Mixail Burmistrov hesab edir ki, səfərbərlik əl əməyilə əlaqəli sahələrdə - məsələn, logistika və ya fəhlə ixtisaslaşmasında vəziyyəti daha da pisləşdirəcək.





Ekspert əlavə edir ki, hazırkı səfərbərliyin əsas xüsusiyyəti açıq şəkildə sinfi xarakter daşımasıdır. Nisbətən imkanlı şəxslər Rusiyanı tərk ediblər, bunu dolayısıyla yüksək qiymət seqmentindəki mallara - daşınmaz əmlaka, avtomobillərə və avadanlıqlara tələbin aşağı düşməsi də sübut edir.





"Yüksək maaşlı insanlar gedirlər, hansılar ki, vergi ödəməkdən başqa, həm də çox sayda adamı işə götürürdülər. Söhbət təkcə biznesmenlərdən getmir. Dayə, landşaft dizaynı və digər xidmətlərə məhz belələri pul xərcləyirlər" - "IE Business School"-un maliyyə professoru Maksim Mironov belə deyir.





İnsan itkisi üstəgəl gəlir itkisi




Kişilərin cəbhəyə yollanması və ya başqa ölkələrə getməsi mal və xidmətlərə olan tələbata da təsir edib. Restorançı Dmitri Levitski banket sifarişlərində gəlirin 20% azaldığını bildirir. İnsanlar səfərbərlik başlamazdan çox-çox əvvəl planlaşdırdıqları məclislər üçün rezervasiyaları ləğv etdirirlər.





"TopGun" bərbərxanalar şəbəkəsi işçilərinin 10%-ini, müştərilərininsə, demək olar ki, yarısını itirib - şirkətin qurucusu Aleksey Lokontsev belə deyir. Yalnız kişilərə xidmətə yönəlmiş bizneslər hazırda xüsusilə çətinlik çəkirlər. Lokontsev aylıq gəlirin təxminən 20% azaldığını qeyd edir:





"Biz naməlum gələcəyi gözləmə effektinin yaratdığı vəziyyətdəyik".





Milli Fitness Cəmiyyətinin prezidenti Yelena Silinanın sözlərinə görə, fitnes sənayesi xəbər partlayışlarına çox həssasdır və dərhal vəziyyətdən təsirlənir. Səfərbərlik elan edildikdən bir həftə sonra bu sahədə satışlar orta hesabla 25% azalıb və oktyabrın birinci ongünlüyündə ötən ilin eyni dövrüylə müqayisədə 35% geriləmə müşahidə olunub. Ukraynayla həmsərhəd rayonlardasa azalma 70%-ə çatıb.










Müharibə





Fitnes klubları səfərbərliyə görə təkcə məşqçilərini yox, müştərilərini də itirir




"Pandemiya dövründəki iki illik böhrandan sonra bu sahə təzəcə dirçəlməyə başlamışdı", - Yelena Silina deyir.





Həmin böhrana görə Rusiyanın fitnes sektoru obyektlərin təxminən 40 faizini itirib: 13 min müəssisədən 7800-ü qalıb (2022-ci ilin əvvəlinə olan məlumat). Sektorda yeni mövsüm, adətən, sentyabr ayında başlayır - yay durğunluğu bitəndən sonra. Bu il bu, baş verməyib.





Milli Fitnes Cəmiyyətinin məlumatına görə, səfərbərlik sektorda çalışanların 5-10%-ni əhatə edib. Yelena Silina deyir ki, bu, çox ciddi rəqəmdir: hər bir mütəxəssisin illər ərzində topladığı müştəri bazası var, dar profilli işçiləri əvəz etmək çox çətindir, ixtisasartırma kurslarında təhsili də nəzərə almaqla, peşəkar hazırlıq bir ildən çox vaxt aparır.





"Bu insanların kollektivdən ayrılması fitnes sektorunda keyfiyyətin azalmasına gətirib çıxarır. Biz çox yaxşı başa düşürük ki, bunun, çox güman, davamı da olacaq. Çağırış vərəqələrini göndərməkdə davam edirlər, bizim sektorda isə əsasən, 20-22 yaşdan 40-42 yaşa qədər olan kişilər işləyir - məhz o yaş qrupları ki, səfərbərliyə cəlb edilir" - fitnes sektorunda çalışan, adının açıqlanmasını istəməyən mənbə BBC-yə belə deyib.





Bron istəyənlər




"Biznesdə yüksək dərəcədə qeyri-müəyyənlik olanda, strategiya haqqında düşünmək çox çətindir. Ciddi səviyyədə tükənmişlik və narahatlıq başlayır, bu isə komandadakı atmosferə çox da pozitiv təsir etməyə bilər", - "Ekvium" biznes cəmiyyətinin prezidenti Yeqor Yevlannikov belə deyir.





Biznesmen İqor Rıbakovun təsis etdiyi bu cəmiyyətdə hüquq məsləhətxanalarının, memarlıq bürolarının, texnologiya startaplarının, istehsalat şirkətlərinin və digər müəssisələrin təsisçiləri təmsil olunurlar.





Səfərbərlikdən əvvəl Rusiya qanunvericiliyi hərbçilərə sahibkarlıqla məşğul olmağı qadağan edirdi.





Amma oktyabrın 18-də Dövlət Duması orduya çağırılmış iş adamlarına şirkətlərini öz müvəkkilləri vasitəsilə idarə etməyə imkan verən qanun layihəsini birinci oxunuşda təsdiqlədi.





Hökumət iş adamlarına vəd etdi ki, cəbhəyə göndərilməzdən əvvəl onlara işlərini yoluna qoymaq üçün vaxt verəcək. Əvvəlcə baş nazir Mixail Mişustin bu müddətin beş gün olacağını dedi, Dövlət Dumasına təqdim edilən qanun layihəsindəsə yeddi günlük icazə nəzərdə tutulur.





Amma biznesmenlər narahatdırlar, çünki yeddi gün də çox azdır. Hakimiyyətin təklif etdiyi tədbirləri sahibkarlar qeyri-kafi hesab edirlər.





Dörd biznes birliyi - Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı, "İşgüzar Rusiya", "Rusiyanın dayağı", Ticarət və Sənaye Palatası və KOS dövlət korporasiyası bütün şirkətlərə möhlət verilməsiylə bağlı Mişustinə müraciət edib. Bu birliklərin rəhbərləri xahiş ediblər ki, şirkətin hər hansı sahəyə aidiyyatından asılı olmayaraq ehtiyatda olan işçilərin 30-50%-inə, o cümlədən, təsisçilərə və baş direktorlara bron verilsin.





"Məncə, cəbhədə bir sahibkar ölkəyə daha az fayda verər, nəinki baş direktor kimi işini davam etdirsə. O, hətta cəmi on nəfəri də işlə təmin edəndə o ailələr özlərini dolandıra bilirlər, dövlətin öhdəsində olmurlar" - Yeqor Yevlannikov belə deyir.





Maksim Mironov qeyd edir ki, şirkətlər öz menecerləri və işçiləri üçün bron almaqla məşğul olduqları üçün indi səfərbərliyin iqtisadiyyata təsirini qiymətləndirmək çətindir: "Amma artıq gələn ildən büdcə üçün itkilər başlayacaq".





Los-Ancelesdəki Kaliforniya Universitetinin iqtisadiyyat professoru Oleq İtshoki isə səfərbərliyin iqtisadi nəticələrini cəbhədə baş verənlərlə müqayisədə ikinci dərəcəli məsələ hesab edir:





"Hazırda bu müharibənin gedişatını dəyişdirən xəbərlərin mənbəyi iqtisadiyyat deyil, amma vəziyyət zamanla dəyişəcək. Qıtlıq, enerji daşıyıcılarının ixracından gələn gəlirlərin azalması, iqtisadiyyatın yavaşlaması - bütün bunlar işsizliyə gətirib çıxaracaq, səfərbərliksə böyük demoqrafik zərbə olacaq. Amma bunlar 2023-cü ildə baş verəcək, ondan əvvəl situasiyaya təsir edəcək çox xəbərlər olacaq. Kəskin böhran bir anda baş verməyəcək, qarşıdakı illər üçün fəsadlar törədəcək".





Keçən həftə Vladimir Putin 222 min nəfərin səfərbərliyə cəlb olunacağını deyərək prosesin iki həftə ərzində - yəni oktyabrın sonuna qədər başa çatacağını vəd etdi. "Əlavə heç nə nəzərdə tutulmayıb. Bununla bağlı Müdafiə Nazirliyindən heç bir təklif daxil olmayıb və mən yaxın gələcəkdə ehtiyac görmürəm", - Putin belə demişdi.









Rusiya Ukrayna

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES








İtshoki və onun həmkarı Maksim Mironov hesablayıblar ki, hədəf qrupu üçün (möhlət istəməyə heç bir əsası olmayan 20-35 yaşlı kişilər) hərbi xidmətə çağırılma ehtimalı 25%-dən çoxdur. Amma onlar başqa arqumentə əsasən belə nəticə əldə ediblər: növbəti altı ay ərzində hakimiyyət 700 mindən bir milyona qədər insanı səfərbərliyə cəlb etməyə çalışacaq.





İtshoki deyir ki, indi Rusiyada "insan həyatına vergi" tətbiq olunub:





"Dövlətlə cəmiyyət arasındakı müqavilə dəyişdi - əvvəl insanları iqtisadi rifahdan məhrum edirdi, indi həyatlarını əllərindən alır".