İnsan haqları qrupları: İran narazılığın qarşısını almaq üçün edamları artırır
11 Sentyabr 2026
İran hakimiyyəti etirazçılara və siyasi müxaliflərə qarşı edam cəzasının tətbiqini kəskin artırıb. Bunu sentyabrın 10-da iki insan haqları qrupu bildirib. Edam hökmlərinin çox vaxt işgəncə iddiaları və digər ciddi prosessual pozuntularla keçən, tələsik məhkəmə proseslərində çıxarıldığı vurğulanır.
"Human Rights Watch" və Əbdürrəhman Borumand İran İnsan Hüquqları Mərkəzi bildiriblər ki, hakimiyyət bu ilin əvvəlindəki kütləvi etirazlardan sonra ölüm hökmündən "qorxu aşılamaq və yeni ictimai etirazların qarşısını almaq" üçün istifadə edir.
Məlumata görə, martın 18-dən avqustun sonunadək hakimiyyət siyasi motivli və qarışıq yazılmış milli təhlükəsizlik ittihamları əsasında azı 59 kişini edam edib. Onlardan 29-u ötən ilin sonu - bu ilin yanvar etirazları ilə bağlı həbs olunmuşdu. Edam olunanlardan bir neçəsinin 18 və ya 19 yaşı olub, beş nəfər ictimaiyyət qarşısında edam edilib.
İttihamlar
Etirazlarla bağlı araşdırılan 29 cinayət işindən 16-da hakimiyyət orqanları təqsirləndirilən şəxslərin kimisə öldürdüyünə dair heç bir iddia irəli sürməyib. Onlardan bəziləri sadəcə ictimai əmlaka ziyan vurmaqda, daş atmaqda və ya hökumət binalarına basqın etməkdə ittiham olunublar.
"İran hakimiyyəti hər gün etirazçıları, o cümlədən yeniyetmələri işgəncə ilə alınmış "etiraflar" əsasında dar ağacına göndərir", – "Human Rights Watch"un İran üzrə baş tədqiqatçısı Bahar Səba bildirib.
Təşkilatların məlumatına görə, təqsirləndirilən şəxslərin müstəqil vəkillərlə əlaqə saxlamasına icazə verilməyib. Onlar "Allaha qarşı müharibə aparmaq", "Yer üzündə fəsad törətmək" kimi ölüm cəzası nəzərdə tutan qeyri-müəyyən ittihamlarla məhkum ediliblər. Bəzi hallarda isə saxlanılma anından edamın icrasına qədər cəmi beş həftədən bir qədər çox vaxt keçib.
Qadınlar və uşaqlar daxil, onlarla etirazçı və müxalif şəxsin yaxın zamanda edam olunmaq təhlükəsi ilə üz-üzə qaldığı vurğulanır.
"Hakimiyyətin mesajı aydındır: etirazlara qəddarlıqla cavab veriləcək", – Səba deyib.
Təşkilatlar BMT-yə üzv dövlətləri edamların dayandırılması və ölüm cəzasının tətbiqinə moratorium qoyulması üçün Tehrana təzyiq göstərməyə çağırıblar.
randa ölüm cəzasının tətbiqi ümumilikdə kəskin artıb: Borumand Mərkəzi 2025-ci ildə azı 2 min 113 edam faktı qeydə alıb. Bu, 1980-ci illərin sonlarından bəri məlum olan ən yüksək illik göstəricidir.
"İran İnsan Hüquqları" təşkilatı isə bu ilin ötən dövrü ərzində İranda 549 edam faktını sənədləşdirib.