İlham Əliyev və birinci xanım Bakı Olimpiya Stadionunun infrastrukturu ilə tanış olublar
04 Noyabr 2024
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT-nin qarşıda duran İqlim Dəyişiklikləri Konfransına hazırlıq işləri ilə tanış olmaq üçün noyabrın 4-də Bakı Olimpiya Stadionuna baş çəkiblər. Dövlət başçısının saytında yer alan məlumata görə, prezidentin köməkçisi dövlət başçısına və birinci xanıma burada yaradılan şərait barədə ətraflı məruzə edib.
Onlar COP29-un keçiriləcəyi tarixlərdə tədbir məkanı ərazisində istifadə ediləcək yük və sərnişindaşıma, eləcə də tibbi və yanğınsöndürmə üçün nəzərdə tutulan elektrikli minimobillər, Sammit zamanı yüksək səviyyəli qonaqların ərazidə hərəkətini təmin etmək üçün istifadə olunacaq qolf-mobillər və elektrikli avtobuslar, həmçinin tədbir günlərində şəhər ərazisində hərəkət edəcək digər elektrikli nəqliyyat vasitələrinə baxıblar.
Dövlətimizin başçısı və birinci xanım COP29-un rəsmi Mavi Zonasında açılış mərasimində Milli bəyanatların səsləndiriləcəyi “Nizami” Plenar İclas zalı, İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti üçün hazırlanan məkanlar, eləcə də rəsmi danışıqların aparılacağı sahələrdə təşkil edilən çoxfunksiyalı müxtəlif görüş otaqları ilə tanış olublar. Qeyd edilib ki, burada Azərbaycanın mədəniyyəti və təbiətini təbliğ edən müxtəlif ekspozisiya və sərgilər var. Bildirilib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına yaxın günlərdə təhvil veriləcək Mavi Zonada hazırda COP29 çərçivəsində pre-sessiya görüşləri keçirilir.
Prezident və birinci xanım akkreditasiya və qeydiyyat prosesləri ilə tanış olublar. Bu günədək konfransda qeydiyyatdan keçmiş nümayəndə heyətləri ilə bağlı ətraflı məlumat verilib, tədbirə böyük marağın olduğu bildirilib.
Digər ölkələrin və tərəflərin pavilyonlarının yerləşdiyi zonaya baxan prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada Azərbaycan və digər ölkə pavilyonlarının tikinti prosesləri ilə tanış olub, müxtəlif maraqlı tərəflərin iştirakı ilə geniş iştirakçı auditoriyası, eləcə də ictimaiyyət üçün açıq platforma rolunu oynayacaq Yaşıl Zonada olublar, Heydər Əliyev Fondu və Sıfır Atık Fondunun birgə pavilyonu olan Həmrəylik Mərkəzi, həmçinin digər tərəfdaşların və ölkələrin sərgi stendlərinə baxıblar. Yaşıl Zonanın ümumi konsepti, bu zonada keçiriləcək yüksək səviyyəli konfrans və tədbirlər barədə ətraflı məlumat verilib.