Logo
news content
User
Kateqoriyalar

Xəbər

Hakimiyyət dəyişdi: Liz getdi, Rişi gəldi

Böyük Britaniyanın Baş naziri dəyişib.

BBC-nin məlumatına görə, postundan istefa vermiş Liz Trass ərizəsini kral Çarlza təqdim edib.

Bundan əvvəl o, Baş nazir kimi sonuncu çıxışını edib. L.Trass qısa çıxışında vergilərin azaldılmasına təkan vermək məqsədi ilə atdığı addımları müdafiə edərək deyib: “Bizə indi əvvəlkindən daha çox cəsarətli olmaq lazımdır”.

Böyük Britaniya kralı III Çarlz ölkənin Baş naziri Liz Trassın istefasını qəbul edib.

Artıq ölkənin yeni Baş naziri Rişi Sunak vəzifəsinin icrasına başlayıb.

O, oktyabrın 25-də Londonda Bukinqem sarayında Kral III Çarlzla görüşüb. Ənənəyə əsasən, monarx görüşdə Baş nazirə hökuməti qurmağı tapşırıb.

42 yaşlı Rişi Sunak son 7 həftədə Böyük Britaniyanın 3-cü Baş naziridir. O, krallıqda hökumətə başçılıq edən ilk asiyalıdır.

R.Sunak oktyabrın 24-də Mühafizəkarlar Partiyasının sədri, eyni zamanda, hökumətin başçısı seçilib. O, ölkənin ciddi iqtisadi problemlərlə qarşılaşdığına dair xəbərdarlıq edib və vicdanla çalışacağına da boyun olub. Leyboristlər, Şotlandiya Milli, Liberal Demokrat və Yaşıllar partiyalarının çağırışlarına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edib.

Xatırladaq ki, növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.

Mütəxəssislərin fikrincə, yeni Baş nazirin qarşısında Britaniyanın son 40 ildə üzləşdiyi ən yüksək inflyasiyaya qarşı mübarizə aparmaq və Mühafizəkarlar Partiyası daxilində birliyə nail olmaq kimi mühüm vəzifələr durur.