Gürcüstanda seçkilər: Aİ üzvü olmaq istəyən ölkə niyə “Gürcü arzusu”na səs verdi?
30 Oktyabr 2024
Parlament seçkilərinin yekunlarına görə, Gürcüstan parçalanıb.
Ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) ilk nəticələrə görə, hakim “Gürcü arzusu” partiyasının qələbə qazandığını deyib, lakin müxalifət bu nəticələri tanımaqdan imtina edir və etiraz aksiyaları elan edir.
Bununla belə, hətta müxalif telekanallarının sorğuları seçicilərin azı 40 faizinin səslərini “Gürcü arzusu”na verdiyini göstərir.
BBC 20 ilə yaxın Avropaya və Qərbə doğru irəliləyən Gürcüstanın niyə yenidən siyasi yol ayrıcında dayandığını izah edir.
Ziddiyyətlər üzərində oynamaq
Bu il ilk dəfə Gürcüstan parlamentinin 150 deputatı əvvəlki kimi qarışıq sistemlə deyil, tam proporsional sistem üzrə seçilib.
Bu seçkilərdə seçki bloklarının yaradılması qadağandır – bu, 12 ildir hakimiyyətdə olan “Gürcü arzusu”nun xeyrinədir. Müxalifət partiyalarının razılığa gəlmək və vahid siyahı ilə çıxış etmək imkanı var idi, lakin daxili siyasət məsələlərində bir sıra fikir ayrılıqları olduğundan onlar bunu edə bilmədilər.
Nəticədə tez bir vaxtda Avropa və Qərblə inteqrasiyanın tərəfdarı olan üç fərqli müxalifət ittifaqı və daha bir partiya seçkiyə qatıldı. Onlar ümid edirdilər ki, ümumilikdə, hakim partiyadan daha çox yer qazanarlar. Sonra isə parlamentdə koalisiya çoxluğu yaratmaq olar.
Ancaq “Gürcü arzusu” müxalifətin birlik olmamasından məharətlə istifadə edərək, çıxışlarında bir-birinin ardınca rəqiblərini gözdən salmağa çalışırdı.
“Bu seçkilərdə müxalifətin əsas ümidi və xilası Gürcüstan gəncləri ola bilərdi. Gənclərin mütləq əksəriyyəti Gürcüstanın Avropa kursunu dəstəkləyir, lakin onlar özlərini hər hansı konkret partiya ilə əlaqələndirmirlər. Problem də elə bunda idi”, – Georgiy Badridze izah edir.
O, 20 ildən artıq diplomat işləyib, səfir rütbəsinə qədər yüksəlib. İndi də Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunda analitik işləyir.
“Müxalifət vahid nömrə altında birləşməkdən imtina etdikdə, əslində bu seçkiləri ölkənin Avropa gələcəyinin lehinə və ya əleyhinə referenduma çevirməkdən imtina etmiş oldu. Beləliklə, onlar səslərin bir hissəsini itirdilər, xüsusən də gürcü cəmiyyətinin hansısa konkret partiyaya aidiyyəti olmasını istəməyən təbəqəsi”, – Badridze əlavə edir.
Müxalifət partiyaları da Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı olmayan məsələlərdə siyasətinin təsvirini aydın şəkildə formalaşdıra bilmədilər, Beynəlxalq və strateji məsələlər üzrə ekspert Vano Maçavariani qeyd edir.
Onun sözlərinə görə, hakim partiya Gürcüstanda sülh və Ukraynada müharibə mövzularında spekulyasiyalar apardığı bir vaxtda, müxalifət özünün “sülh formulu”nu və Rusiya və Qərblə münasibətlərə baxışını təqdim etməyib.
“Sülh və müharibə söhbətləri çox yaxşı işlədi. Bu, “Gürcü arzusu”nun əsas mesajı və kozırı idi”, – politoloq Gia Nodia deyir. - "Biz olmasaq, o zaman müharibə olacaq" - bu çox insana təsir etdi. Bu rasional baxımdan inandırıcı olmasa da, instinktiv səviyyədə təsir edirdi - hamı müharibədən qorxur”.
İnandırıcı qələbə, yoxsa məharətli saxtakarlıq?
MSK-nın ilkin məlumatlarına görə, “Gürcü arzusu” təxminən 54% səs toplayır (çap olunan vaxt bülletenlərin 99,9%-i hesablanıb).
Müxalifət hesab edir ki, bu rəqəmlər saxtakarlığın nəticəsidir. “Gürcüstan naminə” partiyası seçkinin nəticələrinə birbaşa təsir edən sistem pozuntularını açıqlayıb.
30 qeyri-hökumət təşkilatını birləşdirən “Mənim səsim” müşahidə missiyası topa bülleten atılması, müşahidəçilərin döyülməsi və hücuma məruz qalması, seçkilərdə qeydiyyatdan keçmiş jurnalistlərin səsvermə yerlərindən qovulması da daxil, 200-dən çox qanun pozuntusunu qeydə alıb.
Gürcüstanda seçki məntəqələrinin böyük əksəriyyəti səslərin elektron hesablama sistemi ilə təchiz olunub.
Transparency International Georgia təşkilatından olan müşahidəçilər qeyd edirlər ki, bir tərəfdən bülletenlərin emalının avtomatlaşdırılması seçki məntəqələrində saxtakarlığı çətinləşdirir, digər tərəfdən isə seçkilərin yekunlarına təsir etmək üçün tez-tez daha qeyri-aşkar üsullardan istifadə olunmasına imkan verir.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Bidzina İvanişvili hətta seçki günü seçiciləri xarici qüvvələrin “Gürcüstanı hərbi əməliyyatlara cəlb etmək” istədiyinə inandırdı.
“Biz hələ də çox kasıb ölkəyik, buna görə də bir çox insan maddi cəhətdən zəifdir. Məsələn, sosial təminat sisteminə daxil olmaq insan üçün çox vacib bir şey ola bilər. Yaxud, əgər insanın kiçik biznesi varsa, ona dövlət tərəfindən konkret yardım lazım ola bilər. Və birdən ona cavab verirlər: "Bəli, biz buradayıq, bunu sizin üçün edə bilərik". Ya da, məsələn, sərxoş halda avtomobil idarə etdiyinə görə bir şəxsin sürücülük vəsiqəsi ləğv edilib. Və bülletendə bir işarə qoyması müqabilində sürücülük vəsiqəsi ona qaytarılır”, - Transparency International Georgia təşkilatının direktor müavini Georgiy Oniani BBC-yə izah edib.
“Gürcüstan naminə” partiyasının nümayəndəsi Natia Mezvrişvili pozuntular arasında müxalif mövqeli vətəndaşların sənədləri ilə başqalarının səs verə bilməsi üçün müxalif mövqeli vətəndaşların şəxsiyyət vəsiqələrinin müsadirə edilməsini qeyd edir. Onun sözlərinə görə, partiyada bu cür pozuntulara dair sübutlar var.
Transparency International Georgia oxşar “sənəd kirayəsi” sxeminin mahiyyətini belə izah edir: “Seçkilər ərəfəsində insanlardan pul mükafatı müqabilində bir günlük şəxsiyyət vəsiqələrini verməyi xahiş edirlər. Bəzi hallarda daha sonra bu vəsiqələrlə başqa insanlar səs verir, digər hallarda bu insanların səsverməyə gəlməməsi qeyd olunur”.
“Gürcü arzusu”nun populyarlığının səbəbi nədir?
Şənbə günü səsvermə başa çatdıqdan dərhal sonra bir neçə gürcü KİV-i onların sifarişi ilə keçirilən exit-poll nəticələrini dərc edib.
Gürcüstan hakimiyyəti ilə əlaqəsi olan “İmedi” telekanalı hakim partiyaya 56,1% səs verib – bu, Mərkəzi Seçki Komissiyasının sonda elan etdiyi məlumatlara yaxındır.
Lakin iki müxalif televiziya kanalı - Mtavari və Formula - fərqli nəticələrə gəliblər: onların sorğuları "Gürcü arzusu"na 40-42% səs vermişdi. Bu iki exit-poll-a əsasən, müxalifət əmin idi ki, birlikdə seçkidə qalib gəliblər.
Amma hətta 40% səs də az deyil. Əhalinin az qala 80%-nin Avropa İttifaqına üzvlüyün tərəfdarı olduğu bir ölkədə tez-tez Rusiyanın maraqlarına xidmət etməkdə ittiham olunan “Gürcü arzusu” niyə belə dəstəyə malikdir?
Bir tərəfdən, hakim partiya cəmiyyətin bir hissəsinin mühafizəkar hislərindən məharətlə istifadə edir.
Məsələn, o, əhalini “LGBT təbliği və populyarlaşdırılmasından” qorumaqdan danışır - bu mesaj bir çox seçiciyə xoş təsir bağışlayır. “Dünya dəyərlər xülasəsi” (World Values Survey) layihəsinə görə, Gürcüstan 2017-2022-ci illərdə sorğuda iştirak edən 88 ölkə arasında tolerantlıq baxımından 82-ci yerdədir: respondentlərin 90%-dən çoxu homoseksuallığı qəbul etmədiklərini bildirib.
“Gürcü arzusu” öz çıxışlarında həmçinin müharibə mövzusundan məharətlə istifadə edir.
“Ölkəni müharibəyə sürükləmək istəyən daxili və xarici düşmənlər azacıq şans gözləyirlər ki, milli hökumət hansısa yolla agentlərlə əvəz edilsin - bu da birbaşa Gürcüstanda bombalar və ölkənin məhvi deməkdir”, - partiyanın sədri Bidzina İvanişvili seçiciləri inandırdı.
Qərblə münasibətlərdəki böhran fonunda əhalinin bir hissəsinin Gürcüstanla birbaşa həmsərhəd olan Rusiya ilə sülhün qorunması vacib görünür.
“Əlbəttə, hamı geosiyasət üzrə mütəxəssis olmaq məcburiyyətində deyil. Və sizə həmişə deyəndə ki, qonşu ilə böyük müharibə riski var, çoxları buna inanır və qorxur, bu başa düşüləndir”, - analitik Badridze qeyd edir. O əlavə edir ki, “Gürcü arzusu”nun siyasətçiləri ölkəni gözlədiyi iddia edilən təhlükələrin təfərrüatlarını açıqlamamaqdan ehtiyat ediblər.
Onlar təhdidləri son dərəcə ümumi şəkildə təsvir edirlər ki, bu da bir tərəfdən dərin qorxular üzərində oynayır, digər tərəfdən isə səsləndirilən versiyaları təkzib etmək işini çətinləşdirir.
Digər mühüm cəhət ondan ibarətdir ki, “Gürcü arzusu” özünü Moskva ilə münasibətlərdə balansı qoruyub saxlamaqla yanaşı, Gürcüstanı Avropa İttifaqına gətirəcək qüvvə kimi göstərməkdə davam edir.
ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,“Birlik - Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Mərkəzi Seçki Komissiyasının nəticələrini elan etdikdən sonra partiyanın seçkinin nəticələrini tanımadığını bildirib.
“Məhz bu hökumət Gürcüstanı Avropaya inteqrasiya yolu ilə aparacaq. 2030-cu ildə Gürcüstan Avropa İttifaqına daxil olmağa yaxşı hazırlanmış ölkə olacaq. Bu ölkəni daha da yaxşılaşdırmaq, iqtisadiyyatı yaxşılaşdırmaq, vətəndaşlarımızın sosial səviyyəsini Avropa standartlarına çatdırmaq imkanı məhz bizim əlimizdədir. Və biz artıq uzun illər bunu etmişik”, - “Gürcü arzusu”nun sözçüsü Maka Boçorişvili BBC-yə bildirib.
Müxalifət nümayəndələri və bəzi analitiklər bu sözlərə şübhə ilə yanaşırlar və qeyd edirlər ki, bu il Gürcüstanla Qərb arasında son 20 ildə ən dərin böhrana səbəb olan, genişmiqyaslı etirazlara baxmayaraq, “Xarici təsirin şəffaflığı haqqında” qanunu (Xarici agentlər haqqında qanun) qəbul edən məhz hakim partiyadır. Bundan sonra ölkənin Aİ-yə daxil olması prosesi dayandırıldı və Tbilisinin strateji tərəfdaşı olan ABŞ ikitərəfli münasibətlərə yenidən baxmağa başladı.
Hakim partiyanın onlarla nümayəndəsi və rəsmiləri “Gürcüstanda demokratiyanın sarsıdılmasına görə” ABŞ-ın viza məhdudiyyətinə məruz qaldılar, bir neçə Gürcüstan vətəndaşı, o cümlədən Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli məmuru sanksiyalara məruz qaldı.
Müxalifət vəziyyəti öz xeyrinə döndərə biləcəkmi?
“Fikrimcə, müxalifət exit-polların elanından sonra eyforiyaya qapılmışdı, sonradan rəsmi nəticələrin elanından sonra depressiyaya düşdü və hələ də çaşqınlıq içindədir”, - politoloq Gia Nodia deyir.
İlk rəsmi məlumatların açıqlanmasından dərhal sonra onlar aksiyaların vaxtı və strategiyasını müzakirə etmək üçün fasilə verdilər. Bu gecikmə “Gürcü arsusu”nun xeyrinə ola bilər.
Keçmiş diplomat Badridze də eyni fikirdədir: “2003-cü ildə o vaxtkı hökumət seçkiləri oğurlamağa cəhd edəndə etirazlarda çox nüfuzlu və enerjili liderlər var idi. Bu dəfə müxalifətin hansısa bir konkret və görkəmli lideri yoxdur. Bilmirəm, cəmiyyətimiz nə qədər təşkilatlana biləcək, nə dərəcədə indiki müxalifət bu etirazların hərəkətverici qüvvəsinə çevrilə biləcək”.
Gia Nodia yekunlaşdırır: “Etirazlar olacaq, lakin mən hər hansı təsirli siyasi nəticələrə gətirib çıxaracaq miqyaslı etirazlar gözləmirəm”. (BBC)