Gözünü kor etmişdilər, indi də ölüm cəzası kəsilib
05 Sentyabr 2026
2022-ci il etirazlarında yaralanmış etirazçıya indi də İranda ölüm cəzası kəsilib. Məlumatı onun dostları və hüquq müdafiə təşkilatları yayıblar.
Tehran İnqilab Məhkəməsi Kərəcdəki Qızılhisar həbsxanasında saxlanılan Əli Zareyiyi "yer üzündə fəsad törətmək" ittihamı ilə ölüm cəzasına məhkum edib. Bunu ABŞ-də yerləşən İranın HRANA hüquq müdafiə təşkilatı bildirir.
Zareyi 2022-ci ildə "Qadın, Həyat, Azadlıq" etirazları zamanı yaralandıqdan sonra ölkəni tərk etmişdi. O, Almaniyadan İrana qayıdandan sonra bu ilin aprelində saxlanılıb.
Məhkəmə qərarı avqustun 23-də Zareyiyə təqdim olunub. O, genişmiqyaslı siyasi fəaliyyət göstərməkdə, zərərçəkmiş şəxslər barədə saxta sənədlər hazırlamaqda, yalan xəbərlər yaymaqda və rejim əleyhinə təbliğatda ittiham olunur.
Əvvəllər də qayıtmaq istəyibmiş
Zareyinin İrana qayıtmaq qərarı Almaniyadakı tanışlarını təəccübləndirmişdi. Axı onun 2022-ci il etirazları zamanı yaşadıqları yaddan çıxmamışdı, qayıdınca üzləşə biləcəyi təhlükələri də gözə alırdılar.
Almaniyada Zareyi ilə təxminən bir ay birlikdə yaşamış iranlı jurnalist və fəal Pərviz Yari AzadlıqRadiosunun fars xidmətinə danışıb ki, Zareyi əvvəllər də qayıtmaq istəyibmiş, ancaq Yari onu təhlükələr barədə xəbərdar edəndə fikrini dəyişib. "O, bir dost, məsləhətçi kimi mənə bu barədə danışdı. Durumu ona izah etdim, reaksiyam bir qədər sərt oldu və o, fikrini dəyişdi", – Yari deyib.
Ancaq Zareyi sonucda Yariyə demədən qayıtmaq qərarına gəlib.
O, qərarını qismən yanvar etirazlarından sonra İran müxalifətinin bəzi tərəfdarları arasındakı ab-hava ilə əlaqələndirib. Yarinin sözlərinə görə, mühacirətdəki monarxist dairələr İranda siyasi dəyişikliyin qaçılmaz olduğu təəssüratını yaradıb: "Bu hərəkat həmin günlərdə mühacirətdəki siyasi fəallarda İrandakı vəziyyətlə bağlı fərqli bir təsəvvür yaratmışdı: guya İslam Respublikası dağılmaq ərəfəsindədir, qatar stansiyadan çıxıb və sadəcə ona minmək lazımdır".
Pəhləviyə dəstək mitinqində çıxış edib
Hakimiyyət 2022-ci il etirazlarını qəddarcasına yatıranda Zareyi sağ gözündən vurularaq kor edilib, bundan sonra Almaniyaya gedib. Yarinin sözlərinə görə, Zareyi özünü monarxist kimi təqdim edib, ancaq heç bir siyasi partiya və ya təşkilatla rəsmi əlaqəsi olmayıb.
Zareyi İran müxalifəti tərəfdarlarının toplantılarına, mühacirətdə yaşayan keçmiş vəliəhd şahzadə Rza Pəhləviyə dəstək tədbirlərinə qatılıb. O, bu ilin fevralında Münhendə etiraz aksiyasında çıxış edib.
"1979-cu il inqilabı başa çatıb!", – Zareyi izdiham qarşısındakı emosional çıxışında səslənib. Almaniya polisi həmin aksiyada 250 min nəfərin iştirak etdiyini bildirir.
Yarinin sözlərinə görə, Zareyi Almaniyada restoranda iş tapıb, idman zalına yazılıb, alman dilini öyrənməyə çalışıb. Bu il İrandakı etirazların zorakılıqla yatırılması ona ciddi təsir göstəribmiş.
Hüquq müdafiə təşkilatları 6 mindən çox insanın öldürüldüyünü sənədləşdiriblər. Bəzi hesablamalara görə, ölənlərin sayı on minlərlədir.
Yarinin sözlərinə görə, bu görünməmiş zorakılıq hamı üçün kollektiv travma yaradıb: "Məncə, mühacirətdə belə bir travmaya dözmək bir qədər daha çətindir".
Zareyinin həm ailəsi, həm də vəkili ilə əlaqələrinə məhdudiyyət qoyulub; onun işi barədə hazırda çox az məlumat var.
Ölüm hökmündən apellyasiya şikayəti verilə bilər.
Hüquq müdafiə təşkilatları bu il siyasi motivli 50-yə yaxın edam faktını sənədləşdiriblər.