Gələn ilin büdcə layihəsi - "sosialyönümlü' deyən də var, maaşdsn şikayət edən də
20 Sentyabr 2024
Gələn ilin büdcəsində gəlirlər arta, xərclər azala bilər.
Artıq Maliyyə Nazirliyi 2025-ci il dövlət büdcəsi layihəsini dərc edib. Orada gəlirlər 36 milyard 616 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 228 milyon manat və yaxud 0.6 faiz çoxdur.
Layihəyə görə, növbəti ildə dövlət büdcəsinin xərclərində isə 2024-cü ilin proqnozu ilə müqayisədə 74.7 milyon manat (0.2 faiz) azalma var. Xərclər 39 milyard 667.6 milyon manat proqnozlaşdırılır.
Sənəddə 2025-ci ildə xam neftin bir barelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb. Bu da 2024-cü ilin büdcəsində eyni göstəricidən 5 dollar azdır. Son günlər Azərbaycan neftinin bir bareli 75 dollar civarında dəyişir.
Büdcə layihəsinə əsasən, 2025-ci ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri 6 milyard 658.3 milyon manat nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 6.6 faiz azdır.
Təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin artırılması nəzərdə tutulur.
Milli Məclisin VI çağırış deputatı Məlahət İbrahimqızı Turana bildirib ki, qarşıdakı ilin büdcəsi yeni tərkib parlamentin payız sessiyasında müzakirə olunacaq: "Azərbaycan uzun illərdir torpaqlarının işğaldan azad edilməsi üçün güclü ordu quruculuğu ilə məşğul idi. Əsas prioritetlərdən biri da bu olub. Nəticədə iqtisadi cəhətdən güclü dövlət və güclü ordu, Ali Baş Komandan sayəsində 44 günlük müharibə qələbəmizlə bitdi".
M.İbrahimqızı vurğulayır ki, Azərbaycan dövlət büdcəsinin əsas istiqamətləri həmişə müdafiə, təhsil və sosial müdafiə xərcləri olub: "Artıq 2020-ci ildə müharibə bitib, ərazi bütövlüyümüzü bərpa etmişik. Amma bu dörd il ərzində də cənab prezident Azərbaycan ordusu üçün dünyanın ən müasir silahlarının alınmasını təmin edib. Artıq biz müharibə əhval-ruhiyyəsində deyilik. Ordumuz tam qurulub, onun təchizatı, idarəsi NATO standartlarına gətirilir".
Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən, gələn il büdcə tam sosial rifaha, Azərbaycan xalqının rifahının güclənməsinə yönəlik olacaq: "Onsuz da bizdə həmişə büdcənin əsas prioritetlərdən biri sosial istiqamət olub. Bu baxımından, gələn ilin büdcəsini "tam sosialyönümlü büdcə" adlandırmaq olar".
İqtisadçı Natiq Cəfərli məsələyə bir qədər fərqli yanaşır. O, AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda əməkhaqqı, təqaüd tipli xərclərin olduğu sənədi "sosialyönümlü büdcə" adlandırırlar. Onun vurğulamasına görə, bununla da Azərbaycan büdcəsinin 40 faizdən çoxunun sosial layihələrə xərcləndiyini deyirlər: "Bu, bir az beynəlxalq standartlardan kənardır, çünki dünyanın inkişaf etmiş ölkələrinin də büdcəsinin 40 faizi sosialyönümlü xərclərə nəzərdə tutulur. Azərbaycan da bu standartlara cavab versə də, təsnifatda problem var. Maaş, təqaüd dövlətin öhdəliyidir və sosial xərc anlamına gəlmir".
İqtisadçı deyir ki, sosial infrastruktur xərcləri daha çox sosial xərclər kimi dəyərləndirilməlidir: "Ona görə də Azərbaycanda təsnifatın, sosial xərclər anlayışının dəyişməsinə ehtiyac var. Daha çox sosial infrastrukturun yaradılmasına, kitabxanaların, yol infrastrukturundan tutmuş, insanların iş və həyat şəraitini yaxşılaşdıracaq sosial layihələrə qədər xərclər sosial xərclər sayılmalıdır".
N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda dövlət büdcəsinin 40 faizi sosial ödənişlərə xərclənsə də, büdcə kifayət qədər kiçik olduğundan maaş və təqaüdlərin məbləği də çox azdır.